Bakı, 7 fevral, AZƏRTAC
Fevralın 7-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) XXII Qlobal Bakı Forumuna həsr olunmuş rəsmi qəbul keçirib.
AZƏRTAC xəbər verir ki, qəbulda dünya ölkələrinin Azərbaycandakı diplomatik nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Tədbirin açılışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov çıxış edərək, bu il martın 13-15-də keçiriləcək XII Qlobal Bakı Forumu haqqında ətraflı məlumat verib. O, Forumun əsas mövzularından, qlobal çağırışlar fonunda aparılacaq müzakirələrdən və dünyanın müxtəlif ölkələrindən gələcək ali səviyyəli qonaqlardan bəhs edib.
COP29-un iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Forumun əsas mövzularından biri olan iqlim dəyişikliyi və onun qlobal təsirləri barədə danışıb, Azərbaycanın bu sahədə gördüyü işləri vurğulayıb. O, Xəzər dənizinin dünyanın ən böyük gölü olduğunu, 1800-dən çox heyvan növünü və planetin göl sularının 40 faizdən çoxunu özündə cəmləşdirdiyini, lakin hazırda onun ekoloji vəziyyətinin təcili müdaxilə tələb etdiyini bildirib. Nigar Arpadarai, həmçinin milyonlarla balığın Xəzər dənizinə buraxıldığını və su israfının qarşısını almaq üçün yeni layihələrin həyata keçirildiyini qeyd edib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva çıxışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq dialoq və sülh təşəbbüslərindəki rolunu yüksək qiymətləndirib, BMT-nin qlobal məsələlərə yanaşmasını vurğulayaraq deyib: “Biz çoxtərəfliliyin əhəmiyyətini, qlobal çağırışların həmrəylik şəraitində həllinin vacibliyini başa düşürük. Bugünkü müzakirələr bizə xatırlatmadır ki, qlobal geosiyasət dəyişməyə davam etdikcə, hamımızın saxlamalı olduğumuz prinsiplər var və biz onları qorumalıyıq. Hər şeydən əvvəl insan həmrəyliyinin, beynəlxalq hüquqa hörmətin vacibliyini qeyd etmək lazımdır".
Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya iki ölkə arasındakı münasibətlərin inkişafına toxunaraq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq əməkdaşlığa verdiyi töhfələri qeyd edib.
Tədbir XII Qlobal Bakı Forumunun təbliğat videosunun nümayişi ilə başa çatıb.
Videoçarxda dünyanın müxtəlif ölkələrindən ekspertlərin, siyasətçilərin və beynəlxalq təşkilat rəhbərlərinin Forumun əhəmiyyətinə dair fikirləri yer alıb.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 2025-ci ilin martın 13-15-də Bakı şəhərində “Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” (“Rethınkıng World Order: Turnıng Challenges Into Opportunıtıes”) mövzusunda keçiriləcək. Tədbirdə müxtəlif ölkələrdən 300-dən çox xarici qonağın iştirakı nəzərdə tutulur.