EN

Antonio Konte və Frank Anqissa - Yanvarın ən yaxşıları!

“Napoli”nin baş məşqçisi, italyan mütəxəssis Antonio Konte İtaliya A Seriyasında yanvar ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

“Napoli”nin futbolçusu Andre-Frank Zambo Anqissa isə ötən ayın ən yaxşı oyunçusu elan edilib.

Ötən ay neapollular ölkə çempionatında keçirdikləri 4 oyunun hamısından qalib ayrılıblar. Neapol təmsilçisi səfərdə “Fiorentina”ya (3:0), “Atalanta”ya (3:2), evdə isə “Verona”ya (2:0) və “Yuventus”a (2:1) qalib gəlib. Anqissa isə bu oyunlarda 2 qol və 3 məhsuldar ötürmə ilə əsas pay sahiblərindən biri olub.

Qeyd edək ki, “Napoli” A Seriyasında 23 matçdan sonra 54 xalla birinci sırada qərarlaşıblar.

Antonio Konte 2024-cü ilin iyun ayından “Napoli”yə rəhbərlik edir. İtalyan mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalamış “Napoli”, italyan mütəxəssisin qarşısına komandanı rəqabətəqadir, iddialı kollektivə çevirmək tapşırığı qoyub. 55 yaşlı əzmkar Konte isə bu yükün altına inamla çiyin verib.

Rəhbərliyi müddətində Konte “Napoli”ni 26 oyuna çıxarıb, 19 qələbə, 3 heç-heçə, 4 məğlubiyyət yaşayıb. “Napoli”nin top fərqi isə 48:22 nisbətindədir.

Konte daha öncə “Tottenhem”, “İnter”, “Çelsi”, “Yuventus”, “Syena”, “Atalanta”, “Bari”, “Aresso” kimi komandalara, həmçinin İtaliya yığmasına rəhbərlik edib.

Konte bu mövsüm ikinci dəfədir A Seriyasında ayın ən yaxşısı seçilir. O, 2024-cü ilin sentyabrında da ən yaxşı olmuşdu.

2024/2025 mövsümünün əvvəlki aylarında ayın ən yaxşısı seçilmiş məşqçilərin siyahısı isə belədir:

Avqust 2024 – Paolo Vanoli Daversa (“Torino”)
Sentyabr 2024 – Antonio Konti (“Napoli”)
Oktyabr 2024 – Marko Baroni (“Latsio”)
Noyabr 2024 – Can Pyero Qasperini (“Atalanta”)
Dekabr 2024 – Simone İnzaqi (“İnter”)

Anqissanın ilk uğuru

Andre-Frank Zambo Anqissa isə 2021-ci ildən “Napoli”nin uğurları üçün çalışır. O, Neapol klubunun heyətində 141 oyunda, 10 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi karyerası ərzində “Olimpik” (Marsel), “Fulhem”, “Vilyarreal”, “Reyms” kimi klublarda da çıxış edib. O, 2017-ci ilin martında debüt etdiyi Kamerun yığmasında 60 oyuna 5 qol vurub.

Anqissa karyerasında ilk dəfə A Seriyasının ən yaxşı oyunçusu seçilir.

Bu mövsüm A Seriyasında ayın ən yaxşısı seçilmiş futbolçuların siyahısı belədir:

Avqust 2024 – Markus Türam (“İnter”)
Sentyabr 2024 – Xviça Kvaratsxeliya (“Napoli”)
Oktyabr 2024 – Mateo Reteqi (“Atalanta”)
Noyabr 2024 – Moyze Kin (“Fiorentina”)
Dekabr 2024 – Paulo Dibala (“Roma”)

Chosen
76
3
arena.az

10Sources