EN

Qramofonla başlayan musiqi sevgisi

1948-ci ildə Türkiyə parlamenti bu iki uşağı dövlət təqaüdü ilə Paris konservatoriyasına göndərmək üçün xüsusi qanun qəbul etmişdi. İsmət İnönü incəsənəti, klassik Qərb musiqisini sevərdi. Ankara operasının müntəzəm izləyicisi idi. Hətta yaşlanıb qulağı ağır eşidəndə, səsgücləndiricisi olan xüsusi kreslo düzəldimişdi onun üçün.

Osmanlıda doğulmuş, formalaşma dövrü hərbi kazarmalarda və cəbhələrdə keçmiş, Avropada yaşamamış bir adamda bu musiqi həvəsi necə yaranıb? Cümhuriyyətin “ikinci adam”ı İsmət İnönü xatirələrində buna aydınlıq gətirir.

“Həyatımın təqribən üç ili Yəməndə keçdi. Qərb musiqisi zövqünə orada alışdım. Yəməndə dəmiryolu tikən fransızlar ölkələrinə dönərkən əşyalarını satmışdılar. Bunların arasında bir qrammofonu, bir xeyli valları Hudeydə komandanı alaraq ordu qərargahına göndərmişdi. Yəməndə dərin musiqi tələbatımız vardı. Qrammofon bizə göydəndüşmə nemət kimi gəlirdi. Axşamüstü yatdığımız evə gələn vaxt qrammofon üstünə cumardıq. Valları təcrübə edərdik. Eşitmədiyimiz, bilmədiyimiz parçaların gurultusuna dözməyərək dayandırardıq. Ertəsi gün axşam təcrübəmiz davam edərdi. O valları dinləməyə hövsələ etməyimiz uzun vaxt aldı. Yavaş-yavaş alışdıq. Qərb musiqisi tərbiyəsi mənim həyatıma beləcə girdi”.

İsmət İnönü Yəməndən qayıdandan sonra məzuniyyət götürərək dostu Kazım Qarabəkirlə Avropa səyahətinə çıxır və xatirələrində bundan da bəhs edir.

“Çox yer görməyə çalışırdıq. Vyana, Münhen, Berlin, Paris və İsveçrəni gəzdik. Hər yerdə qalmaq və səyahət məsrəfi qənaətli olur, fəqət mümkün olduqca hər yeri gəzirdik. Öncə Vyanaya getdik. Bir neçə gün müstəsna teatrını, muzeylərini dolaşdıq. Şenbrun sarayını o zamandan bəri bir daha görmədim. Möhtəşəm bir xatirə kimi ağlımda qalıb.

Münhendə bir elm muzeyi vardı. Elmi icadların nümunələri, ilk gündən bəri baş verən yeniliklər göstərilirdi. Məsələn, lokomotivin ilk nümunəsi ilə yanaşı bu günə qədər keçdiyi bütün nümunələr göstərilirdi. Telefon, fonoqraf, elektrik alətləri də eləcə. Bu muzey bir məhəlləni əhatə edirdi.

Münhenin ictimai həyatının üzərimdə yaratdığı daimi təsir – qadınların o zamana qədər bilmədiyim ölçüdə çalışmaları oldu. Cəmiyyətin hər xidmətində qadınlar yer alırdılar. 7-8 milyonluq Bavariya qadın-kişi bütün əhalisi ilə 15 milyonluq cəmiyyətin məhsulunu verirdi. “Bizim qadınların ictimai həyatdan uzaq olmaları milli gücümüzü yarı-yarıya azaldır” sözünün mənasını ilk dəfə Münhendə qavradım.

Berlini yaxşıca gəzdik. Təbii, ən əhəmiyyətli işimiz operaya getmək oldu. O nə diqqətli, nə təlaşlı şeydir operaya getmək. Vaqnerin bir operasını oynayırdılar. “Biz bunları Yəməndən bilirik” deyib öyünürdüm. Bununla belə, ilk tamaşada uzun səhnələrdən yorulmuşdum. Nəhayət, son səhnə gəldi. Qapıdan içəri girən aktyor oxumağa başladı və qənaətimə görə, yürüyüb səhnənin sonuna çatanda tamaşa bitəcəkdi. Aktyor yüksək səslə rolunu oynayaraq səhnənin ortasına qədər gəldi və pərdə düşdü. Amma qapıdan səhnənin ortasına gələnə qədər yarım saatdan çox vaxt keçmişdi. Canımızı zorla çölə atdıq.

Berlindən Parisə getdik. Əli Fuad Ərdənlə Parisi məşhur muzeyləri, ormanları və meydanları ilə tanımağa başladım. Luvr muzeyində duyduğum heyranlığı indi də hiss edirəm. Möhtəşəm salonlar bəşər tarixinin bənzərsiz əsərlərini onlardan faydalanmaq istəyən gözlərə nümayiş etdirirdi.

Lüserndə keçirdiyim üç-dörd gün gəncliyimin bəxtiyarlıq səhnəsi kimi hafizəmdə qalıb. Təmiz və gözəl kiçik şəhər, orman yolları çox xoşuma gəlmişdi. Şəhərdə və dağda pansionda qalırdım, tabldotlarda Balzakın örnəklərini xatırladan cəmiyyətlər içində olurdum.

Həyatımın ən uzun Avropa səyahətinin qısa hekayəsi budur. Gülünc deyəcək qədər məhdud şərtlər və imkanlar çərçivəsində cərəyan edən bu gəzinti məndə sanki çoxdan tanıdığım yerlərdə olmuşam kimi inanılmaz təəssürat yaratdı, amma, təbii, çox faydalı oldu. Bundan sonrakı Avropa səyahətim 8 il sonra Lozannaya getmək oldu.

İlk səyahətimdə zövq olaraq hər yerdə aradığım muzeylər, operalar idi. Musiqi tərbiyəmi Yəmən məktəbindən sonra 1914-cü ildə Avropada tamamlamış olduğumu söyləməkdən xoşlanırdım”.

Chosen
90
vaxt.az

1Sources