EN

Paşinyan ABŞ-a niyə getmişdi və nə ilə qayıtdı?

Nikol Paşinyanın ABŞ-a səfəri ona Vaşinqtonun İrəvanla bağlı siyasətinin necə olacağı sualına cavab vermədi.

Publika.az xəbər verir ki, bu fikirləri “Sputnik Ermənistan”a açıqlamasında politoloq və Erməni Amerika Araşdırmaları Mərkəzinin direktoru Suren Sarkisyan Ermənistanın baş nazirinin Amerikaya təxminən 7 günlük səfərini şərh edərkən bildirib.

Paşinyan Vaşinqtonda keçirilən Beynəlxalq Dini Azadlıq Sammitində iştirak edib, burada erməni nümayəndə heyəti masa arxasında deyil, qonaqlar üçün ayrıca cərgədə əyləşib. Baş nazir həmçinin ABŞ səfirliyində erməni icması ilə görüşüb, Atlantik Şurada çıxış edib və “Ermənistanı xilas et” təşkilatının rəhbərliyi ilə görüş keçirib. Geri qayıtmazdan bir gün əvvəl onu vitse-prezident J.D.Vens qəbul edib.

Sarkisyanın fikrincə, Ağ Evdə yeni komandanı və yanvarda imzalanmış strateji əməkdaşlıq sənədini nəzərə alsaq, Ermənistanın informasiya və siyasi mühitində müəyyən müsbət gözləntilər ola bilərdi. Lakin rəsmi şəxslərdən yalnız vitse-prezident Paşinyanla görüşüb. Eyni zamanda, vitse-prezident institutu siyasi iyerarxiyada o qədər də nüfuzlu deyil, xarici siyasət məsələlərində onun preroqativləri yoxdur. Ekspert deyir ki, görüşün özü də çox güman ki, 5-7 dəqiqə davam edib və sırf tanışlıq xarakterli olub.

"Anlamaq lazımdır ki, vitse-prezidentin xüsusi səlahiyyətləri yoxdur və o, sadəcə olaraq prezidentin göstərişlərini yerinə yetirir. Ermənistanın baş naziri heç bir qərar qəbul edən şəxslə görüşməyib. O, nə prezident Trampla, nə dövlət katibi Rubio ilə, nə müdafiə naziri ilə, nə də prezidentin milli təhlükəsizlik müşaviri ilə görüşüb. Onlar ABŞ-ın xarici siyasətinin nədən ibarət olacağını müəyyənləşdirən rəsmilərdir. Ona görə də, ABŞ-ın xarici siyasətinin nə olacağı ilə bağlı sual Paşinyan üçün açıq qalır”, - ekspert bildirib.

Vaşinqtondakı yeni administrasiyanın Bayden dövründə Ermənistan hakimiyyətinə verilən eyni siyasi dəstəyi davam etdirib-etdirməyəcəyi də bəlli deyil.

Chosen
57
5
publika.az

6Sources