EN

PSJ-dən Əşrəf Hakimi, Vitinya və Nuno Mendeslə yeni müqavilə

Fransa çempionu PSJ üç aparıcı futbolçusu – Əşrəf Hakimi, Vitinya və Nuno Mendeslə müqavilələrin müddətini uzadıb.

Arena.az bu barədə Paris klubunun rəsmi saytına istinadən xəbər verir.

Hər üç futbolçu ilə yeni müqavilənin müddəti 2029-cu ilin 30 iyununadək nəzərdə tutulub. Klub bununla bağlı ötən gecə keçirilmiş “Monako” ilə Liqa 1 matçından öncə təqdimat mərasimi təşkil edib. Mərasimdə komandanın baş məşqçisi Luis Enrike də iştirak edib. Hansı ki, ispaniyalı mütəxəssislə də bu il başa çatmalı olan müqavilənin müddəti 2027-ci ilin 30 iyununadək uzadılıb.

PSJ üç gənc futbolçusu – Naufel Əl-Hannax, İbrahim Mbaye və Yoram Zaqe ilə də yeni müqavilə imzalandığını açıqlayıb. Yeni müqaviləyə əsasən Mbaye ilə Əl-Hannax 2027-ci, Zaqe isə 2028-ci ilin 30 iyununadək Paris klubunun sıralarında olacaq.

Əşrəf Hakimi Madrid “Real”ının yetirməsidir. Dortmund “Borussiya”sı və Milan “İnter”ində də oynamış futbolçu 2021-ci ilin yayında 68 milyon avro müqabilində PSJ-yə gəlib. 26 yaşlı sağ cinah müdafiəçisi indiyə qədər Paris klubunun heyətində 147 oyun keçirib, 17 qol və 27 məhsuldar ötürmə müəllifi olub. 2016-cı ilin oktyabr ayında Mərakeş yığmasında debüt etmiş müdafiəçi meydana çıxdığı 82 oyunda 10 qol vurub, 12 məhsuldar ötürmə verib.

Vitinya peşəkar karyerasına “Portu”da başlayıb. İngiltərənin “Vulverhempton” klubunda da oynamış 24 yaşlı portuqaliyalı futbolçu PSJ-yə 2022-ci ilin iyulunda 41,5 milyon avro müqabilində keçib. Yarımmüdafiəçi Paris klubunun heyətində 124 oyuna 15 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.

Sol cinah müdafiəçisi olan Nuno Mendes isə Lissabon “Sportinq”inin yetirməsidir. PSJ daha öncə icarəyə götürdüyü portuqal futbolçunu 2022-ci ilin yayında 38 milyon avroya birdəfəlik transfer edib. 22 yaşlı futbolçu Fransa nəhənginin heyətində 108 oyuna çıxıb, 4 qol vurub, 15 assistlə yadda qalıb.

Chosen
74
arena.az

1Sources