EN

Maksim Bernauer “Sent Etyen”də

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun mərkəz müdafiəçisi Maksim Bernauer bundan sonra “Sent Etyen”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən xəbər verir.

Liqa 1 təmsilçisi 26 yaşlı fransalı futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.

Maksim Bernauer peşəkar karyerasına “Renn”də başlayıb. “Konkarno”, “Le Man”, “Paris” kimi klublarda da çıxış etmiş sağ cinah müdafiəçisi 2023-cü ildən “Dinamo”nun uğurları üçün çalışırdı. O, Zaqreb təmsilçisinin heyətində 43 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi vaxtilə Fransanın U-16 və U-17 yığmalarında da oynayıb.

“Sent Etyen”də iki ayrılıq da qeydə alınıb. Fransalı sağ vinger Matye Kafaro Liqa 1 klubundan birdəfəlik ayrılaraq “Paris”ə keçib. 27 yaşlı futbolçu yeni klubu ilə 2027-ci ilin 30 iyununadək anlaşıb.

Matye Kafaro “Tuluza”nın yetirməsidir. “Reyms”, “Standard” (Lyej) kimi klublarda da oynamış futbolçu 2022-ci ildən “Sent Etyen”də çıxış edirdi. O, bu klubun heyətində 87 oyuna 10 qol vurub, 15 məhsuldar ötürmə edib.

“Sent Etyen” digər sağ vingeri, gənc Ayman Aikini də “Bastiya”ya icarəyə verib. 19 yaşlı fransalı futbolçu cari mövsümün sonunadək bu klubda icarədə olacaq.

Ayman Aiki “Sent-Etyen” klubunun öz yetirməsidir. O, bu klubun əsas komandasında cəmi 13 oyuna çıxıb, 1 qol vurub. Gənc futbolçu Fransanın U-17, U-18 və U-19 yığma komandalarında da oynayıb.

Chosen
92
arena.az

1Sources