EN

Kütləvi zəhərlənmə olduğu deyilən bağçanın müdiri polisə müraciət etdi - ARAŞDIRMA başladı

"Esmanur" Tədris İnkişaf Mərkəzinin rəhbəri İlahə Xuduqızının Abşeron Rayon Polis İdarəsinə müraciəti daxil olub.

Bu barədə hakimiyyet.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov bildirib.

E.İbrahimov əlavə edib ki, məsələyə hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

13:09

Sosial şəbəkələrin "Facebook" seqmentində bəzi valideynlər Abşeron rayonu, Masazır kəndində yerləşən "Esmanur" özəl uşaq bağçasında 4 gün öncə kütləvi zəhərlənmə hadisəsinin olduğunu iddia ediblər.

Valideynlərin sözlərinə görə, rəhbərlik zəhərlənmənin tortdan olduğunu bildirib, lakin tort yeməyən uşaqlar da zəhərləniblər.

hakimiyyet.az-ın əməkdaşı məsələ ilə bağlı məlumat almaq üçün "Esmanur" Tədris İnkişaf Mərkəzinin rəhbəri İlahə Xuduqızı ilə əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında bildirib ki, bu məlumatları yayan tanınmış bloqerdir.

Əməkdaşımız sözügedən bloqerin kimliyini soruşsa da, "Esmanur" Tədris İnkişaf Mərkəzinin rəhbəri israrla bloqerin adını demək istəmədiyini bildirib.

İ.Xuduqızı qeyd edib ki, bloqer ondan iki min manat tələb edib, lakin pulu ala bilmədiyi üçün sosial media hesablarında bağça ilə bağlı şikayət xarakterli məlumat yayıb:

"Onun məndən iki min manat tələb etməsinin sübutları da var. Bu məsələ ilə bağlı Abşeron Rayon Polis İdarəsinə və Abşeron Rayon Məhkəməsinə müraciət etmişəm. Şər-böhtan xarakterli paylaşım edib. İşgüzar nüfuzuma xələl gətirib.

Həmin şəxsin uşağı yediklərini qaytardığı üçün həkimə aparıb, özü isə iddia edir ki, övladı zəhərlənib. Mən də deyirəm ki, sənin uşağın qripə yoluxub. Zəhərlənmə ilə bağlı əlində həkim rəyi yoxdur. Uşaqlarımız zəhərlənsə, bu, kütləvi halda olar. Sadəcə, şər atır ki, qorxum, çəkinim, ona pul verim".

Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə sorğu verilib.

Məhərrəm Əliyev

Chosen
36
11
hakimiyyet.az

10Sources