EN

Florinel Koman “Kalyari”də

Qətərin “Əl-Qarafa” klubunun rumıniyalı sol vingeri Florinel Koman bundan sonra “Kalyari”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

A Seriyası təmsilçisi 26 yaşlı futbolçunu cari mövsümün sonuna qədər icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Florinel Koman Georgi Haci akademiyasının yetirməsidir. O, peşəkar karyerasına “Vitorul Konstanta” klubunda başlayıb. “Styaua”da da oynamış rumın vinger “Əl-Qarafa”ya 2024-cü ilin iyulunda 5,25 milyon avro müqabilində keçmişdi. O, Qətər klubunda 19 oyuna çıxıb, 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Komanın sözügedən klubla 2027-ci ilin 30 iyununa kimi müqaviləsi var.

Rumıniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Florinel Koman 2019-cu ilin oktyabrında əsas millidə debüt edib. O, Rumıniya milli komandasının heyətində meydana çıxdığı 20 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

“Kalyari” də iki futbolçusu ilə yollarını ayırıb. İtaliyalı hücumçu Canluka Lapadula “Spetsiya”ya keçib. 35 yaşlı futbolçu yeni klubuna azad agent kimi qoşulub və 2026-cı ilin 30 iyununadək nəzərdə tutulmuş müqaviləyə imza atıb. Polşalı mərkəz müdafiəçisi Mateuş Veteska isə Yunanıstan klubu PAOK-a icarəyə verilib. 27 yaşlı futbolçu bu mövsümün sonunadək icarədə olacaq.

Canluka Lapadula 2022-ci ilin iyulunda qoşulduğu “Kalyari”də 82 oyuna çıxıb, 31 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Mateuş Veteska isə “Kalyari”yə 2023-cü ilin avqustunda 5 milyon avro müqabilində cəlb olunub. O, İtaliya klubunda 28 oyuna 2 assistlə yadda qalıb.

Chosen
75
arena.az

1Sources