EN

Tale adamı, Zəngəzur adamı: Musa Urud! - Taleh Şahsuvarlı yazır

İçimdən keçdi birdən-birə...

Musa Uruda bir məktub yazmaq istədim.

Bəlkə də ad eyniliyindən oldu, bilmirəm, yadıma unudulmaz Məmməd Arazın Musa Yaquba xitabən misraları düşdü, böyük ustadların ruhuna böyük sayğılarla onu improvizə edərək təqdim edəcəm:

Musa Urud, gözü yolda Sisyanın,
Gözlərinin qara yaşı göyərdi.
Göyərmədi istədiyi bircə dən,
Salvartının qara daşı göyərdi.

Bir ömür var qarşımda, həzin-həzin vərəqləyirəm.

Urud ömrüdur o, bizim Musa müəllimin ömrü.

İllərlə görüşməsək də dostumdur, yoldaşım, qardaşım, ağsaqqallımdır.

Yanlış anlamayın, onun məndən, mənim ondan keçəcək bir işim yox.

Ayda-ildə zəngələşərik, zəngləşmərik...

Hə, bir qonaqlıq söz verib, mənə və sirdaşım Comərdli Kərimə, əziz sirdaşıma.

Adamın üstündə Allah var, hər dəfə arayanda təklifini yada salır, intəhası, mən də, Kərim də nə qədər arzulasaq da, həm getməyə macal tapmırıq, həm də düzü, bir az qıymırıq.

Bu qədər səmimi, bu qədər içdən, bəlkə oxuculara deyilməyəcək səmimiyyəti ifadə etdim.

Olsun!- bu da mənim günahım olsun!

Amma, bilərəkdən girirəm bu günaha.

Zəngəzurun Comərdli kəndində ocağına şəstlə girəcəyim adam Kərim, Ərəfsədə "CXP-li" dediyimiz Fariz, Urudda qapısını ürəklə döyəcəyim insan Musa müəllimdir.

Məsələn, eyni ərklə yanaşdığım Göyçədə əziz müəllimim Sahib Alıyev, uğurlarına özümdən daha çox sevindiyim lisey yoldaşım, deputat Rizvan Nəbiyev, görüşmədiyimiz sənələrin aramıza sərinlik qata bilmədiyi Rizvan Hacıyev.. Və əlbəttə abim Mürvət Həsənlidir...

Qərbi Azərbaycandan hədsiz sayda çox dostlarım var, çox...

Çoxu həmkarımdır deyə, adını çəkmirəm, birdən kimisə unudaram, incəyərlər...

Hə, Qarabağ işğaldan azad olunandan bəri mən də özümü “Qərbi Azərbaycanlı” elan etmişəm, hesab edirəm ki, düz də etmişəm, amma bu başqa məsələ- hələ Güney Azərbaycanlı, Kərküklü də olacam!

"Başqa məsələ" deyəndə, bir az çəmini, yolunu-yöntəmini tapıb bu məsələnin də axırına çıxmaq üçün riskə getməliyik. Sərhədlərimiz çox süni, tarixi və hüquqi vətənimiz rus işğalı nəticəsində çox əndrabadidir.

Gəlirəm mətləbə, özü də karandaşlar göyərməmiş.

Bizim, bütün cəmiyyətimizin Zəngəzur ruhunu diri saxlayan insanlar arasında əlimizi tuşlaya biləcəyimiz adamdır Musa Urud.

İnsan kimi...

Ziyalı kimi...

Ədib kimi...

Deputat kimi...

Ulu Öndər Heydər Əliyevin siyasi irsini yorulmadan, usanmadan təbliğ edən bir ictimai-siyasi xadim kimi...

Salvartının qara daşı çoxdan göyəribsə, bizim ruhumuzun bundan çox göyərməsinə nə hacət?

Qərbi Zəngəzura gedəcəyik, mütləq və mütləq gedəcəyik.

Gedəndə mütləq birinci Musa müəllimin qapısını döyəcəyik, evində çörək kəsəcəyik.

O xalça, Musa Urudun dədə evindəki o xalça, üzərindən Qarabağda cəhənnəmə vasil olmuş erməninin şəkli asılmış o xalça yenə divardan asılı olacaqmı?

Chosen
44
aznews.az

1Sources