EN

Aşırı borclanmamaq üçün kredit kartlarından necə istifadə edək?

Azərbaycanda kredit kartlarından istifadə ilə bağlı rekord artım qeydə alınıb. Mütəxəssislərin fikrincə, bu məsələ gələcəkdə böyük risklərə səbəb ola bilər. Bu səbəbdən, vətəndaşlar həmin vəsaitdən ehtiyatlı istifadə etməlidirlər.

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi yeddi milyard 890 milyon manat təşkil edib. Bu göstəricinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 40.7 faiz və ya 2 milyard 282 milyon manat artıb. Ölkəmizdə kredit kartlarının sayının, həmçinin onlar vasitəsilə xərcləmələrin həcminin sürətlə artması hansısa risklər yaradırmı? Qonşu ölkələrdə vaxtilə yaşanan problemlərin bizdə də təkrarlanması təhlükəsi varmı?

Publika.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Daha çox borclanmalar kredit kartları üzrədir"

Maliyyə və bank məsələləri üzrə ekspert Elman Sadıqovun sözlərinə görə, insanları kredit kartlarına yönəldən səbəblər var: "Artımın səbəblərindən biri bonus və hissəli ödəniş imkanlarının genişlənməsi, həmçinin populyarlaşmasıdır. Hissəli ödədikdə məbləğ insanların gözünə böyük görünmür, hansı ki, bu da əməliyyatları artıran səbəblərdəndir. POS-terminallar da artır, kartdan-karta ödənişlərlə bağlı görülən işlər də təsir edir. Həmçinin ölkəmizdə də onlayn satış platformaları yaradılır və sayları artır. Kommunal xidmətlərin də artıq asanlıqla kart vasitəsilə onlayn şəkildə ödənilə bilməsi mümkündür. Bu da kredit kartlarının daha çox istifadə olunmasına şərait yaradır. Dünya üzrə daha çox borclanmalar kredit kartları üzrədir". Ekspertin fikrincə, kredit kartlarından istifadədə maksimum ehtiyatlı olmaq lazımdır: "Çünki vətəndaşlar kartla pul xərclədikləri zaman bunun fərqində olmurlar. Sonradan krediti ödəmək zamanı çətinlik çəkirlər. Bir neçə kredit kartından eyni anda xərcləmə edən insanlar da var".

Kartdan ağıllı istifadə edin

E.Sadıqovun fikrincə, bu amil makroiqtisadi cəhətdən riskli olmasa da, mikroiqtisadiyyatda müəyyən risklər daşıyır: "Əhalinin nominal gəlirləri ilə bu məbləği müqayisə etdikdə görürük ki, elə də böyük rəqəm deyil. Ümumdaxili məhsul fonunda da rəqəmlər qorxu doğurmur. Ümumi iqtisadiyyatı, borclanmanı nəzərə aldıqda, elə də risk olmadığını düşünə bilirik. Lakin bu, məsələyə böyük aspektdən baxdıqda əldə etdiyimiz nəticədir. Vətəndaş mövqeyindən baxdıqda isə məsələ dəyişir. Bu borc əhalinin müəyyən bir qrupunda toplandığı üçün təhlükəlidir. 40 faizlik artım müəyyən riskləri doğurur. Mikroiqtisadi baxımdan təhlil etdikdə borclanan əhalinin bir təbəqəsidir. Onların borc yükü ilə gəlirləri arasında hansı mütənasiblik var? Çünki adətən yüksək gəlirli insanlar kredit kartları ilə bağlı məsələyə daha ağıllı yanaşırlar. Onların borc yükləri əməkhaqlarının üç mislindən çox olmur".

Bəzi insanlar kreditə həddən artıq meyillənirlər

Chosen
23
7
publika.az

8Sources