“Böyük alim və yazıçıların əksəriyyətinin övladları mütaliə və yaradıcılığa qətiyyən meyl göstərmirlər”.
Bu sözləri AzEdu.az-a açıqlamasında sabiq deputat Etibar Əliyev bildirib.
E.Əliyev qeyd edib ki, son dövrlərdə tanınmış alim və yazıçıların şəxsi kitabxana və əlyazmalarının laqeydliklə zibilxanalara atılması halları artmaqdadır.
"Dəyərli dostum, filosof Firuz Mustafa yazır: "Yazıçı-publisist Kənan Hacı dilxor idi. Səbəbini özü açıqladı. Dedi ki, Əzizə Cəfərzadənin oğlu Turan Cəfərzadə zəng vurub bildirdi ki, Səyavuş Məmmədzadənin kitab və əlyazmalarını evinin qənşərindəki zibilxanaya töküblər. Tez oraya getdim, əlimizə keçənləri toplayıb Ədəbiyyat və incəsənət arxivinə təhvil verdik. Arxiv işçiləri bizə minnətdarlığını bildirdilər.
...Yadıma düşdü ki, bir neçə il əvvəl tarixçi alim Arif Mustafayev də buna oxşar bir hadisəni danışırdı. Alimin dediyinə görə akademik Əlisöhbət Sumbatzadənin əlyazma və kitablarını da vaxtilə yaşadığı mənzilin yaxınlığındakı zibilxanaya atıblarmış..."
Firuz müəllimə təşəkkür edirəm…Mənim də yadıma vertolyot qəzasında həlak olmuş Vəli Məmmədovun, akademik Məmmədağa Şirəliyevin kitabxanasının çölə atılması düşdü. Səbəb ondan ibarətdir ki, böyük alim və yazıçıların əksəriyyətinin övladları mütaliə və yaradıcılığa qətiyyən meyl göstərmirlər. Yaxud yaşayış yerini dəyişdikdə kitabları və əlyazmaları yeni mənzilə yaraşdırmırlar. Məncə evin ən gözəl yaraşığı kitabdır. Siseronun sözüdür: " "İçində kitab olmayan otaq ruhsuz bir bədən kimidir." Bu yaxınlarda Bukinistdən görkəmli filosof, professor Cəmil Əhmədlinin kitabxanasından olan bir neçə kitab aldım. Kitabların hamısının titul vərəqində alimin imzası var idi.
Böyük şəxsiyyətlərin kitabxana və əlyazmalarını bayıra tullamaqdansa elan vermək lazımdır. Onların mütləq alıcısı olacaq. Ya da xəzinə kitabxanalara və arxivlərə verilməlidir. Kitabxanalar da bərbad durumdadır. Kitabı, əlyazmanı bilməyənləri bu quruma direktor qoyurlar.
Rəhmətlik Azad Mirzəcanzadənin kitabxanasından xəbəri olan varmı?
Zəruri qeyd: Ötən əsrin 90-cı illərində Kitab bazarında (Uşaq dəmiryolu vağzalının yanında yerləşirdi) Solomon adlı bir yəhudi ilə tanış olmuşdum. Bayılda yaşayırdı. Məni evinə dəvət etdi. Bakıdan köçürdü. Böyük kitabxanasını çıxara bilmədiyindən bərk məyus olmuşdu. Ondan 200-dən çox kitab almışdım.
Nə isə...
KİTAB KÖMƏYİMİZ OLSUN!"