EN

Aleksandr Zubkov “Şaxtyor”u “Trabzonspor”a dəyişdi

Ukrayna millisinin və Donetsk “Şaxtyor”unun sağ vingeri Aleksandr Zubkov bundan sonra “Trabzonspor”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Trabzon təmsilçisi bu transferi 6,5 milyon avroya rəsmiləşdirib. 28 yaşlı ukraynalı ilə müddəti 2029-cu ilin 30 iyununadək müqavilə imzalanıb.

Aleksandr Zubkov “Şaxtyor”un yetirməsidir. O, “Mariupol”, “Ferentsvaroş” kimi klublarda da oynadıqdan sonra 2022-ci ildə yenidən Donetsk təmsilçisinə qayıdıb. Ukraynanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış futbolçu 2020-ci ildən əsas millidə çıxış edir. O, millidə 37 oyuna 2 qol vurub.

“Trabzonspor” “Qaziantep”in sol cinah müdafiəçisi Mustafa Eskihellaçı da transfer edib. Trabzon klubu bu keçid üçün 403 min avro ödəyib. 27 yaşlı futbolçu yeni klubu ilə 2,5 + 1 illik müqavilə imzalayıb.

Mustafa Eskihellaç “Düzyurtspor”, “Yeni Malatyaspor”, “Elazığspor”, “Boluspor”, “Kasımpaşa” kimi klublarda da çıxış edib. 2022-ci ildən “Qaziantep”də forma geyinən müdafiəçi Türkiyənin U-20 millisində də çıxış edib.

“Trabzonspor” iki futbolçusunu da icarəyə verib. Türkiyəli hücumçu Poyraz Yıldırım “Ümraniyəspor”a keçib. 20 yaşlı forvard cari mövsümün sonunadək icarədə olacaq.

Xorvatiyalı sol cinah müdafiəçisi Borna Barişiç isə İspaniyanın “Leqanes” klubuna icarəyə verilib. 32 yaşlı futbolçu da bu mövsümün sonunadək icarədə olacaq. “Trabzonspor”a cari mövsümün əvvəlində azad agent kimi qoşulmuş təcrübəli müdafiəçi bu komandada 15 oyuna 1 assistlə yadda qalıb.

Barişiçi heyətinə qarmış “Leqanes” də Şotlandiya “Aberdin”inin hücumçusu Duku heyətinə qatıb. Kabo Verde yığmasının da üzvü olan 24 yaşlı forvardla 6 ay + 2 illik müqavilə imzalanıb.

Chosen
63
arena.az

1Sources