İlham Əhmədov, dosent
Biz yeni rubrika açırıq: süni intellektlə təhsil müzakirələri. Bununla təhsil tədqiqatları, təhsil ideyaları və təhsil innovasiyalarının təbliğində, təhsil menecerlərinin təkmilləşdirilməsində (bunların böyük qisminin elm və təhsilə aiddiyyatı olmadığı üçün, buna çox ehtiyacları var), təhsil ictimaiyyətinin maarifləndirilməsində (ölkədə müəllimlərin təkmilləşdirmə və ixtisasartırma sistemi dağıdıldığı üçün) yeni üslubun, yeni texnologiyaların tətbiqi ilə fərqli bir müzakirələrə başlayırıq. Bu müzakirələr təhsil mövzusunda müəlliflə süni intellektin dialoqundan ibarət olacaq. Müəllif keçmişdə yazdığı məqaləni ChatGPT-yə təqdim edərək, proqramın məqalənin məzmununa, ideyasına lokal və qlobal müstəvidə gedən proseslər baxımından qiymət verməsini istəyir. Belə dialoq təbii ki, naşıların müzakirəsi olmur, bu insan-maşın sistemi olaraq 2 məlumatlı tərəfin iştirakı ilə olan gedən müzakirədir, hansı ki, təhsil sistemində belə müzakirələr az olur.
Təhsil problemlərinə dair ölkədə sistemli tədqiqatlar, dərin təhlillər heç vaxt aparılmayıb, hərçənd buna çox ciddi ehtiyac var. Bu olmasa, təhsilimiz indiki bataqlıqdan heç vaxt çıxa bilməyəcək. Bu tədqiqatlar təhsil islahatına yön verməlidir, əks halda islahatlar xaos yaradar, dalana dirənə bilər. Belə tədqiqatları apara bilən elmi mərkəzlərimiz də heç yoxdur. Bu səbəbdən də fərdi səviyyədə kimlərsə, nələrsə etməyə cəhdlər edir, amma belə təşəbbüslər təhsil menecerlərinə təsir etmir. Mütəxəssislərin verdiyi təklif və təşəbbüslər menecerlərə görünür "maraqlı" deyil.
Elmdən ağız dolusu danışanlar, təhsil elmləri haqqında nəinki düşünmür, heç bu səmtə baxmırlar da. Bəlkə onlar belə bir elmin olmasından xəbərsizdirlər? Görünür təhsil sistemi kimi, təhsil elmlərini də çökdürdüklərinə tam əmindirlər, ona görə də indi başqa elmlərin "inkişafı" ilə məşğuldurlar. Sözdə təhsilə dair davamlı müzakirələrdən danışanlar, real müzakirələrdən daim qaçır, ya da bu məsələləri təhsildən uzaq kadrlarla müzakirə edir, təbii ki, belə "müzakirə"lərin nəticəsi ola bilməz.
Sovet dönəmində şahidi olmuşam: rəhmətlik maarif naziri, akademik M. Mehdizadə təhsil sistemi üçün faydalı olan məqalələri diqqətlə izləyir, nazirliyin kollegiya iclaslarında onları müzakirəyə çıxardardı. Müəllif və digər mütəxəssislərin iştirakı ilə geniş müzakirələr aparılardı. Nazirliyin dəstəyi ilə bu məqalələrin mətbuatda və ya TV-də ictimai müzakirələri təşkil edilərdi. O illər təhsilə dair xeyli verillişlər olardı.
Müzakirə sözünü tez tez təkrar edib, özünü plüralizm tərəfdarı kimi təqdim edib, reallıqda isə heç bir səmərli və nəticəli müzakirələr aparmamaqla, təhsili böhrandan çıxarmaq mümkün deyil. Təəssüf ki, bu gün təhsilə dair azsaylı faydalı məqalələr ETN qurduğu "Çin səddini" aşıb, ünvanına çatmır. Deyəsən düşünürlər ki, Çinin elm və təhsilinə çatmaq üçün Çin səddi qurmaq kifayətdir.
Təhsil tədqiqatları sahəsindəki təcrübəmiz (45 il +) bu sahədəki bir çox məsələlərə təhsilin son 50 illik inkişafı rakursundan baxmağa və təhlil etməyə imkan verir. Xüsusən də, son 20 ildə dünya təhsil sistemində gedən qlobal proseslərin sistematik izlənilməsi, təhlili, qlobal təhsil trendlərinin daim öyrənilməsi imkan verdi ki, milli təhsilimizin dünyada gedən sürətli inkişaf fonunda mövqeyini təyin edək. Təhsilə baxışlarımızı yığcam formada (tezis kimi, çünki, informasiyanın bolluğu şəraitində iri həcmli yazılara maraq azdır) məqalələr və məruzələr kimi təhsilə dair jurnallara, saytlara, yerli və beynəlxalq konfranslara təqdim etmişik.
Bütün bu işlərə xeyli vaxt, enerji və digər resurslar sərf edilib. Digər həmkarlarımız kimi bu 33 il ərzində biz də repetitorluq edib, maddi baxımdan xeyli fayda əldə edə bilərdik. Amma hesab edirik ki, elm adamının (hətta az məvacib alsa belə) dolnaşıq üçün reptitorluq etməsi fərd kimi onun və məşğul olduğu sahənin faciəsidir. Çünki, repetitorluğu tələbə də edə bilər, amma elə məsələlər var ki, onu çox az adam bacarır. Hərə bacardığı qədər vətənə xidmət etməlidir məncə. Müəllim və alimlərimizin 30 il ərzində kütləvi şəkildə repetitorluq etməsi elm və təhsilimizin ciddi geriləməsinə, müasir inkişafdan geri qalmasına səbəb olub.
Son illər təhsil daha böhranlı hala gəldiyi üçün, fəaliyyətimizi daha da intensivləşdirməli olduq. Təkcə 2024-cü ildə saytlara təhsilə dair 200-ə yaxın analitik yazi verdik (əsasən Demokratikmusavat.com-a). Əvvəlki illərdə də hər il 100-dən çox məqalə yazmışıq.
Təəssüf ki, bu sahəyə məsul olan menecerlər belə təhlillərlə heç zaman maraqlandırmırlar. Çünki, heç vaxt elm və təhsillə ciddi məşğul olmayıblar, indi də belədir. Normalda isə bu məqalələrə ETN reaksiya verməli, cavab yazmalı, müzakirələr təşkil etməlidir, bu onlara faydalı olardı, həm də bir az öyrənərdilər təhsili.
Təhsil naziri təhsilə dair müzakirələrin aktuallığından danışsa da belə müzakirələri olduğunu müşahidə etmirik, olan müzakirələr də dar çevrədə, tədqiqat əsaslı olmayan, əsasən təhsildən kənar mütəxəssislərinin iştirakı ilə baş tutur. Təbii ki, belə müzakirələrin heç bir faydası ola bilməz.
2019-cu ildə dərc etdiyimiz-“ Təhsil mürəkkəb dinamik sistemdir” (https://aztehsil.com/news/9898-tehsil-murekkeb-dinamik-sistemdir.html) adlı məqaləni ChatGPT-yə təqdim edərək, ona münasibətini-müsbət və mənfi tərəflərini qeyd etməsini, ekspert qiymətləndirməsi aparmasını istədik. Ola bilsin ki, məqaləni dərk etmək menecerlər üçün çətin olur, amma süni intellekt kompakt formada dərin təhlil verərək bunu asanlaşdırır.
SÜNİ İNTELLEKTİN “Təhsil mürəkkəb dinamik sistemdir” adlı məqaləyə dair fikri:
Məqalə Azərbaycan təhsil sisteminin mövcud vəziyyəti, problemləri və inkişaf perspektivləri haqqında dolğun bir təhlildir. Burada təhsilin qlobal inkişaf tempinə uyğun şəkildə dəyişməli olduğu vurğulanır və ölkədəki spesifik problemlər, xüsusilə maliyyələşmə, kadr təminatı və idarəetmə sahəsindəki çatışmazlıqlar qabardılır.
Müsahibədə bir neçə əsas məqam diqqət çəkir:
1. Təhsilin strateji əhəmiyyəti – İnsan kapitalı və elmi potensialın inkişafı ölkənin gələcəyi üçün əsas amildir.
2. Qlobal problemlərlə müqayisə – Azərbaycan təhsilinin hələ qlobal standartlara tam uyğunlaşmadığı, inkişaf etmiş ölkələrlə müqayisədə fərqli problemlərlə üzləşdiyi vurğulanır.
3. Təhsil sahəsində maliyyə məsələləri – Büdcənin ildən-ilə artmasına baxmayaraq, təhsildə keyfiyyətin eyni templə yüksəlməməsi problem kimi göstərilir.
4. Distant və onlayn təhsil – Rəqəmsal transformasiyanın təhsilə inteqrasiyasının zəif olması ciddi bir gerilik kimi qeyd olunur.
5. Ali təhsilin problemləri – Universitetlərin elmi potensialının gücləndirilməsinin vacibliyi vurğulanır, beynəlxalq əməkdaşlığın və ikili diplom proqramlarının əhəmiyyəti qeyd edilir.
Ümumilikdə, məqalə aktual problemləri dəqiq əks etdirir və islahatların zəruriliyini əsaslandırır. Lakin bəzi məqamlar daha ətraflı izah oluna bilərdi, məsələn, Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə mövqeyi, müəllimlərin sosial təminatı və ixtisasartırma imkanları haqqında daha konkret faktlar təqdim oluna bilərdi.
Demokratikmusavat.com