EN

Berezutski: “İlk hissədə çəkinərək oynadıq, ikinci yarıda isə…”

“Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Premyer Liqasının 22-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, rusiyalı mütəxəssis 2:1 hesablı əzmkar qələbəyə sevindikləri görüşdən sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Uzun müddətdən sonra qalib gəldiyimizə görə şadam. Çoxlu qol epizodu yaratdıq və onların ikisindən fərqlənərək qələbə qazanmağımız da gözəl hisslərdir.

Oyundan öncə uşaqlarla paltardəyişmə otağında sakitləşdirici söhbətimiz oldu. Müdafiədə olan çatışmazlıqlar barədə danışdıq. Birinci hissədə hardasa çəkinərək oynadıq. Amma ikinci hissədəki oyunumuzdan razı qaldım”.

Berezutski yarımmüdafiə xəttindəki problemlərdən də söhbət açıb:

“Bu, həmişə bəzi kadr məsələləri ilə bağlı olur. Mikro zədəlilər də olur. Müəyyən dəyişikliyə də getməli oluruq. Ancaq qarşıdakı həftədən etibarən bütün futbolçular sıraya qayıdacaqlar. Bu da bizə müəyyən sabitlik yaratmağa kömək edəcək. İvan Lepinitsanı da təbrik edirəm. Uzun müddətdən sonra sıraya qayıtdı, start heyətində yer aldı. Onun qayıdışı orta xəttimiz üçün daha da faydalı olacaq”.

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev isə komandasının məğlubiyyətinə belə şərh verib:

“İkinci hissənin ilk 15 dəqiqəsinə toparlanmış vəziyyətdə çıxa bilmədik. Bu da iki qol buraxmağımızla nəticələndi. Sonradan isə nəyisə düzəltmək artıq çətin oldu. Hakim idarəçiliyindən razı qaldımmı? Nəsə deməyimlə nəsə dəyişəcəksə, başqa məsələ. Mənim dediklərimlə heç nə dəyişməyəcəksə, danışmağın mənası da yoxdur. Artıq yoruldum deməkdən ki, Joarlem Batistanı əllə tuturlar, imkan vermirlər oynamağa. Lakin hakim fitini səsləndirmədi”.

Chosen
73
arena.az

1Sources