EN

Qrenlandiyada nəhəng daşqın: 3 trilyon litr su axdı

Alimlər ilk dəfə Şərqi Qrenlandiyada nəhəng buzlaq gölünün daşqınını canlı izləyiblər. "Katalina" gölündə baş verən bu daşqın zamanı bir neçə həftə ərzində 3 tirlyon litrdən çox ərinti suyu axıb.  

Valyuta.Az. "Euronews"a istinadən xəbər verir ki, Kopenhagen Universitetinin tədqiqatçıları tərəfindən müşahidə edilən bu hadisə, buzlaqların əriməsi nəticəsində yaranan güclü və təhlükəli proseslərə dair yeni elmi bilgilər verir.  

"SciTechDaily"nin məlumatına görə, bu hadisə Danimarkanın illik su istehlakının üç qatına bərabər olan nəhəng bir gölün qəfil boşalması deməkdir.  

Daşqın 23 sentyabr – 11 oktyabr tarixləri arasında baş verib və bu müddətdə gölün su səviyyəsi 154 metr enib. Hadisə ilk dəfə Kopenhagen Universitetinin "Nils Bor İnstitutu"nun alimləri tərəfindən peyk görüntüləri vasitəsilə real vaxt rejimində izlənilib.  

"Nils Bor İnstitutu"nun iqlim tədqiqatçısı Aslak Qrinsted bildirib: "Əvvəllər də bənzər daşqın izlərinə rast gəlmişdik, lakin qütb gecəsi və buludların peyk müşahidələrini çətinləşdirməsi səbəbindən bu hadisələri ancaq indi real vaxtda müşahidə edib su həcmini dəqiq ölçə bildik."

Şərqi Qrenlandiyada baş verən bu daşqın "Katalina" gölündə son 20 il ərzində toplanan ərinti suları nəticəsində meydana gəlib.  

Göl nəhəng "Edvard Beyli" buzlağı tərəfindən bağlanmış bir vadidə yerləşir. Zamanla göl dolduqca su buzlağı qaldırıb və onun altında 25 kilometr uzunluğunda bir tunel açıb. Nəticədə bu su kütləsi dünyanın ən böyük fiyordu olan "Skorsbi-Saund"a axıb.  

Bu təbiət hadisəsi "buzlaq gölünün partlayış daşqını" adlanır. Buzlaq gölləri tədricən dolur və daha sonra qəfil daşqınla boşalır. Son 30 ildə artan qlobal temperatur və iqlim dəyişikliyi səbəbindən bu cür hadisələr daha tez-tez baş verir.  

Qrinsted qeyd edib: "Qlobal istiləşmə səbəbindən buzlaq tərəfindən bağlanmış göllərin yaratdığı təhlükə də artır."  

Bu tip daşqınlar, xüsusilə Himalay dağları kimi sıx məskunlaşmış bölgələrdə, kəndlərin məhv olmasına səbəb ola bilər. Qrenlandiyada baş verən son daşqın isə əhalinin seyrək olması səbəbindən heç bir ciddi ziyana yol açmayıb.  

Lakin 2023-cü ildə aparılan bir araşdırma dünyada 15 milyon insanın bu tip buzlaq daşqınlarının yaratdığı ölümcül təhlükə altında yaşadığını göstərib.  

Qrinsted əlavə edib: "Qrenlandiyanın buz örtüyü önümüzdəki əsrlərdə geri çəkildikcə, daha böyük buzlaq göllərində baş verəcək partlayış daşqınlarını müşahidə edəcəyimizi düşünürəm."

"Son Buzlaq Dövrünün sonunda 'Missula' gölündə 'Katalina' gölündəki hadisədən 2.500 dəfə daha güclü bir partlayış baş verib. Bu möhtəşəm qüvvələri daha yaxşı anlamaq üçün ən böyük buzlaq daşqınlarını tədqiq etməliyik."

Rəhim

Chosen
42
valyuta.az

1Sources