EN

Xarici bazarlara çıxış formaları – AZPROMO açıqlayır

İxracatçılar öz məhsullarının xarici bazalara çatdırılmasını bir neçə variantlar üzrə həyata keçirə bilər ki, buna xarici bazarlara giriş formaları deyilir (modes of foreign market entry). Xarici bazarlara giriş formaları (malların satışı) birbaşa, dolayı və partnyorluq kimi təsnifləşdirilir. Giriş formasının seçilməsi məhsuldan, onun satış xüsusiyyətindən, nəqliyyat, daşıma və gömrük xərclərindən və digər amillərdən asılıdır.

Birbaşa ixrac. Bu mal ixracatçının özü tərəfindən hədəf bazarda malın müxtəlif vasitələrlə satılmasıdır. Bu variantın üstünlüyü ixracatçının hədəf bazardakı ticarətinə və mallarının marketinqinə birbaşa nəzarət etmək imkanının olmasıdır. Lakin, bu variantın xərcləri çox olur və kiçik müəssisələr üçün o qədər də əlverişli deyil. Birbaşa ixrac təsnifatına aşağıdakı giriş formaları daxildir:

Malın birbaşa son istifadəçilərə satılması

Kataloqları paylamaqla sifarişlərin alınması və çatdırılması;

Potensial müştərilərlə e-mail vasitəsilə əlaqə nəticəsində satışın həyata keçirilməsi;

E-satış (online market və s.);

Nümayəndəni potensial bazarlara göndərməklə müştəri yığılması və malın çatdırılması;

Nümayəndəlik açmaqla satış – potensial bazarlarda filial və nümayəndəlik açmaqla müştərinin cəlb olunması və malın ixrac edilərək nümayəndəlik tərəfindən paylanması;

Ticarət sərgilərində iştirak etməklə satış;

Partnyorluq və ya alyans əsaslı ixrac formaları. Bu variantda ixracatçı idxalçı ölkədə özünə ticarət tərəfdaşı tapmaqla ortaq müəssisə açır və idxalçı ölkə bazarına həmin tərəfdaş vasitəsilə girir. Bu variantın üstünlüyü ondan ibarətdir ki, xərcləri nisbətən aşağıdır və ixracatçı tərəfindən marketinq araşdırmalarının aparılmasına ehtiyac olmur. Mənfi cəhəti ondan ibarətdir ki, ixracatçının xarici bazarlara və məhsulların marketinqinə, xüusilə də əqli mülkiyyət hüquqlarının müdafiəsinə nəzarət imkanları azalır. Bu təsnifata aşağıdakı variantlar daxildir:

Lisenziya əsasında istehsal və satış – bu halda məhsul istehsalçısı hədəf bazarın müəssisəsinə onun əmtəə nişanından istifadə edərək onun istehsal texnologiyasına uyğun məhsul istehsal edib satışını təşkil edir.

Françayzinq əsasında istehsal və satış – Bu da lisenziyanın bir növüdür, yəni, mal digər ölkədə eyni adda istehsal edilir.

Birgə müəssisə (joint venture) – ortaq kapital və idarəetmədə hər iki tərəfin iştirakı ilə açılan müəssisədir ki, müasir dövrdə bu biznes növü geniş yayılıb. Çünki, bu variantda digərlərindən fərqli olaraq xərclər nisbətən aşağı olur və ixracatçı birgə müəssisədə tərəfdaş olduğuna görə əqli mülkiyyət hüquqlarına nəzarət edə bilir.

Tam kapital əsasında açılan müəssisə – digər ölkənin ərazisində 100% kapital qoymaqla açılan müəssisədir.

Dolayı ixrac formaları. Bu variantda ixracatçı xarici bazarlara yalnız vasitəçilərdən istifadə etməklə girir. Belə olduqda ixracatçı xarici bazara birbaşa girmir və məhsullarını özü təqdim etmir. Bu təsnifata daxil olan variantların üstünlüyü ondan ibarətdir ki, ixracatçı müştəri cəlbi və marketinq araşdırmaları üçün xərc çəkmir və beləliklə, aşağı xərclərlə ixrac edə bilir. Mənfi cəhəti isə ixracatçının mallarının marketinqinə nəzarət edə bilməməsi və xarici bazarlarla tanış olmamasıdır. Bu təsnifata aşağıdakılar daxildir:

Satış nümayəndəlikləri və ya agentlər mala müştəri tapır və onu mal sahibi ilə əlaqələndirməklə komissiyon əsasda gəlir əldə edir;

Distribyutorlar distribyutorluq müqaviləsi bağlamaqla malı mal sahibindən daha ucuz qiymətə alır və sərbəst satışını həyata keçirir;

Topdansatış şirkətləri malı birbaşa istehsalçıdan alaraq idxal edir və satır;

İxracın idarəolunması şirkətləri ixracatçı ölkədə yerləşməklə malın ixracını və idxalçıya çatdırılmasına dair bütün işləri həyata keçirir. Bu gömrük brokeri də ola bilər;

İxrac ticarət şirkətləri daha çox agent kimi fəaliyyət göstərir, yəni satıcı ilə alıcı arasında vasitəçilik funskiyasını həyata keçirir;

Ticarət evləri və s.

Tarif və qeyri-tarif tədbirləri

Xarici bazarlara girişi zamanı ixracatçının ticarətinə ciddi təsir edən amillərdən biri də idxalçı ölkənin daxili bazarın qorunması və milli maraqlarının təmin olunması üçün idxala tətbiq etdiyi tarif və qeyri-tarif tədbirləridir (ticarət rejimi). Deməli, tarif və qeyri-tarif tədbirləri (xarici ticarət rejimi) dedikdə, mallara tətbiq olunan tarif məhdudiyyətləri və güzəştləri, eləcə də malların idxalına və ixracına tətbiq olunan kvotalar, qadağalar, lisenziyalar, icazələr və digər tədbirlər (qeyri-tarif tədbirləri) nəzərdə tutulur.

Gömrük rüsumunun aradan qaldırılması;

Gömrük rüsumu güzəştlərinin verilməsi;

Tarif kvotalarının tətbiqi. Tarif kvotası dedikdə idxal olunan malın idxal rüsumunun müəyyən miqdarda idxalına qədər (məsələn, illik 10 ton idxal olunana qədər) aşağı olması,həmin miqdarda idxaldan sonra rüsumun yuxarı qaldırılması nəzərdə tutulur;

Qoruyucu tədbirlər, anti-dempinq və kompensasiya rüsumlarının tətbiqi məqsədilə idxal rüsum dərəcələrinin qaldırılması;

Qeyri-tarif tədbirləri: kvotalar; idxal lisenziyası; mənşə ölkəsi; təhlükəsizlik, keyfiyyət, sanitariya, ətraf mühit, fitosanitar, baytarlıq tədbirləri; idxal qadağaları; dövlət müəssisələri, subsidiyalar və satınalmalar; xüsusi məhsulların idxal rejimi; gömrük qiymətləndirilməsi və görmük yığımları; valyuta nəzarəti və mübadilə məhdudiyyətləri; ixrac məhdudiyyətləri; qiymətə nəzarət və s

Ümumiləşdirilmiş Preferensiyalar Sistemi (Generalized System of Preferences – GSP)

Ümumiləşdirilmiş Preferensiyalar Sistemi (Generalized System of Preferences – GSP). GSP müəyyən qrup mallar üçün idxal gömrük tariflərinin tutulmaması və ya güzəştli tutulmasını nəzərdə tutuan bir sistemdir. GSP sistemində ümumi və xüsusi tədbirlər nəzərdə tutulur. Ümumi tədbirlər ümumi ticarət güzəştləri əsasında bütün inkişaf etməkdə olan ölkələrə tətbiq edilir.

GSP+ proqramına qoşulma şərtləri

Ölkələrin GSP+ proqramına qoşulması üçün aşağıdakı şərtlərə uyğun gəlməsi lazımdır:

GSP+ proqramına qoşulmaq üçün ölkə “ən az inkişaf etmiş ölkə statusu” daşımalı və ya insan hüquqlarına, əmək hüquqlarına, ətraf mühitin mühafizəsinə, keyfiyyətin idarəedilməysinə dair BMT-nin 27 əsas Konvensiyasına qoşulmalı və ölkədə bu Konvensiyaların müddəalarını tam təmin edən qanunvericilik bazası mövcud olmalıdır.

Benefisiar ölkə Dünya Bankının təsnifatında yüksək gəlirli ölkə kimi əks olunmamalıdır

Məhsulları GSP çərçivəsində ixrac etmək üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən “Forma A” mənşə sertifikatı əldə edilməlidir.

Chosen
31
apress.az

1Sources