Almaniyada keçiriləcək növbədənkənar parlament seçkilərində Sosial Demokrat Partiyasının (SPD) əsas namizədi, hazırkı Kansler Olaf Şolts və Xristian Birlik (CDU/CSU) partiyalarının Kansler vəzifəsinə namizədi Fridrix Merts teledebatda iştirak ediblər.
AzadMedia.az xəbər verir ki, 90 dəqiqəlik debatda əsasən miqrasiya siyasəti, ölkə iqtisadiyyatının hazırkı vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, enerji və ifrat sağa qarşı yanaşma məsələləri diqqət mərkəzində saxlanılıb.
Fridrix Merts hökumətin miqrasiya siyasətini tənqid edərək, Olaf Şoltsun başçılıq etdiyi koalisiya hökumətinin hakimiyyəti dövründə bu sahədə hər hansı irəliləyişin qeydə alınmadığını vurğulayıb. Qanunsuz miqrasiyaya qarşı ən sərt siyasəti başçılıq etdiyi hökumətin yürütdüyünü deyən Kansler Olaf Şolts Birliyin namizədinin planlarının Avropa hüququna uyğun olmadığını, Fridrix Mertsin Bundestaqda “şou göstərmək” üçün təhlükəsizlik qaydalarının sərtləşdirilməsi, polisin fəaliyyəti və Avropa mühacirət sistemi ilə bağlı qanunları Bundesratda (Əyalət Nümayəndələri Şurası) ləngitdiyini ifadə edib. Olaf Şolts rəqibini ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası ilə hər cür əməkdaşlığa gedilməməsi barədə “yanğın divarı” (Brandmauer) adlandırılan prinsipi pozmaqda itiham edib və onun güvənilməz olduğunu qeyd edib. Fridrix Merts isə bu ittihamları rədd edib.
Teledebatda ciddi fikir ayrılıqlarından biri də vergi məsələsində müşahidə edilib. Olaf Şolts gəlirləri yüksək olanlara daha çox vergi yükünün tətbiq olunmasının vacibliyini diqqətə çatdırıb. Fridrix Merts isə yüksək vergi dərəcələrinin iqtisadiyyata mənfi təsir edəcəyini bildirib.
Hər iki namizəd Almaniyanın xarici siyasəti, xüsusilə Ukraynaya dəstək məsələsində demək olar ki, bənzər fikirlər səsləndirib. Bu məsələdə fikir ayrılığı Ukraynaya ballistik raketlərin verilib-verilməməsi məsələsində müşahidə olunub.
Namizədlər arasında növbəti teledebat fevralın 16-da təşkil olunacaq. Həmin müzakirələrdə Olaf Şolts və Fridrix Merts ilə yanaşı, AfD-nin namizədi Alis Vaydel, Yaşılların namizədi, hazırkı iqtisadiyyat naziri Robert Habek də iştirak edəcəklər.