EN

Qızlar məclislərdə elə oynayırlar, adam dəhşətə gəlir- Afaq Bəşirqızıdan ETİRAZ DOLU MÜSAHİBƏ

Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələrinə malik xalqlarındandır. Hər bir milləti dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmalarıdır. Bu baxımdan qloballaşan dünyada milli adət və ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir.

Lakin təəssüflər olsun ki, artıq gənclərimiz Qərb mədəniyyətinə meyl edir, adət və ənənələrimiz gün keçdikcə unudulur, fərqli ölkələrin adətlərini özümüzünküləşdiririk, lakin, öz milli adət-ənənələrimiz sıradan çıxır.

Bəs buna səbəb nədir? Niyə gəclərimiz öz adət-ənənələrinə deyil, fərqli mədəniyyətlərə meyl edirlər?

Bu sualları dəyərli aktrisamız, Azərbaycanın Xalq artisti Afaq Bəşirqızı Bakıvaxtı.az-a müsahibəsində cavablandırıb.

Müsahibəni təqdim edirik:

Baş verənlərin səbəbi düzgün verilməyən ailə tərbiyəsidir

- Bu gün adət-ənənənin unudulmasına səbəb nədir?

- O qədər çatışmazlıqlar var ki, hadisələr elə cərəyan edir ki, qeyri-ixtiyari suallar doğur. Hər bir vicdanı olan azərbaycanlıya bütün bu baş verənlər təsir edir.

Adət-ənənələrinin qorunmaması, gənclər arasında baş verən anlamsız neqativ hallar, hətta, orta yaşlı təbəqənin belə öz milli mədəni irsini unutması halları ilə tez-tez rastlaşırıq. Mən hesab edirəm ki, bütün bunların səbəbi düzgün verilməyən ailə tərbiyəsidir.

- Niyə məhz ailə tərbiyəsi?

- Baxın, adi götürək, gəlin köçən qızların xına mərasimini. Hər şeyin qiyməti od bahasına olan dövrdə övlad ayağını dirəyir ki, bunu istəyirəm, ata-ana da gedir borca düşür, övladının dediklərini alır. Ata-ana qızına başa salmır ki, qızım, biz o vəziyyətdə deyilik.

Hələ üstəlik xınada elə oyunlar çıxardırlar ki, adam dəhşətə gəlir ki, bizim belə adət-ənənəmiz yoxdur axı. Əvvəllər xınayaxdılar qızın yaxın dostlarıyla balaca bir məclisdə, yəni evdə, ev şəraitində keçirilərdi. Qızın rəfiqələri yığılar, deyib-gülərdülər. Qızlar öz rəfiqələrini təbrik edərdilər, qurtardı, getdi. İndi bunu keçiriblər, təntənəli hala, hansı ki, heç bizə tanış deyil. Təəssüflər olsun ki, böyüklər də buna göz yumur.

Gözəl-göyçək qızlar özlərini robota oxşadırlar

- Sizcə milli adət-ənənəmizi unudan təkcə gənc təbəqədir?

- Zəmanə elədir ki, orta yaşlı, hətta yaşlı insanlar belə öz geyimlərini bilmirlər. Gənclər də öz böyüklərinə baxıb örnək götürürlər. Hər şey bir qırağa, indi gözəl-göyçək qızlar özlərini suni robota oxşadırlar. Ehtiyacı olan-olmayan kim varsa, estetik əməliyyatlara girir, hər kəs bir-birinə oxşayur. Olmaz axı, bu, bizə təbiətin verdiyi, Allahdan gələn paydı, niyə dəyişdirməyə çalışırsınız.

İndiyə qədər adi bir gündə milli paltar geyinib çölə çıxan görə bilmərik, çünki hamı qəribə baxar, ancaq dalı-qabağı olmayan cırıq paltarlara geyinən insanlara normal baxırlar.

Öz vətənində baş çıxara bilmirsənsə, başqa ölkəyə də lazım deyilsən

- Bəs xaricə axın edən gənclər haqqında nə düşünürsünüz?

- Hər gün xəbər oxuyuruq ki, ölkələr yad vətəndaşları deport edir. Bir şeyi yadda saxlamaq lazımdır ki, sən vətənində baş çıxara, vətənin uğrunda, oturduğun yer uğrunda, torpaq uğrunda mübarizə etmirsənsə, başqa ölkəyə də lazım deyilsən.

- Son olaraq milli ruhu unudan insanlara nə tövsiyə edə bilərsiz?

- Heç kəsi məcbur edə bilmərəm, amma dünya görmüş biri olaraq tövsiyə edirəm ki, ayılın, sonra çox gec olacaq, öz milliyətimizi, mentalitetimizi, adət-ənənəmizi unutmayın.

Nuriyyə Musayeva

Chosen
30
1
bakivaxti.az

2Sources