EN

Donqar balinalar insanlar kimi mahnı oxuyurlar

Yazını böyüt
Yazını kiçilt

Donqar balinaların oxuduğu mahnıların insan dili ilə heyrətamiz dərəcədə oxşar olduğu aşkarlanıb.

Hafta.az-ın “New York Times”a istinadən yazdığına görə ,mahnıları yalnız donqar balinaların erkəkləri oxuyur və bunun özünə həyat yoldaşı tapmaq məqsədilə gəldiyi düşünülür. Bu uzun və təfərrüatlı mahnılarda müxtəlif səslər naxışlarda təkrarlanır.

Elm adamları bu mahnıların zamanla yavaş-yavaş dəyişdiyini bilirlər. Mahnılara yeni naxışlar daxil olmağa başlayır və bir müddət sonra mahnının orijinal variantından əsər-əlamət qalmır.

Lakin bu öyrənmə prosesinin necə baş verdiyi dəqiq məlum deyildi.

Bu sirri həll etmək üçün beynəlxalq tədqiqatçılar qrupu Sakit Okeanda Yeni Kaledoniya ətrafında səkkiz il ərzində qeydə alınmış balina mahnılarını təhlil edib. Tədqiqatçılar mahnılardakı səsləri hərflərlə kodlaşdırmaqla başlayıblar. Elmi jurnalda dərc olunan məqalənin müəlliflərindən biri Cenni Allen, "Səslərin müxtəlif qrupları var" deyir: “Məsələn, bir il hönkürür, homurdanır, qışqırır - bizdəki AAB qrupu kimi, başqa bir il inildəyir, homurdanır və biz buna CBA qrupu deyirik”.

Daha sonra mahnıların strukturunu açmaq istəyən komanda insan körpələrinin sözləri öyrənmə üsuluna əl atıb.

"Əgər onlar eyni sözün bir hissəsidirsə, səslərin birlikdə meydana çıxma ehtimalı daha yüksəkdir. Körpələr sözün sərhədlərini araşdırmaq üçün bir səsin digərinin ardınca gəlmə ehtimalında bu dalğalanmalardan istifadə edirlər", - məqalənin başqa müəllifi İnbal Arnon deyir.

“Məsələn, “gözəl çiçəklər” ifadəsində “gö” və “zəl” səslərinin “zəl” və “çi”dən daha çox ardıcıl baş verməsini başa düşərək sözlər arasındakı sərhədləri öyrənirlər”, Arnon deyir.

Hərflərlə kodladıqları mahnıları təhlil edən komanda tez-tez bir-birini izləyən səsləri söz kimi alt qruplara ayırıb.

Alimlər müəyyən ediblər ki, bu alt qruplar insan dillərindəki sözlər kimi mahnılar arasında paylanır: Zipf qanunu kimi tanınan bir qaydaya görə, bir dildə ən çox yayılmış söz ikincidən iki dəfə çox istifadə olunur.

Başqa bir təəccüblü tapıntı, ən çox yayılmış balina səslərinin ən çox yayılmış insan sözləri kimi qısa olması idi.

Tapıntılar balina mahnılarının insan dillərindəki cümlələr kimi mürəkkəb mənalar daşıdığı anlamına gəlmir. Ancaq bu, donqar balinaların bu mahnıları körpələrə bənzər bir proseslə öyrəndiyini göstərir.

“Science Advances” jurnalında dərc edilən başqa bir araşdırma, digər dəniz məməliləri haqqında da oxşar nəticələr əldə edib.

İnsan dillərində keçərli olan Menzerat qanununun izləri delfin və balinaların 16 növündən 11-də tapılıb. Bu qaydaya əsasən, tərkibində daha çox söz olan cümlələr ümumiyyətlə daha qısa sözlərdən ibarətdir.

Tədqiqatçılar Zipf qanununun beş növdən ikisində də mövcud olduğunu qeyd ediblər.

Chosen
6
hafta.az

1Sources