EN

Həkim-stomatoloq: Hər altı aydan bir stomatoloji müayinə ağız və diş xəstəliklərinin aşkarlanmasına kömək edir

Bakı, 10 fevral, AZƏRTAC

Hər il fevralın 9-u dünyada diş həkimləri və stomatoloqların bayramı - Beynəlxalq Stomatoloq Günü qeyd edilir. Beynəlxalq günün qeyd edilməsində əsas məqsəd diş sağlamlığı və ağız boşluğu problemləri haqqında qlobal maarifləndirmə aparmaqdır.

Qeyd etmək istəyirəm ki, diş xəstəlikləri fərqli səbəblərdən yarana bilər. Diş çürüklərinin (kariyes) əsas səbəbi şəkərli qidalar və qeyri-düzgün ağız gigiyenasıdır. Dişəti xəstəlikləri (gingivit və periodontit) diş ətlərində şişkinlik, qanaxma və ağrı ilə müşayiət olunur. Dişin mina təbəqəsinin problemləri, turşulu içkilər, qəhvə və digər kofeinli içkilərin qəbulu, habelə dişlərin yanlış üsulla fırçalanması diş minasının zədələnməsi, dişlərin həssaslığı, soyuq, isti və ya şirin qidalara qarşı həssaslıq, ağız infeksiyaları, diş kökünün absesi, digər infeksiyalar nəticəsində ağrı və şişkinliyə səbəb ola bilər. Çənə və diş qıcama (bruksizm) stres və dişlərin düzgün oturmadığı hallarda müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Sanitar-Kurort Reablitasiya Mərkəzinin həkim-stomatoloqu Əliheydər Kazımov bildirib.

Həkim-stomatoloq dişlərdə olan problemlərin həzm sisteminə təsirləri barədə də məlumat verib. O bildirib ki, ağız sağlamlığı bədənin ümumi sağlamlığı ilə sıx bağlıdır: “Diş və diş əti problemləri yalnız estetik və funksional çətinliklər yaratmaqla kifayətlənmir, həmçinin həzm sisteminə də ciddi təsir göstərə bilər. Bu təsirlər birbaşa (məsələn, qidanın çeynənməsi) və dolayısı ilə (iltihab və ya bakteriyaların yayılması yolu ilə) baş verir. Həzm prosesi ağızda başladığı üçün qidanın ilk mexaniki və kimyəvi emalı məhz burada başlayır. Çeynəmə qidanı kiçik hissələrə parçalayaraq, həzm sisteminin sonrakı mərhələlərində işlənməsini asanlaşdırır. Diş problemləri, məsələn, çürük, diş itkisi və ya diş ağrısı çeynəmə funksiyasını zəiflədir. Bu, qidanın kifayət qədər xırdalanmamasına və mədədə daha çox yüklənməyə səbəb olur. Çeynəmə problemi olan insanlar qidanı tam xırdalamadan udmağa meyllidirlər. Bu, mədə üçün əlavə yük yaradır, çünki mədə böyük qida hissələrini həzm etmək üçün daha çox turşu ifraz etməlidir. Nəticədə isə qıcqırma və mədə yanması, qastrit və xora xəstəlikləri meydana gəlir.

Dişlərdə olan çürümələr və diş əti xəstəlikləri (məsələn, gingivit və ya parodontit) zamanı ağızda bakteriyalar artırır. Bu bakteriyalar tüpürcək və ya qan dövranı vasitəsilə mədə və bağırsaqlara keçərək, bağırsaq mikroflorasının pozulmasına mədə infeksiyalarına və iltihabına səbəb ola bilər”.

Ə. Kazımov qeyd edib ki, gündə ən az iki dəfə diş fırçalama və diş ipindən istifadə etmək lazımdır ki, ağız boşluğunda bakteriyaların çoxalmasın qarşısı alınsın: “Müntəzəm olaraq diş həkiminə müraciət etmək və müşahidələr aparmaq lazımdır. Hər altı aydan bir stomatoloji müayinə ağız və diş xəstəliklərinin erkən mərhələdə aşkar edilməsinə kömək edir.

Bununla yanaşı, sağlam qidalanma da böyük rol oynayır. Sağlam qidalanmaq üçün şəkərin və turşulu qidaların azaldılması diş çürükləri riskini azaldır. Kalsium və D vitamini ilə zəngin qidalar diş və sümüklərin sağlamlığını dəstəkləyir. Təzə meyvə və tərəvəzlər, xüsusilə alma və yerkökü kimi qidalar təbii olaraq dişləri təmizləməyə kömək edir”.

Chosen
6
3
azertag.az

4Sources