EN

Hakan Fidan Qəzza haqqında televiziyaya danışıb

 

Türkiyənin Xarici işlər naziri Hakan Fidan "Qüdsün tamamilə yəhudiləşdirilməsi, müsəlman və xristian kimliyindən məhrum edilməsi və bura tək bir dinə əsaslanan yanaşmanın gətirilməsi əlbəttə ki, qəbuledilməzdir" deyə bildirib. 

Hakan Fidan Qəzzadakı atəşkəs və İsrail-Fələstin məsələsinə dair Fələstin Televiziyasına açıqlama verib. Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trampın Qəzzadakı fələstinlilərin başqa ölkələrə köçürülməsi ilə bağlı fikirləri və beynəlxalq ictimaiyyətin reaksiyaları ilə bağlı Fidan "Fələstin köçü qəbul edilə bilməz. Biz bu cür təkliflərin ciddiyə alınmalı olduğunu düşünmürük. Bu, bir qədər tarixi bilməmək, anlamamaq deməkdir" ifadələrini işlədib. 

Nazir 1948-ci ildə fələstinlilərin məcburi köç etdirildiyini və bu problemin həlli üçün beynəlxalq ictimaiyyətin 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan, coğrafi bütövlüyə malik və İsraillə yanaşı yaşaya biləcək bir Fələstin dövlətinin yaradılması ilə iki dövlətli həlli gündəmə gətirdiyini bildirib. İslam və Ərəb dünyasının, Türkiyənin və beynəlxalq ictimaiyyətin böyük əksəriyyətinin bu mövqeyi dəstəklədiyini vurğulayan Hakan Fidan "Biz məcburi köçün təkrarlanmasını qəbul etmirik. Bunun baş verməməli olduğunu düşünürük" deyə qeyd edib. O, İsrailin göstərilən dəstəkdən istifadə edərək Qüdsdə təxribat xarakterli addımlar atmağa davam etdiyinə diqqət çəkib. Qüdsün beynəlxalq səviyyədə müxtəlif dinlərin bir araya gəldiyi bir sülh və görüş şəhəri ola biləcəyini bildirən Fidan, lakin İsrailin həm müsəlmanlara, həm də xristianlara aid bütün simvolları silməyə və şəhərə tam nəzarət etməyə çalışdığını vurğulayıb. 

Xarici işlər naziri "Burada oynanan oyunlar, Qüdsün tamamilə yəhudiləşdirilməsi, beynəlxalq kimliyindən, müsəlman və xristian kimliyindən məhrum edilməsi və bura tək bir dinə əsaslanan yanaşmanın gətirilməsi əlbəttə ki, qəbuledilməzdir" ifadəsini işlədib.



Chosen
16
trt.net.tr

1Sources