EN

Ermənistan cəmiyyəti USAID-dən asılı vəziyyətə düşən əsas benefisarlardandır - ŞƏRH

Bakı, 10 fevral, AZƏRTAC

Son zamanlarda ABŞ Hökumətinin Səmərəliliyi İdarəsi tərəfindən aparılan ilkin araşdırmalar USAID-in fəaliyyəti ilə bağlı ciddi nəticələr ortaya qoyub. İş adamı İlon Maskın rəhbərlik etdiyi bu idarə ABŞ-ın dövlət resurslarının necə xərcləndiyini təhlil edərkən müəyyən edib ki, USAID-in fəaliyyəti ümumilikdə Amerikanın dövlət maraqlarına deyil, müəyyən qrup və şəxslərin maraqlarına xidmət edib.

Araşdırma nəticələri göstərib ki, USAID-in ayrılan vəsaitlərinin bir hissəsi inkişaf etməkdə olan ölkələrə yardım adı altında əslində ideoloji və siyasi manipulyasiyalara sərf olunub. Bu layihələr arasında narkotik istehsalının stimullaşdırılması, müəyyən cinsi qrupların və ideoloji istiqamətlərin təşviqi, həmçinin ABŞ-ın dövlət maraqları ilə ziddiyyət təşkil edən digər fəaliyyətlər yer alır.

İlon Maskın rəhbərlik etdiyi idarənin ilkin araşdırmasın nəticəsində bəlli olub ki, USAID resurslarının bu cür istifadəsi Amerikanın beynəlxalq səviyyədə etibarlılığına və milli maraqlarına zərər vurub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

QHT sədri qeyd edib ki, ötən dövrlərdə bir çox milli hökumətlər USAID-in fəaliyyətinin həmin ölkənin milli maraqlarına və yerli icmaların adət-ənənələrinə zidd olduğunu bildiriblər. Eyni zamanda, USAID-in bu cur fəaliyyətinin dayandırlmasını tələb ediblər. Azərbaycan Hökuməti də haqlı olaraq dəfələrlə bu məsələlərdə öz haqlı mövqeyini ortaya qoyub.

Son hadisələr məhz Azərbaycan da daxil bir çox ölkələrin bu mövqeyində haqlı olduğunu göstərdi. Artıq rəsmi olaraq ABŞ bu təşkilatın fəaliyyətindəki qanunsuzluqları ortaya çıxarır. Məsələn, USAID dünya üzrə 707 media qurumunu, 6200 jurnalisti və 279 jurnalistika sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatını maliyyələşdirib. Bu fakt göstərir ki, beynəlxalq mediada aparılan bəzi təxribat xarakterli kampaniyaların arxasında məhz bu maliyyə dəstəklərinin təsiri dayanır.

Təşkilatın həyata keçirdiyi bəzi layihələr isə şok effekti yaradıb. Bu layihələrə xüsusən aşağıdakıları qeyd etmək olar:

∙ Əfqanıstanda irriqasiya kanallarının yaradılması və gübrə alınması – narkotik istehsalını artırmaq üçün istifadə olunub;

∙ “Əl-Qaidə” üçün 10 min porsiya yemək təmin edilməsi;

∙ Kolumbiyada transgender operasının hazırlanması;

∙ Peruda transgender komikslərinin yaradılması;

∙ İrlandiyada LGBT mövzulu müzikl üçün vəsait ayrılması;

∙ Serbiyada inklüzivlik təşviqinə 1,5 milyon dollar sərf edilməsi;

∙ Qvatemalada LGBT fəallığı və cinsin dəyişdirilməsi təşəbbüslərinə 2 milyon dollar xərclənməsi.

C.Hüseynzadə bildirib ki, USAID-in Azərbaycana qarşı qərəzli siyasəti, xüsusilə 44 günlük Vətən müharibəsindən sonra daha da güclənib. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və beynəlxalq hüququn tətbiq edilməsi USAID-in rəhbərliyində narahatlıq doğurub.

“Təşkilatın sabiq rəhbəri Samanta Pauerin fəaliyyətində bu qərəz açıq şəkildə özünü göstərib. Pauer Qarabağ bölgəsində guya etnik təmizləmə həyata keçirildiyini iddia edərək, könüllü şəkildə bölgəni tərk etmiş erməni sakinlərin vəziyyətini təhrif edib. Bununla yanaşı, rəsmi Bakının həmin sakinlərə Azərbaycanın tərkibində inteqrasiya ilə bağlı açıqlamalarını tamamilə nəzərə almamaqla, obyektivlikdən uzaq mövqe sərgiləyib. USAID-in fəaliyyətinin dayandırılması halında, təşkilatdan birbaşa maliyyə dəstəyi alan bir çox qruplar və dövlətlər ciddi problemlərlə üzləşəcək. Uzun illərdir USAID-in dəstəyi ilə “Qərb dəyərləri və ideologiyalarının” təbliğ olunduğu Ermənistan cəmiyyəti bu təşkilatdan asılı vəziyyətə düşən əsas benefisarlardandır”, - deyə Cəsarət Hüseynzadə vurğulayıb.

Onun sözlərinə görə, USAID-in fəaliyyəti rəsmi məqsədlərindən uzaqlaşaraq, bir çox hallarda qərəzli siyasətin alətinə çevrilib. ABŞ Hökumətinin Səmərəliliyi İdarəsinin bu təşkilat haqqında ortaya qoyduğu nəticələr USAID-in fəaliyyətinin necə manipulyasiya olunduğunu bir daha təsdiqləyir.

Chosen
4
azertag.az

1Sources