EN

Levandovski Messinin “Barselona”dakı nailiyyətini təkrarladı

İspaniya La Liqasının 23-cü turunun “Sevilya” ilə səfər oyunu “Barselona”nın ulduz hücumçusu Robert Levandovski üçün düşərli olub.

Arena.az məlumat verir ki, polşalı futbolçu “blauqrana”nın 4:1 hesablı qələbəsinə vurduğu qolla töhfəsini verib.

Bu qol Levandovskinin İspaniya La Liqası çərçivəsində bir mövsüm ərzində keçirdiyi ilk 22 oyununda 19-cu qolu olub.

“OptaJose” dərgisinin məlumatına görə, Robert Levandovski “Barselona”nın keçmiş futbolçusu, argentinalı ulduz hücumçu Lionel Messinin nailiyyətini təkrarlayıb və klubun, müvafiq göstəriciyə nail olmuş ilk futbolçusu olub. 2019/2020-ci illər mövsümündə “Leo” da La Liqa mövsümü çərçivəsində keçirdiyi ilk 22 oyununda 19 qolla fərqlənmişdi.

Hazırda Levandovski 19 qolla İspaniya La Liqasının cari mövsümünün ən sərrast futbolçusudur. Polyak hücumçunun hesabında 2 məhsuldar ötürmə də var.

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 33 oyuna çıxıb, 31 qol vurub və 3 məhsuldar ötürmə verib.

Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 128 oyun, 90 qol və 20 məhsuldar ötürmədən ibarətdir.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 156 oyun keçirib, 84 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 36 yaşlı polyak hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Chosen
49
1
arena.az

10Sources