“Bu liqaya və kluba qoşulmaq üçün fürsət yarandı və mən də Azərbaycana gəlməyə qərar verdim”.
İdman.biz xəbər verir ki, bunu “Sərhədçi”nin yeni transferi Cimmi Nikolsun klubun instaqram səhifəsinə açıqlamasında deyib.
ABŞ-li basketbolçu Bakı klubuna keçidini dəyərləndirib. O bildirib ki, “Sərhədçi”yə transferi çox rahat alınıb: “Məşqçilərim və menecerim keçidi çox rahat şəkildə həll etdilər. Azərbaycan ABŞ-dən fərqlənsə də, mən bəyəndim. Yeni yeməklər daddım və çox əla idi. Basketbola diqqət yetirirəm, buna görə də heç bir şikayətim yoxdur”.
Nikols ABL-in 14-cü turunda “Neftçi” ilə debüt matçında 67:82 hesablı məğlubiyyətə də toxunub: “Biz yaxşı komandayıq və mövsümü dəyişmək üçün potensialımız var. Bunu hiss edirik. “Neftçi” ilə oyunda anladıq ki, cərimə atışlarımız lazımi səviyyədə deyil və bu həmin matçın taleyini həll edən önəmli hissə idi. Məşq edəcəyik və oyunlarda yaxşı nəticə qazanmağa çalışacağıq. Hər kəslə rahat rəqabət apara biləcək heyətə sahibik. Birlikdə çox yaxşı oyunlar keçirəcəyik”.
Qeyd edək ki, “Sərhədçi” A qrupunda 18 xalla turnir cədvəlində üçüncüdür.
İdman.biz