EN

Festi Ebosele “Udineze”ni “Başakşəhər”ə dəyişdi

İtaliyanın “Udineze” klubunun sağ cinah müdafiəçisi Festi Ebosele bundan sonra “Başakşəhər”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Türkiyə klubunun əslən Nigeriyadan olan 22 yaşlı irlandiyalı futbolçunu hansı şərtlərlə heyətinə qatdığı açıqlanmır. Tərəflər arasındakı müqavilə 2028-ci ilin 30 iyununadək nəzərdə tutulub.

Festi Ebosele peşəkar karyerasına İngiltərənin “Derbi Kaunti” klubunda başlayıb. 2022-ci ildən “Udineze”də çıxış edən müdafiəçi İtaliya klubunun heyətində 50 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub. Cari mövsümün ilk dövrəsini “Uotford”da keçirmiş futbolçu 19 oyuna 1 qol və 1 assistlə yadda qalıb.

Ebosele İrlandiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynadıqdan sonra 2023-cü ilin sentyabrında bu ölkənin əsas millisində debüt edib. Müdafiəçi meydana çıxdığı 7 oyunda 1 assist müəllifi olub.

“Başakşəhər”də iki ayrılıq da yaşanıb. Yunanıstandan olan hücumameyilli yarımmüdafiəçi Dimitrios Pelkas Türkiyə klubundan azad agent kimi ayrılaraq PAOK-a keçib. 31 yaşlı futbolçu köhnə-yeni klubu ilə 2027-ci ilin 30 iyununadək anlaşıb.

Dimitrios Pelkas məhz PAOK-un yetirməsidir. “Apollon”, “Vitoriya” (Setubal), “Fənərbaxça”, “Hall Siti” kimi klublarda da oynamış yarımmüdafiəçi 2023-cü ildən formasını geyindiyi “Başakşəhər”də
47 oyuna 9 qol və 9 assistlə yadda qalıb. Onun PAOK karyerası isə 204 oyun, 45 qol və 33 assistdən ibarətdir. Pelkas 2015-ci ilin oktyabrında debüt etdiyi Yunanıstan millisində də 42 oyuna çıxıb, 4 qol vurub.

“Başakşəhər”in braziliyalı sol vingeri Davidson da azad agent kimi Çinin “Tsindao Vest Koast” klubuna keçib. 2024-cü ilin fevralından İstanbul klubunda çıxış edən futbolçu meydana çıxdığı 48 oyunda 9 qola imza atıb. O, daha öncə Türkiyədə 65 oyuna 17 qol və 10 assist müəllifi olub. Davidson “Vitoriya” (Gimaraynş), “Fri Tauns”, “Kovilya”, “Şaveş” kimi klublarda da forma geyinib.

“Udineze”də daha 4 ayrılıq

Festi Eboseleni “Başakşəhər”ə satmış “Udineze”də də 4 ayrılıq yaşanıb. Norveçli qapıçı Egil Selvik (27 yaş) və irlandiyalı mərkəz müdafiəçisi Ceyms Abankva (21 yaş) İngiltərənin “Uotford” klubuna keçiblər. Selvik yeni klubu ilə 2029-cu ilin 30 iyununadək anlaşıb. Abankva isə cari mövsümün sonunadək icarədə olacaq.

“Udineze” 25 yaşlı kamerunlu mərkəz müdafiəçisi Enzo Ebosseni Polşanın “Yagelloniya” klubuna icarəyə verib. 20 yaşlı xorvatiyalı mərkəz müdafiəçisi Antonio Tikviç isə Avstriyanın “Qrazer” klubunda icarədə olacaq.

Chosen
19
arena.az

1Sources