EN

Ehtiram Quliyev pulunu küçəyə niyə səpir, bəlkə Kurban Berdiyevdən qorxur?

«Turan Tovuz»un çöküşü davam edir.

2025-ci il isti izlərlə bizə bəlli etdi ki, Kurban Berdiyev, əslində burada güclü komanda yaratmayıb.

İctimai rəydə, sadəcə, mif formalaşdırılıb. Və biz həftələr ötdükcə, bu mifin necə dağıldığını, onun sabun köpüyündə döndüyünü görməkdəyik.

«Turan Tovuz» cari mövsümdə hakimlərdən ən çox xeyir görəndir. Premyer Liqada onlar qədər penalti nöqtəsinə yaxınlaşan ikinci iştirakçı yoxdur.

Ehtiram Quliyev «Qarabağ»la matçdan sonra AFFA və PFL-in ünvanına bəy tərifi söyləyəndə, bəlkə də sanırdı ki, bundan sonra «Turan Tovuz»un yolunun üstünə qırmızı xalça səriləcək, o, baş məşqçi və futbolçuları oradan şəstlə keçəcək.

İnqilab Məmmədovun Masazırda etdiyi hakimlik, verdiyi qərarlar indi onların xoşuna gəlmir. Gəlməz də…

Öyrəşiblər hakimlərdən dəstək görməyə. Bir dəfə o dəstəyi görməyəndə isə bax belə hay-küy salırlar.

İki dəqiqə 12 saniyəlik video paylaşıblar. Boş şeydir, fikir verməyin. İnqilab Məmmədov yalnız Amin Seydiyevun epizodunda «Turan Tovuz»un əleyhinə yanlış yanaşıb.

Referi «Sabah»ın müdafiəçisini cəzalandırmağa borclu idi, borcunu yerinə yetirməyib. Digər fraqmentlərə VAR qarışıb - əgər o, səhv etsəydi, VAR otağında əyləşənlər mübahisəyə qarışardılar.

Necə ki, qarışdılar və hər iki tərəfin bir qolunu qeydə almadılar.

İnqilab Məmmədov ümkmən yaxşı hakim deyil, səhvləri çox olur, bunu biz də deyirik. Ancaq bu oyunun üzərindən onu hədəf seçməyi də doğru saymırıq. İnqilabın «öz komandası» var.

Yüzdəyüz əminik və siz də bilin - o komanda «Sabah» deyil.

Hörmətli Ehtiram Quliyev qızıl vaxtını boş-boş şeylərə sərf edir. Klubun İdarə Heyətinin sədri Kurban Berdiyevlə oturub danışmalıdır, yeni ilin gəlişindən sonra komandanın çöküşünün səbəbləri barədə ona bir neçə sual verməlidir.

Baş məşqçinin adının ağırlığı və zəhmi adamı sıxmırsa, narahatlıq yaradan məsələlərə ondan cavab almalıdır.

Dəyərli Quliyev son 1 ayda bir ucdan transferlər edir, di gəl, «Turan Tovuz»un nəticələri yaxşılaşmır, əksinə, sürətlə pisləşir.

2025-in ilk dörd turunda iki məğlubiyyətlə üzləşən, cəmi 4 xal toplayan komandaya bu qədər xərc tökmək nəyə lazım idi onda?

MUSA

Chosen
15
sportinfo.az

1Sources