Prezident Donald Tramp ABŞ Xəzinədarlıq Nazirliyinə qəpik sikkələrin istehsalının baha başa gəldiyinə görə buraxılmasını dayandırmağı əmr etdiyini bildirib.“Çox uzun müddətdir ki, Birləşmiş Ştatlar hər biri bizə 2 sentdən çox başa gələn qəpiklər istehsal edir. Bu, çox israfçılıqdır! Mən ABŞ-ın maliyyə nazirinə yeni qəpiklər buraxmağı dayandırmağı tapşırmışam”, – deyə o, sosial şəbəkə hesabında yazıb. Tramp bir daha ABŞ-da büdcə vəsaitlərinin yersiz xərclənməsinin dayandırılmasının zəruriliyinə diqqət çəkib.Amerikalı sahibkar İlon Maskın rəhbərlik etdiyi ABŞ hökumətinin səmərəliliyi agentliyi yanvarın 21-də sosial media saytı X-də 1 sentlik sikkənin buraxılmasının 3 sentdən baha başa gəldiyini bildirib. Departamentin açıqlamasına görə, 2023-cü maliyyə ilində ölkədə 4,5 milyarddan çox belə sikkə zərb edilib. Bu, Amerika vergi ödəyicilərinə 179 milyon dollara başa gəlib.