Respublika Perinatal Mərkəzində 7 yeni doğulmuş körpənin yanğında ölməsi ilə bağlı məhkəmə araşdırması davam edir.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda əsas təqsirləndirilən şəxs - hadisə baş verən zaman mərkəzin direktoru olmuş Mehriban Abasquliyevanın istintaqa verdiyi ifadəsi elan edilib. O, məhkəmədə sərbəst danışmaqdan imtina etdiyinə görə hakim Leyla Əsgərova-Məmmədova onun əvvəlki ifadəsini oxuyub.
Abasquliyeva hadisəyə görə özünü günahkar bilmir. O, bəzi əməkdaşlarını həm bacarıqsız, həm də səhlənkar adlandırıb. Eks-direktorun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi vaxtilə Perinatal Mərkəzə yanğın təhlükəsizliyinin artırılması ilə bağlı təlimat göndərsə də, maliyyə çatışmazlığı səbəbindən tədbirlər görülməyib: “Mən direktor təyin ediləndən sonra öz vəsaitim hesabına bəzi işlər gördüm. Yeni doğulmuşlar otağında cəmi 3 işçi masası var idi, mən artırdım, əlavə çarpayılar gətizdirdim. Ancaq indi mənə təşəkkür etmək əvəzinə, artıq xəstə qəbulunda ittiham edirlər”.
Fotoda: Hakim Leyla Əsgərova-Məmmədova
Təqsirləndirilən şəxs xəstə sayının çarpayı sayından çox olması ilə bağlı ittihamları qəbul etməyib və bunun digər xəstəxanalarda da adi hal olduğunu deyib.
Hadisə gecəsi növbədə olan tibb işçilərinin fəaliyyətini də tənqid edən Abasquliyeva bildirib ki, onlar yanğını söndürmək üçün yalnız iki vedrə su və tezalışan yorğanlardan istifadə ediblər: “Yanğınsöndürən balonlar var idi, amma istifadə etməyi bacarmayıblar. Halbuki ilkin yanğınsöndürmə qaydalarını bilməliydilər. Bəziləri isə ümumiyyətlə, kənardan seyr edib. Baş prokuror Kamran Əliyev də hadisə yerində jurnalistlərə açıqlamasında deyib ki, yanğın başlayan zaman növbətçi həkim yalnız 7 dəqiqə sonra hadisə yerinə gəlib”.
Abasquliyeva özündən əvvəl mərkəzə rəhbərlik etmiş Məryəm Rzayevanı da günahlandıraraq onun da məsuliyyətə cəlb olunmasını tələb edib: “Guya mən direktor gələndən sonra təhlükəsizlik tədbirlərinin artırılmasına ehtiyac olduğunu mənə bildirib. Yalandır. Deyə bilər ki, işdən çıxanda fövqəladə hallar nazirinə də bu barədə məlumat verib. Buna inanmaq olmaz. Onun barəsində də cinayət işi başlanmalıdır.”
Növbəti məhkəmə iclasında Mehriban Abasquliyevanın digər ifadələri elan ediləcək.
Sail Ağasəlim