EN

"Rus evi"nin casusluğu, Nikolayın sərsəmləməsi: Rusiya ilə münasibətlər hara gedir?

Rusiya Federasiyasının Federal Məclisi Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin Azərbaycana girişinə qoyulan qadağa Azərbaycan-Rusiya münasibətlərində yeni bir gərginlik mərhələsini işarələyir.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi açıqlaması Valuyevin Azərbaycan əleyhinə sərgilədiyi təhqiramiz və təhdid dolu bəyanatlarının qəbul edilməz olduğunu vurğulayır. Baş verənlər təkcə şəxsi məhdudiyyətlərlə əlaqəli deyil, həm də Rusiya ilə Azərbaycan arasında uzun müddətdir davam edən gərginliklərin yeni bir təzahürüdür.

Rusiya Dövlət Duması üzvlərinin ölkəmizin suverenliyinə qarşı hərəkət etdikləri bir kontekstdə, "arzuolunmaz şəxslər" siyahısına daxil edilməsi ilə daha da pisləşir. Rusiya ilə əlaqələrdə təmsil olunan şəxslərin Azərbaycanın daxili və xarici siyasətinə müdaxilə etmələri, müvafiq olaraq, Azərbaycan tərəfindən ciddi qarşılıq tapır. Rusiyanın hakim partiyası olan "Vahid Rusiya"nın üzvlərinin ardıcıl şəkildə bu siyahıya daxil edilməsi, iki ölkə arasında siyasi dialoqun daha mürəkkəbləşməsinə səbəb olur.

Baş verənlərin fonunda Rusiya-Azərbaycan münasibətləri hansı mərhələyə irəliləyəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran deputat Elman Nəsirov bildirib ki, son illər Rusiya və Azərbaycan münasibətlərində irəliləyiş müşahidə edilsə də, baş verən hadisələr bəzi məqamları sual altına salıb:

"Rusiya və Azərbaycan arasında münasibətlər tarixən həm əməkdaşlıq, həm də gərginliklərlə müşahidə olunub. 2022-ci ildə imzalanan müttəfiqlik bəyannaməsi, iki ölkə arasında diplomatik əlaqələrin inkişafını təmin etdi və əməkdaşlıq müsbət dinamikada irəlilədi. Lakin Azərbaycanın təyyarəsinin Rusiya tərəfindən vurulması hadisəsi münasibətləri gərginləşdirərək, qarşıdurmalara səbəb oldu. Bu hadisə iki ölkə arasında etimadın azalmasına və təhlükəsizlik məsələlərinin yenidən müzakirə olunmasına yol açdı. Gərginliyin azaldılması və regional sülhün təmin edilməsi üçün diplomatik təşəbbüslər vacibdir. Amma görünən odur ki, Rusiya Dumasında fəaliyyət göstərən bəzi deputatlar bu istiqamətdə addım atmaqdan daha çox başqa fikirlərin formalaşmasında maraqlıdırlar".

Müsahibimiz vurğulayıb ki, təyyarənin vurulması məsələsində məsuliyyət birbaşa Rusiyanın üzərinə düşür. Amma onlar bu istiqamətdə atmalı olduqları addımları dolayı yolla həyatak keçirirlər:

"Artıq hər şey aydın olub: Təyyarə, rus ordusunun hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Bu vəziyyətdə, bütün məsuliyyət tamamilə rəsmi Moskvanın üzərinə düşür. Rusiya bu ciddi hadisə ilə bağlı heç bir konkret addım atmadı, sadəcə dolayı yolla üzr istədi, amma kompensasiyanın ödənilməsi və məsuliyyətin götürülməsi ilə bağlı heç bir açıq və qətiyyətli bəyanat verilmədi. Bu da təbii olaraq, məsələni daha da gərginləşdirərək, iki ölkə arasındakı diplomatik münasibətlərin zəifləməsinə səbəb oldu. Cinayətkarlar müəyyən edilmədi və müvafiq hüquqi addımlar atılmadı, bu da həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət tərəfindən narazılıqla qarşılandı".

Elman Nəsirov: Baş verənlərin hər biri regional sabitliyi təhdid edir

Rusiyanın hakim “Vahid Rusiya” partiyasından parlamentə deputat seçilmiş Nikolay Valuyevin Azərbaycana qarşı səsləndirdiyi çıxışlara münasibət bildirən Elman Nəsirov qeyd edib ki, onun ölkəmiz əleyhinə olan fikirləri münasibətlərin inkişafı üçün problem yaradan amillərdən biridir:

"Siyasi təhsili olmayan, keçmişdə idmançı olmuş birinin bu cür fikir səsləndirməsi doğru deyil. Yəqin ki, vaxtında başından çox zərbələr alan bu şəxs, cəmiyyətin mürəkkəb və incə məsələlərinə dair real bilik və anlayışa sahib deyil. Siyasət və beynəlxalq münasibətlər mövzusunda hər bir fikrin əsaslı və məlumatlı olması vacibdir. Azərbaycan qanunvericilik çərçivəsində lazımi addımları atdı və müvafiq hüquqi prosedurları yerinə yetirdi. Lakin Valuyevin bu qərəzli fikirləri, iki ölkə arasında mövcud olan münasibətlərə ciddi zərbə vurur və tərəflər arasında gərginliyi daha da artırır. Belə ifadələr diplomatik dialoqu və əməkdaşlığı çətinləşdirərək, yalnız regional sülh və təhlükəsizlik üçün risklər yaradır. Hər bir dövlətin vətəndaşlarının bu cür həssas məsələlərə münasibətini düzgün və diqqətli şəkildə formalaşdırması zəruridir".

E.Nəsirov "Rus Evi"ndə baş verənlərlə bağlı da fikir bildirib. Həmsöhbətimizin sözlərinə görə, sözügedən müəssisədə casusluq fəaliyyətləri həyata keçirilib:

"Bu tip fəaliyyətlər yalnız regional sabitliyi təhdid etməkdə deyil, həm də iki ölkə arasında mövcud olan diplomatik münasibətləri zədələyir. Yaşanan olaylar dövlətlər arasında qarşılıqlı etimadın azalmasına və hər iki tərəf üçün narahatlığa səbəb olur. Nəsirov, bu cür fəaliyyətlərin qarşısının alınması və əlaqələrin daha da gərginləşməməsi üçün lazımi addımların atılmasının vacibliyini vurğulayıb. Bu cür casusluq fəaliyyətlərinin daha genişlənməməsi üçün hüquqi və diplomatik tədbirlərin sürətlə həyata keçirilməsi, regionda sabitliyin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir".

Əli Hüseynov

Chosen
12
bakivaxti.az

1Sources