EN

Danimarkalılar Trampdan Qrenlandiya əvəzində Kaliforniyanı istəyir

Bakı, TurkicWorld

ABŞ prezidenti Donald Tramp-ın Danimarkanın muxtar bölgəsi olan Qrenlandiyanı almaq planına cavab olaraq, danimarkalı aktivistlər Kaliforniyanın Danimarka ərazisi olması üçün kampaniya başladıb.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, bu kampaniya "Danimarkalaşma" adlı internet platformasında elan edilib və məqsədi Kaliforniyanı ABŞ-dan alıb Danimarkanın ərazisinə çevirməkdir.

"Tramp Kaliforniyanın böyük pərəstişkarı deyil. Əminik ki, o, məqbul qiymətə ondan imtina etməyə hazır olacaq." - deyə aktivistlər bildiriblər.

Bəyanatda Kaliforniyanın isti və günəşli iqlimi, texnologiya mərkəzi olması, avokado istehsalı, azadlığı və Disneylandın burada yerləşməsi kimi üstünlükləri vurğulanıb. Maraqlı bir detal da odur ki, əgər Kaliforniya Danimarkanın ərazisi olarsa, Disneyland-ın adının məşhur danimarkalı yazıçı Hans Kristian Andersenin şərəfinə dəyişdiriləcəyi bildirilib.

Kampaniya təxminən 200 min insanın imzasını toplayıb.

Qeyd edək ki, 23 dekabr 2024-cü ildə Tramp, Truth Social hesabında etdiyi paylaşımda, Qrenlandiyanın ABŞ nəzarətində olması fikrini təkrar ifadə edərək, adaya sahib olmağın “mütləq zərurət” olduğunu vurğulayıb.

Trampın bu açıqlamaları Qrenlandiya rəsmiləri və digər maraqlı qrupların kəskin reaksiyasına səbəb olub.

"Qrenlandiya, Qrenlandiya xalqına məxsusdur. Biz satılmamışıq və heç vaxt da satılmayacağıq. Uzun müddətdir davam edən azadlıq mübarizəmizi itirməyəcəyik." - deyə Qrenlandiyanın baş naziri Mute Bourup Egede Trampın iddialarına sərt cavab verib.

Chosen
14
turkic.world

1Sources