EN

"Heç kim Qəzza sakinlərini minillik vətənlərindən qovmağa qadir deyil" - Ərdoğan

 
"Fələstin- Qəzza, İordan çayının Qərb sahili və Qüds də daxil olmaqla fələstinlilərə məxsusdur..."
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyaya səfəri öncəsi Atatürk Hava Limanında mətbuat konfransı keçirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentliyi məlumat yayıb.
 
Ərdoğan çıxışı zamanı vurğulayıb ki, heç kim Qəzza sakinlərini onların minillik vətənlərindən çıxarmağa qadir deyil.
 
Malayziya, İndoneziya və Pakistan səfəri
 
Ərdoğan Asiya turu haqqında danışaraq bildirib: "Dost və qardaş olan üç ölkəyə səfərim zamanı ikitərəfli münasibətlərimizi daha da gücləndirəcək çoxsaylı sazişlər imzalayacağıq."
 
Dörd günlük səfər çərçivəsində prezident Malayziya, İndoneziya və Pakistanı ziyarət edəcək. Birinci dayanacaq Malayziya olacaq. Bu ölkə 2002-ci ildən Türkiyə ilə strateji tərəfdaşdır və 2025-ci ildə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) sədrlik edəcək.
 
Ərdoğan xatırladıb ki, Malayziyanın baş naziri Ənvər İbrahim 2023-cü ildə Türkiyəyə səfər edib və onunla müxtəlif beynəlxalq toplantılarda da görüşlər olub. 
 
"Malayziya ilə iqtisadi və ticarət əməkdaşlığımızdan əlavə, beynəlxalq arenada, xüsusilə də Fələstin məsələsində sıx əməkdaşlıq edirik". Bundan əlavə, tərəflər gələcəkdə bu əməkdaşlığı daha da genişləndirməyi planlaşdırır.
 
İndoneziyaya səfəri zamanı Ərdoğan diplomatik münasibətlərin 75 illiyinin qeyd ediləcəyini bildirib. Burada o, İndoneziya prezidenti Prabovo Subianto ilə birgə 2022-ci ildə yaradılmış Ali Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclasına rəhbərlik edəcək. "İndoneziya prezidenti ilə ötən il Türkiyədə görüşmüşdük və sonra da müxtəlif beynəlxalq toplantılarda bir araya gəlmişik".
 
Türkiyə lideri ASEAN-ın baş katibliyinin İndoneziyada, bu təşkilatın hazırkı sədri Malayziyanın isə burada olmasının ASEAN-la əlaqələri gücləndirmək baxımından müsbət nəticələr verəcəyinə inandığını qeyd edib.
 
Son dayanacaq Pakistan olacaq
 
Ərdoğan xatırladıb ki, 2020-ci ilin fevralında Pakistanın Ali Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclası keçirilib və bu dəfə 7-ci iclasa baş nazir Şahbaz Şəriflə birgə sədrlik edəcəklər. "Bu səfər zamanı ikitərəfli münasibətlərimiz, regional və qlobal məsələləri müzakirə etmək imkanımız olacaq".
 
O, vurğulayıb ki, bu üç ölkəyə səfəri çərçivəsində bir çox rəsmi sazişlər imzalanacaq və ikitərəfli münasibətlər daha da gücləndiriləcək. Bundan əlavə, Ərdoğan ticarət sahəsindəki tədbirlərə də qatılacağını və özəl sektor nümayəndələri ilə görüşəcəyini bildirib.
 
"2019-cu ildə "Re-Asia" təşəbbüsünü irəli sürdük və Asiya ilə əməkdaşlığı gücləndirmək niyyətimizi reallaşdırdıq. Bu səfəri həmin təşəbbüsün bir hissəsi kimi dəyərləndirə bilərik. Bizim Malayziya, İndoneziya və Pakistanla münasibətlərimiz qardaşlıq prinsiplərinə əsaslanır".
 
Qəzzada atəşkəs və Trampın planı haqqında
 
Prezident Ərdoğan Qəzza və atəşkəs razılaşmasına da toxunaraq vurğulayıb ki, İsrailin hiyləgər oyunlarına baxmayaraq, əsirlərin və məhbusların mübadiləsi davam edir. "HƏMAS-ın öz öhdəliklərinə sadiq qalmasını görməkdən məmnunuq", - Ərdoğan deyib.
 
O, İsrail administrasiyasının atəşkəsi daimi hala gətirmək əvəzinə daha hiyləgər və qeyri-insani planlar qurduğunu müşahidə etdiklərini bildirib. "Heç kim Qəzza sakinlərini min illərdir yaşadıqları doğma torpaqlarından çıxara bilməz".
 
Prezident qeyd edib ki, Qəzza sakinlərinin köçürülməsi üçün yerlər axtarmaq əvəzinə, İsrailin baş naziri Binyamin Netanyahunun Qəzzaya vurduğu ziyanın kompensasiyası üçün resurslar tapması daha vacibdir.
 
"Qəzzadakı dağıntıların maliyyə dəyəri 100 milyard dollar həcmində qiymətləndirilir. Bu böyük itkilərə görə məsuliyyəti İsrail və Netanyahunun hökuməti daşıyır. Qəzzanın bərpa prosesi İsrailin törətdiyi dağıntılara görə məsuliyyət daşıması ilə başlamalıdır", -  Ərdoğan vurğulayıb. O, əlavə edib ki, "İsrail dövləti və silahlı məskunlaşan dəstələr tərəfindən zəbt olunmuş evlər, torpaqlar və iş yerləri onların qanuni sahibləri olan fələstinlilərə qaytarılmalıdır."
 
Ərdoğan qeyd edib ki, Fələstin-Qəzza, İordan çayının Qərb sahili və Şərqi Qüds də daxil olmaqla fələstinlilərə məxsusdur. O, Trampın fələstinlilərin Qəzzadan çıxarılması planına da reaksiya verərək bu təklifə kəskin etirazınıb bildirib: "ABŞ-ın yeni administrasiyasının sionist rəhbərliyin təzyiqi altında irəli sürdüyü Qəzza ilə bağlı təkliflər bizim üçün müzakirəyə layiq dəyər daşımır".
 
Suriyada terrorizmlə mübarizə
 
Ərdoğan Suriyadakı vəziyyətə də toxunaraq vurğulayıb ki, orada terror təşkilatlarına yer yoxdur. "Cənab Şaaranın apardığı mübarizə terror təşkilatlarına qarşıdır", - o, vurğulayıb. O, Suriyada yalnız ölkənin sabitliyini təmin edəcək Suriya ordusunun mövcud olması lazım olduğunu bəyan edib.
Chosen
8
moderator.az

1Sources