EN

Tramp “Azadlıq radiosu” və “Amerikanın səsi” kimi media qurumlarına qarşı sərt tədbirlərin görəcək -ANALİZ

Amerikalı milyarder İlon Mask ABŞ-nin “Azadlıq Radiosu” və “Amerikanın səsi” radiostansiyalarını bağlamalı olduğunu deyib. Bu haqda “X” hesabında yazan Mask bu radiostansiyalara heç kim qulaq asmadığını və onların fəaliyyətinə ildə təxminən 1 milyard dollar xərcləndiyini deyib. O bildirib ki, boğucu bürokratiya xaric olmaqla Avropa indi azaddır. Artıq heç kim onlara qulaq asmır. Onun fikrincə, bu radiostansiyaları öz-özünə danışan, dəli radikal solçular idarə edir. Eyni zamanda, hər iki radiostansiyaya ABŞ vergi ödəyiciləri tərəfindən toplanan təxminən 1 milyard dollar xərclənir.
Qeyd edək ki, “Azadlıq radiosu” və “Amerikanın səsi” bir sıra digər media orqanları kimi ABŞ hökuməti tərəfindən maliyyələşdirilir və ABŞ Qlobal Media Agentliyi tərəfindən idarə olunur.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu “Sherg.az”a vurğulayıb ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra qlobal savaşın Amerika Birləşmiş Ştatlar daxilində start götürəcəyi gözlənilirdi:

“Donald Trampın birinci prezidentliyinin son ilində Birləşmiş Millətlər Təşkilatının kürsüsündə səsləndirdiyi fikirlər savaşın mahiyyətini açıqlamışdı. Donald Tramp ikinci dəfə hakimiyyətə gəldikdən sonra savaşın daha da sürətləndiriləcəyi düşünülürdü. Məhz buna görə də Trampın hakimiyyətə gəlməsinə qarşı əngəllər törədilirdi və sui-qəsd hadisələri baş verirdi. Bundan sonra da Trampa qarşı sui-qəsd  hadisələrinin olması mümkündür. ABŞ daxilində ciddi prosesin şahidi oluruq. USAİD və “Azadlıq radiosu”, “Amerikanın səsi” ilə bağlı görüləcək tədbirlər deməyə əsas verir ki, artıq müharibə ciddi mərhələyə keçid alıb. Bu isə dünyada bir sıra proseslərin başlamasına və davam etməsinə gətirib çıxaracaq. Eyni zamanda dünyada gərginliyin artmasına şərait yaradır. Söhbət qlobalçılarla Donald Trampın təmsil etdiyi milli dövlətçilərin savaşından gedir. Bu isə dünya ictimaiyyətindən gizlədilən bir çox sirlərin açıqlamasından xəbər verir. Belə olan halda bütün sahələrdə paradiqma dəyişiklikləri ilə qarşılaşa bilərik. Əlbəttə, buraya insan haqları, səhiyyə, qida, təhsil, siyasi və digər sahələri özündə birləşdirən fəaliyyət istiqamətləri daxildir. ABŞ daxilində baş verən proseslərin getdikcə daha genişləcəyini görəcəyik. Çünki USAİD kimi bənzər təşkilatların sayı yüzlərlərlədir. Hətta elə təşkilatlar var ki, mediada adı açıqlanmasa belə, dünya ictimai rəyinin manipulyasında ciddi önəm daşıyır, eyni zamanda ciddi maliyyə imkanlarına sahibdir. Təkcə USAİD-in büdcəsi 50 milyard dollar idi. Bu isə bəzi dövlətlərin büdcəsindən 2-3 dəfə çoxdur. Amerikada müxtəlif əyləncələr və narkotik aludəçilərinin sayı o qədər çoxalıb ki, xalq köləlik və istehlakçı kütlə rolu oynadığından xəbərsizdir”. 

Ekspert söyləyib ki, Tramp Amerikanın idarəçilik sisteminin milli dövlət formatına keçəcəyi mesajını verməyə səy göstərir:
“Belə olan halda qlobal oliqarxiya və federal ehtiyat sisteminin timsalında Amerikanı silahlı güc kimi istifadə etmək funkusiyası sona çatacaq. Burada isə söhbət dünya hakimiyyəti uğrunda gedən savaşdan gedir. Savaşı aparan dünya liderlərindən öndə gedənlərdən biri də Donald Trampdır. Paradoks görünsə də, Trampın Rusiya və Türkiyəyə ehtiyacı var. Biz qarşıdurma formatının dəyişəcəyinin və fərqli formatların şahidi olacağıq. Məsələn, ABŞ-nin Rusiya, İranla gərgin münasibətləri davam etdirəcəyinin əksinə olaraq ideoloji savaşı əsas götürən Trampın təmsil etdiyi gücə qarşı ciddi təzyiq edəcəyini görəcəyik. Bura Fransa və Almaniya hökümətini misal göstərə bilərik. Həmin ölkələr Avropa İttifaqının siyasi və iqtisadi liderlər statusunda təmsil olunurlar. Ona görə də yaxın müddətdə Avropa İttifaqı lider ölkələrinin hökümətlərinə qarşı çox ciddi şəkildə Amerikanın təzyiqlərinin artacağını görəcəyik. Bunun ilk işartıları artıq müşahidə olunur. Donald Tramp Amerika Birləşmiş Ştatları sadəcə iki cinsiyyət üzərindən siyasət yürüdəcək deməklə LGBT və digər xəstə ideoloji xətlərin sıradan çıxarılacağı mesajını verdi. Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen isə söylədi ki, biz Trampla əməkdaşlıq etməyə hazırıq, lakin Avropa dəyərlərinə qarşı mövqeyimizi qoruyacağıq. Yəni LGBT və ona bənzər pozğun meyillərin Avropa dəyərləri adı altında inkişafında maraqlı olacaqlar. Bu ideoloji toqquşma deməyə əsas verir ki, ABŞ-nin yeni hökümətiylə Avropa İttifaqının lider ölkələri arasında gərginləşmə siyasi müstəvəyə qalxacaq. Belə olan halda Avropa İttifaqında ABŞ-nin yeni höküməti tərəfindən sağçı liderlər dəstək görəcək. Bu isə Avropa ölkələrində ixtişaşlara, eyni zamanda qlobal maliyyə sisteminin kuklası rolunda istifadə olunan Emmanuel Makron kimi marianetlərin sıradan çıxarılmasına hesablanan proseslərin şahidi olacağıq. Həmçinin bu Avropa İttifaqının dağılma prosesini sürətləndirəcək. USAİD kimi bənzər təşkilatlar Avropa Birliyində də fəaliyyət göstərir. Onlara qarşı da müəyyən tədbirlərin görüləcəyini zaman-zaman müşahidə edəcəyik. Eyni zamanda “Azadlıq radiosu” və “Amerikanın səsi” kimi müxtəlif məqsədlərə xidmət göstərən, xüsusilə dünya ictimai rəyinin manipulyasiya üçün alət rolunda  istifadə olunan bu cür media qurumlarına qarşı sərt tədbirlərin görüləcəyinin şahidi olacağıq”.

Ə.Zülfüqaroğlu bildirib ki,  dövlətlərarası müharibə arxa plana keçir və ideoloji savaşlar önə çıxır:

“Nəticə etibari ilə tərəfdaş olan ölkələr düşmənə, qarşıdurma vəziyyətində olan dövlətlər isə müttəfiqə çevriləcəklər. Bundan sonra bir sıra təşkilatlar və media qruşlarının sıradan çıxarılma prosesi daha geniş vüsət alacaq. Xüsulə də, Amerika Birləşmiş Ştatlatı daxilində, eyni zamanda Avropa İttifaqı və başqa bölgələrdə də həmin prosesi izləyəcəyik. Azərbaycan daxil olmaqla əksər bölgələrdə həmin media quruluşların fəaliyyəti sona çatacaq. Həmin təşkilatlar prosesin sadəcə bir elementi qismində çıxış edir. Amerikada baş verən proseslər dünyanı çətin vəziyyətlə üz-üzə qoyacaq. Hazırda ikinci dünya müharibəsindən sonra formalaşan dünya düzəninin çökmə prosesini izləyirik. 2020-ci ildə olduğu kimi gözlənilməz sürprizlərin şahidi ola bilərik”.
Chosen
39
sherg.az

1Sources