EN

AZƏRTAC-ın əməkdaşları “Talassemiyasız həyat naminə” təşəbbüsünə qoşulublar

Bakı, 10 fevral, AZƏRTAC

Fevralın 10-da Respublika Qan Bankı irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların qanla təminatına dəstək məqsədilə AZƏRTAC-da qanvermə aksiyası keçirib.

Agentliyin 50-yə yaxın əməkdaşı aksiyaya qoşularaq könüllü qan verib.

Son illər Azərbaycanda talassemiya və hemofiliya kimi irsi qan xəstəliklərinin müalicəsi və diaqnostikası sahəsində mühüm tədbirlər həyata keçirilir. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Prezident İlham Əliyevin 2005-ci il 18 iyul tarixli Fərmanına əsasən, Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş tədbirlər proqramlarının həyata keçirilməsi həmin xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaradıb.

Uşaqların sağlamlığının qorunmasını fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirən Heydər Əliyev Fondunun və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın talassemiyalı uşaqlara diqqəti də xüsusi qeyd olunmalıdır. Fond tərəfindən 2005-ci ildən ölkəmizdə həmin xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə “Talassemiyasız həyat naminə” layihəsinə başlanılıb.

"Talassemiyadan ən çox uşaqlar əzab çəkir. Xəstəlik böyük-kiçik tanımasa da, uşaqların əzabı daha ağrıdıcıdır. Amma dünyada bu xəstəlikdən tamamilə sağalan insanlar var. Ona görə çox böyük iş görmək lazımdır və bunun öhdəsindən yalnız birlikdə gəlmək olar. Həm dövlət, həm də ictimaiyyət, fondlar, imkanlı insanlar birlikdə bu bəlanın qarşısını ala bilərlər. Heydər Əliyev Fondu üçün isə əsas məsələ ixtisaslaşdırılmış mərkəzin və qan bankının yaradılmasıdır. Beləliklə, biz bu gün bu problemin həlli yolunda birinci addımı birlikdə atdıq. Heydər Əliyev Fondu bu istiqamətdə hər bir yardımı dəstəkləyir və təklifləri gözləyir”. Bu fikirləri 2005-ci ildə Birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Talassemiyasız həyat naminə” mövzusunda keçirilən tədbirdə səsləndirib.

Onun çağırışına qoşulan müxtəlif qurumlar vaxtaşırı təşkil edilən könüllü qanvermə aksiyalarında iştirak edir. Aksiyalar zamanı toplanan qan irsi qan xəstəliyindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur.

AZƏRTAC-ın əməkdaşları da həmin sosial bəla ilə mübarizəyə qoşulublar. Agentlikdə təşkil edilən aksiyada əməkdaşlar əvvəlcə Qan Bankının mütəxəssisləri tərəfindən müayinə olunublar və sağlamlıq parametrləri uyğun gələn işçilər bu xeyirxah aksiyada həvəslə iştirak ediblər.

Chosen
10
1
azertag.az

2Sources