Qəzza zolağında atəşkəs sazişinin ikinci mərhələsi ilə bağlı danışıqlar hələ başlamayıb, gecikməyə görə məsuliyyət İsrail tərəfinin üzərinə düşür.
“Far.Az” TASS-a istinadən xəbər verir ki, belə iddia ilə HƏMAS-ın Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk çıxış edib.
"Sazişin ikinci mərhələsi üzrə danışıqlar hələ başlamayıb, onların aparılma vaxtı İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-yə səfəri səbəbindən pozulub", - "Sky News Arabia" telekanalı Əbu Mərzuka istinadən qeyd edib.
Eyni zamanda o, danışıqların tezliklə bərpa olunacağına və normal məcraya qayıdacağına ümidvar olduğunu deyib. Əbu Mərzukun sözlərinə görə, hərəkat İsraillə razılaşmanın ikinci mərhələsində ilk növbədə FƏTH hərəkatının liderlərindən biri olan Mərvan Barquti və Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsinin baş katibi Əhməd Saadatın azad edilməsinə nail olmaq istəyir.
Dünən “Ynet” portalının verdiyi məlumata görə, İsrail nümayəndə heyəti Qəzzada atəşkəs sazişinin texniki detallarını müzakirə etmək üçün Qətərin paytaxtı Dohaya gedib. Məlumata görə, nümayəndə heyətinə "Mossad", Ümumi Təhlükəsizlik Xidməti və ordunun nümayəndələri, həmçinin oğurlanmış və itkin düşmüş şəxslərlə iş üzrə koordinator Qal Hirş daxil olub. Öz növbəsində, İsrailin Kan dövlət televiziya və radio şirkəti bildirib ki, Netanyahu ABŞ-dən qayıtdıqdan sonra fevralın 11-i və ya 13-də Nazirlər Kabinetinin Qəzzada girovların azad edilməsi ilə bağlı razılaşmanın ikinci mərhələsi üzrə danışıqlara həsr olunmuş iclasını keçirməyi planlaşdırır.