EN

Hansi Flik Ansu Fati ilə açıq söhbət etdiyini bildirdi

“Barselona”nın alman baş məşqçisi Hansi Flik “blauqrana”nın ispaniyalı cinah hücumçusu Ansu Fati ilə açıq söhbət etdiyini bildirib.

Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, alman mütəxəssisin bu barədə qənaətini təqdim edir:

“Mən Ansu Fati ilə tamamilə açıq surətdə söhbət aparmışam. Belə olmur ki, məşqçi ilə danışdın, ertəsi gün isə hər şey dəyişsin. O, doğru yoldadır. Mən onun yüksəkdə olduğu çox məqamları görmüşəm. Elə, bu da bizim nail olmağa çalışdığımız səviyyədir”, deyə Hansi Flik vurğulayıb.

Xatırladaq ki, digər klublardan təkliflər almasına, həmçinin “Barselona” rəhbərliyinin onu icarəyə getməyə dilə tutmasına rəğmən, Fati cari mövsümün sonuna qədər “blauqrana”nın əsas heyətində yer uğrunda mübarizə aparmağı qarşısına məqsəd qoyub. İstedadlı gənc futbolçu silsilə zədələr nəticəsində malik olduğu istedadı tamamilə aça bilmir.

Mütəmadi surətdə zədələr alan Fati əsas komandada möhkəmlənə bilmədiyi üçün, “Barselona” gənc futbolçusunun oyun təcrübəsini təmin etmək məqsədilə, ötən mövsüm Fatini “Brayton”a carəyə vermşdi. Özünü təsdiqləmiş Fati cari mövsümdə “Barselona”ya qayıdıb. Fatinin “blauqrana” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fati “Barselona”nın heyətində bütün yarışlarda məhsuldar fəaliyyəti ilə fərqlənmədiyi 8 oyun keçirib.

Fatinin “blauqrana”nın heyətində çıxışının ümumi mənzərəsi 120 oyun, 29 qol və 9 məhsuldar ötürmədən ibarətdir.

Ansu Fati 2020-ci ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 10 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

Fatinin qənimətlər muzeyində “Barelona” ilə qazandığı İspaniya Liqası çempionluğu, İspaniya Kuboku və İspaniya Super Kuboku var. Fati həmçinin İspaniya yığması ilə UEFA Millətlər Lqiasının (2023) qalibi olub.

“Transfermarkt” internet-portalı 22 yaşlı ispaniyalı sol cinah hücumçusunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Chosen
26
1
arena.az

2Sources