"Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev QHT.az-a açıqlamasında Bakı şəhərinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə 2025-2030-cu illər üçün dövlət proqramının əhəmiyyətini vurğulayıb. O bildirib ki, proqram çərçivəsində nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi şəhərdə nəqliyyat sıxlığının azalmasına töhfə verə bilər. Bununla yanaşı, o, dəyişən iş qrafikinin tətbiqinin də proqramın tərkib hissəsi kimi nəzərdən keçirilməsinin vacibliyini qeyd edib.
Əliməmməd Nuriyevin sözlərinə görə, dəyişən iş qrafiki tətbiq olunarkən qanunvericilikdə bir sıra dəyişikliklər edilməlidir. İlk növbədə, Əmək Məcəlləsində iş vaxtının tənzimlənməsi ilə bağlı müəyyən dəqiqləşdirmələr aparılmalı, qısaldılmış və qeyri-standart iş rejimlərinə dair anlayışlar genişləndirilməlidir. Xüsusilə gecə və qeyri-iş saatlarının tənzimlənməsi üçün Əmək Məcəlləsinin 90-cı və 96-cı maddələrinə əlavə düzəlişlər tələb oluna bilər:
"Birincisi, qanunvericilik tənzimlənməsi. Dəyişən iş qrafiki ilə bağlı aşağıdakı qanunvericilik aktlarına dəyişiklik edilməlidir. Yeni qaydalar müəyyən edilməlidir. İlk növbədə, Əmək Məcəlləsinin bir sıra normalarına dəyişikliklər edilməsi çox vacibdir. İş vaxtının tənzimlənməsi ilə bağlı Əmək Məcəlləsində iş vaxtının adı, qısaldılmış və qeyri-standart rejimlər göstərilir. Dəyişkən qrafikin tətbiqi üçün bu anlayışlar dəqiqləşdirilməli və normativ çərçivə genişləndirilməlidir. Yəni dəyişən qrafik nədir, bütövlükdə qısaldılmış iş vaxtı necə olacaq – bunlar hamısı məzmun baxımından dəyişməlidir. İkinci istiqamət gecə və qeyri-iş saatlarıdır. Əgər dəyişən qrafik gecə saatlarına təsir edirsə, Əmək Məcəlləsinin 90-cı maddəsi (gecə vaxtı iş) və 96-cı maddəsi (qeyri-iş günlərində iş) üzrə əlavə tənzimləmələr tələb oluna bilər. İş vaxtının uçotu da önəmlidir. Cəmlənmiş iş vaxtı mövcuddur və bütövlükdə işəgötürənlər üçün aylıq iş saatlarının hesablanması mexanizmi yenidən müəyyən edilməli, elektron uçot sistemləri daha da gücləndirilməlidir. Həmçinin, “Dövlət qulluğu haqqında” Qanunda mühüm dəyişikliklər edilməsi çox vacibdir. Dövlət qulluqçularının dəyişən qrafiklə işləməsi üçün qanunda konkret prosedurlar və icazə mexanizmləri müəyyən edilməlidir. Təhsil və tibb sektorları üçün xüsusi qaydalar müəyyənləşdirilməlidir. Təhsil müəssisələrinin dərs saatlarına uyğunlaşdırılması üçün “Təhsil haqqında” Qanuna əlavələr edilə bilər. Tibb müəssisələrində növbəli iş rejiminin dəyişməsi Əmək Məcəlləsi, Səhiyyə haqqında qanunvericilik və müvafiq normativ aktlarla tənzimlənməlidir. Digər mühüm məsələ işçi hüquqlarının qorunmasıdır. İş rejimi işçi hüquqlarına birbaşa təsir göstərə biləcəyi üçün bir sıra aspektlər diqqətdə saxlanmalıdır".
Dəyişən iş qrafikinin işçi hüquqlarına təsirinə toxunan Əliməmməd Nuriyev bildirib ki, əmək müqavilələrində yeni iş rejiminin detalları əks olunmalı və işçilərin razılığı alınmalı, həmçinin iş saatlarının qeyri-bərabər bölgüsünün qarşısını almaq üçün maaş və sosial təminat məsələləri diqqətlə tənzimlənməlidir:
"Birincisi, əmək müqavilələrinin yenilənməsi. İşçilər iş vaxtı və rejimi haqqında aydın məlumat almalıdırlar. Qanunvericiliyin tələblərinə əsasən, əgər əmək müqavilələrində dəyişiklik edilirsə, işçinin razılığı olmalıdır və bu dəyişikliklər müqavilədə öz əksini tapmalıdır. İkincisi, əməkhaqqının qorunmasıdır. Dəyişən qrafik iş saatlarının qeyri-bərabər bölünməsinə səbəb ola bilər ki, bu da həftəlik normativ iş saatlarının və əməkhaqqının balanslı bölüşdürülməsini təmin etməlidir. İş saatlarının düzgün bölüşdürülməsi təmin edilməlidir. Gecə saatlarında və əlavə iş saatlarında çalışan işçilərə daha yüksək ödəniş edilməlidir. İstirahət və sosial təminat hüquqlarına əməl edilməsi də çox vacibdir. Qanunvericilikdə istirahət günlərinin planlaşdırılması və işçilərin şəxsi həyatına müdaxilə edilməməsi üçün xüsusi tələblər müəyyən edilməlidir. İşçilərin dəyişən qrafikə adaptasiyası üçün psixoloji və sosial dəstək mexanizmləri yaradılmalıdır. Ailəli işçilər üçün müəyyən güzəştlər nəzərdə tutulmalıdır. Valideynlərin iş qrafiki uşaqların məktəb cədvəlinə uyğunlaşdırılmalıdır. Hamilə və azyaşlı övladı olan işçilər üçün xüsusi iş rejimləri tətbiq edilməlidir. Nəqliyyat xərclərinin kompensasiyası da diqqətə alınmalıdır. İş saatlarının dəyişməsi bəzi işçilərə əlavə nəqliyyat xərcləri yarada bilər. Buna görə də dövlət tərəfindən nəqliyyat subsidiyaları nəzərdən keçirilməlidir. Həmçinin, dəyişən iş qrafikinə keçid hüquqi mübahisələrə səbəb ola bilər. Bu kimi problemlərin qarşısını almaq üçün işçilərin dəyişən iş qrafikinə yazılı razılığı alınmalıdır. Yeni sistemə keçidlə bağlı mübahisələrin həlli üçün Əmək Məcəlləsində keçid müddəaları əlavə edilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq monitorinqlər aparılmalıdır. Eyni zamanda, dəyişən iş qrafiki nəqliyyat axınının tənzimlənməsi baxımından faydalı olsa da, işçilərin hüquqları qorunmadan həyata keçirilməməlidir. Qanunvericilikdə əmək müqavilələri, iş vaxtı uçotu, maaş və sosial təminatlar baxımından dəqiq dəyişikliklər edilməli və işçilərin razılığı əsas götürülməlidir".
Beynəlxalq təcrübəyə əsaslanaraq, Londonda dövlət və özəl sektorlarda dəyişən iş saatlarının tətbiq edildiyini qeyd edən Əliməmməd Nuriyev, bu sistemin nəqliyyat axınının tənzimlənməsində uğurlu nəticələr verdiyini vurğulayıb. O hesab edir ki, Azərbaycanda da dəyişən iş qrafiki müvafiq qanunvericilik və işçi hüquqları qorunmaqla tətbiq oluna bilər:
"Yeri gəlmişkən qeyd edim ki, beynəlxalq təcrübədə də bu məsələlər dəyişən iş vaxtı rejimi çərçivəsində tətbiq olunur və bir çox ölkələrdə uğurlu nəticələr əldə edilmişdir. Məsələn, Londonda özəl sektordan dövlət sektoruna qədər bir çox sahələrdə iş vaxtları dəyişdirilmişdir. İşçilər müxtəlif saatlarda işə getmək üçün müəyyən rejimlərə uyğunlaşdırılmışdır ki, bu da pik saatlarında tıxacın azalmasına gətirib çıxarmışdır. Düşünürəm ki, Azərbaycanda da uyğun qaydada özəl sektorun iş rejimi müxtəlif qrafiklər əsasında təşkil oluna bilər".
Pərvanə Fərhadqızı
QHT.az