EN

Azər Bağırov və Elmar Baxşıyevdən heç-heçəyə şərh

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, qolsuz başa çatmış matçdan (0:0) sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun oldu. Buradan xalsız dönmək istəmirdik. Zədəli, cəzalı futbolçularımız vardı. Buna baxmayaraq, rotasiya edə bildik. Oyunda məğlub da ola bilərdik. Rəqibin ustalığı, keyfiyyəti göstərdi ki, futbol oynaya bilirlər. Futbolçularıma təşəkkür edirəm. Meydanda vuruşdular. Bəlkə də birinci hissənin sonunda təkbətək epizodu vura bilsəydik, nəticə tam başqa cür olardı. Rəqib üstümüzə daha çox gəlməyə başlayacaqdı. İkinci hissə bizim üçün çətin başladı. Amma yekunda bir xal qazandıq. Məncə, yaxşı nəticədir”.

Azər Bağırov Paçu Liranı əvəzləməsinin səbəbini də açıqlayıb: “Hücumu daha da gücləndirmək istədim. Paçu hücumun axarına açılan oyunçu deyil. Sadiq Şəfiyevdə irəli açılmaq daha qabarıq görünür. Ona görə də daha çox hücumu gücləndirmək istədik”.

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev isə heç-heçəyə belə şərh verib:

“Ağır oyun alındı. Hər iki komanda mübarizə apardı. Çoxlu epizoda girdik. Sadəcə, dəyərləndirə bilmədik. Yolumuza davam edirik. Çalışıb daha da artığını etməliyik ki, qarşıdakı matçlarda istədiyimiz nəticələrə gəlib çataq. Hər iki cəbhədə oynamağa çalışacağıq. Futbolçularıma güvənirəm, inanıram. Bu futbolçularla da istədiyimiz nəticəni əldə edə bilərik. Ramon Maçadonun yoxluğuna gəlincə, bunun təsir etmədiyini desəm, yalan danışmış olaram. Maçado önəmli oyunçumuz olduğundan hücumlar daha çox onun üzərində qurulur. Optimist olmalıyıq. Hər futbolçu onu layiqincə əvəzləməyə hazırdır. Əyyub Allaşa gəlincə, 2 gündür bizə qoşulub. Ona da vaxt lazımdır”.

Chosen
40
arena.az

1Sources