EN

Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? – ŞİKAYƏT + AÇIQLAMA

Məsələ ilə bağlı Respublika Pediatriya Mərkəzi sorğumuzu cavablayıb. Mərkəzdən bildirilib ki, həkimlərin bonuslarının ödənilməsi mərhələli şəkildə həyata keçirilir:

“May, iyun və iyul aylarına aid bonuslar artıq 7 fevral tarixində ödənilib. Avqust, sentyabr və oktyabr aylarının bonusları isə 14 fevral tarixinədək ödəniləcək. Noyabr və dekabr aylarının bonusları isə 10 mart tarixinədək ödənilməsi planlaşdırılır.

Bonusların hamısının eyni vaxtda ödənilməsinə həkimlər etiraz etdiklərinə görə, artıq hər 3 aylıq bonus yanvar, fevral və mart aylarında hesablanaraq ödəniləcək. Bu addım, gəlir vergisinin daha yüksək tutulmasının qarşısını almaq məqsədilə atılıb”.

Həmçinin qeyd edilib ki, gecikmənin əsas səbəbi qurumun yeni fəaliyyətə başlaması və bununla bağlı müəyyən inzibati proseslərin tamamlanmasıdır:

”Hazırda bütün ödənişlər mərhələli şəkildə həyata keçirilir və bu istiqamətdə işlər davam etdirilir”.

 

Bakıda Respublika Pediatriya Mərkəzinin əməkdaşlarının bonusları tam verilməyib.

 

Məsələ ilə bağlı mərkəzin əməkdaşları Bakuplus.az-ın redaksiyasına şikayət ünvanlayıblar.

 

Onların sözlərinə görə, doqquz aydır ki, bonusları gecikdirilir. Bir neçə gün öncə isə bonusların bir qisminin ödənişi edilsə də, məbləğ tam ödənilməyib. Baş həkim bunun səbəbini işçilərə belə izah edib ki, aprel və may ayında sözügedən mərkəzin işçiləri bu qurumda rəsmi qeydiyyatda olmadıqları üçün həmin aya aid bonusların ödənişi edilməyib.

Qeyd edək ki, sözügedən mərkəzin binası daha əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Kliniki Tibbi Mərkəzin icraatında olub. Respublika Pediatriya Mərkəzi yaradılan zaman işçilər yeni quruma işə gec götürüldüyü üçün 2 ay maaş ala bilməyiblər.

Bildirilir ki, hazırda tibb ocağında çalışan həkimlərin bonuslarının üçdə biri köçürülüb. Yerdə qalan 1000 manatdan çox pulun isə mənimsənildiyi iddia edilir.

Mərkəzin həkimləri iş saatının çox olmasından və mərkəzin direktoru Azər Əhmədovun kollektivdə ayrıseçkilik yaratmasından narazılıq ediblər. Onlar rəsmi iş saatının 09:00-da başlamasına baxmayaraq, bəzi həkimlərdən 08:30-da işə gəlmələrini tələb etdiyini və 08:30-dan gec gələnlərin maaşlarından ödəniş tutulacağı ilə hədələdiyini qeyd ediblər. Eyni zamanda bir sıra həkimlərə belə tələb irəli sürülməyib.

Məsələ ilə bağlı Respublika Pediatriya Mərkəzinə sorğu ünvanlamışıq.

Chosen
20
1
sfera.az

2Sources