EN

Kilikiya erməni katolikosu Trampı öz oyunlarında alətə çevirmək istəyir...

Image

Qasım Hacıyev: “Kilikiya katolikosu ABŞ prezidentini böyük erməni oyununa alət etməklə nəyəsə nail olmaq istəyir, amma unudur ki...” 

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsinin keçirilməsi Ermənistanı və xaricdəki erməni lobbisini ciddi narahat edir, onlar ən müxtəlif səviyyədə əl-ayağa düşüblər ki, ittiham olunan şəxsləri bəlkə hansı yollarlasa xilas edə bilərlər.

Başdan erməni kilsəsi təxribatçı mövqeyi ilə seçilib, ittiham olunan şəxslərin buraxılmasına nail olmaq üçün hər cür əmələ əl atıblar. Erməni Qriqoryan Kilsəsinin rəhbəri II Qareginin əlinə bir şey keçmədiyi, bütün müraciətləri havada qaldığı üçün erməni lobbisi indi də ortaya  Böyük Kilikiya Evinin katolikosu I Aramı salıblar.  

I Aram öz işi ilə məşğul olmaq, haqqın-ədalətin bərpa olunmasına çalışmaq əvəzinə öz erməniliyindən qalmayıb və ABŞ prezidenti Donald Trampa məktub göndərib ki, Azərbaycan məhkəməsində müxtəlif maddələr üzrə ittiham olunan şəxslərin azad edilməsinə kömək etsin. O, Trampı bununla bağlı “tədbirlər görməyə” çağırıb. 

O, məktubunda ermənilərin beynəlxalq təhlükəsizlik zəmanəti ilə  Azərbaycan ərazisinə qayıtmaq “hüququnu” da yazıb, Trampı Qarabağla bağlı “seçki mövqeyini təsdiqləməyə” çağırıb.

I Aram  ABŞ prezidentini Azərbaycan məhkəməsinə müdaxilə etməyə, ittiham olunan şəxslərin dərhal “azad edilməsini təmin etməyə” çağırıb.

Başa düşmək olmur ki, hansı əsasla Tramp bizim məhkəməyə müdaxilə və təsir edə bilər? 

I Aram hətta ABŞ prezidentini Bakıdakı məhkəmənin iclaslarının keçirilmə məsələsinə də diqqət yetirməyə səsləyib. 

Azərbaycanda məhkəmənin hansı şəkildə keçirilməsini Tramp, I Aram yox, ölkənin məhkəmə qanunvericiliyi tənzimləyir, məhkəmələr müstəqildir və onun işinə müdaxilə yolverilməzdir.

“İnanmıram ki, Kilikiya katolikosunun bu təxrubatçı məktubuna Tramp onu qane edən cavabı versin”

AMEA-nın şöbə müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, I Aram bu məsələyə müdaxilə etməklə həm Azərbaycanın daxili işlərinə qarışır, həm də məhkəmənin gedişinə əsassız olaraq beynəlxalq təzyiq vasitələri formalaşdırmağa çalışır. I Aramın ABŞ prezidentinə məktubunun tamamilə yersiz olduğunu deyən Q.Hacıyev hesab edir ki, o, Trampı da öz çirkin məqsədlərinə alət etmək istəyir. “I Aram yenə də əl-ayağa düşüb erməni xalqının “müqəddəratı” ilə məşğul olmağa, Qarabağın guya ermənilərin “vətəni” olduğunu, onların geri qayıtmaq “hüququnun” olmasını iddia etməyə başlayıb. Bu azmış kimi, Azərbaycan məhkəməsində müxtəlif maddələr üzrə ittiham olunan, təqsirləndirilən şəxslərin azad olunmasını “tələb edir”. Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin azadlığa buraxılmasına çalışan I Aram ABŞ prezidentini bu çirkin oyuna alət etməyə çalışır. Kilikiya katolikosu ABŞ prezidentini böyük erməni oyununa alət etməklə nəyəsə nail olmaq istəyir, amma unudur ki, Azərbaycan müstəqil dövlətdir, Azərbaycan məhkəməsi müstəqildir və onun işinə heç kəs müdaxilə edə bilməz. Təsdirləndirilən şəxslərlə bağlı qərarı Azərbaycan məhkəməsi verə bilər, hansısa ölkələrin rəhbərləri, yaxud I Aram və başqaları verə bilməz”. 

Q.Hacıyev xatırlatdı ki, Azərbaycan torpaqları işğalda olduğu dövrlərdə I Aram daim separatizmə dəstək verirdi, 2023-cü ilin sentyabrından sonra isə Qarabağdan könüllü köçüb getmiş ermənilərin “öz müqəddəratını təyin etmə hüququndan” danışırdı və bəyanatlar verirdi. Q.Hacıyevin sözlərinə görə, Livanda oturub Cənubi Qafqaza, xüsusən də Azərbaycanın daxili işlərinə müdaxilə etməyə davam edən I Aram heç zaman sülhü, əminamanlığı dəstəkləməyib.

Q.Hacıyevin sözlərinə görə, Kilikiya katolikosunun Trampa məktub yazmasınının kökündə keçən il Trampın səsləndirdiyi fikir olub ki, I Aram ondan ilhamlanıb.  Q.Hacıyev xatırlatdı ki, D.Tramp 2024-cü il noyabrın 1-də ABŞ prezidentliyinə namizəd kimi I Arama zəng edərək Qarabağdan könüllü köçüb getmiş ermənilərə dəstəyini ifadə edib, eyni zamanda onların təhlükəsizlik zəmanəti ilə geri qayıtmaq hüquqlarından danışıb, bu da I Aramı qanadlandırıb və o da məktubunda Trampa həmin telefon zəngini xatırladıb. “Tramp prezidentliyə namizəd olanda xristianların hüquqlarını qorumağı bəyan etmişdi. Həm bu amil, həm də Trampla aralarında olan telefon danışığı I Arama həvəs verib ki, bunları ABŞ prezidentinə xatırlatmaqla guya nəyəsə nail ola bilər. Əslində, I Aram bununla öz məkrli niyyətlərini həyata keçirə bilməz. Seçki təbliğatı zamanı Tramp çox söz deyə bilərdi, amma bu o demək deyil ki, o dediklərinin hamısını yerinə yetirməlidir. Baydendən əlləri çıxdı indi də Trampı ələ alıb öz absurd iddialarına, yalanlarına şərik etmək istəyirlər. I Aramın erməni diaspor üzvləri arasında öz nüfuzunu saxlamaq üçün əl atmadığı vasitə qalmayıb. Trampa məktubu da bu qəbildəndir.  Amma inanmıram ki,  Kilikiya katolikosunun bu təxrubatçı məktubuna Tramp onu qane edən cavabı versin. Təbii, seçkiqabağı təbliğat zamanı Tramp ermənilərin dəstəyini qazanmaq üçün I Aramın nüfuzundan istifadə edə bilərdi, amma bu o demək deyil ki, ABŞ prezidenti Azərbaycanın daxili işlərinə qarışa və bizim məhkəmələrə təsir edə bilər. Xeyr”-deyə Q.Hacıyev  qeyd etdi. 

Q.Hacıyev qeyd etdi ki, Azərbaycan alimlərinin I Arama çoxlu sualları var, o, əvvəlcə bu suallara cavab verməlidir: “Azərbaycan torpaqları 30 il işğal altında qalanda, azərbaycanlılar öz doğma evlərindən didərgin salınanda, azərbaycanlılara məxsus yüzlərlə kənd, şəhərlər, minillər yaşı olan tarixi abidələr, qorduğumuz mədəni irs dağıdılanda, bütün təbii sərvətlərimiz talananda, bütün bu vandalizm aktları törədiləndə I Aram harda yatmışdı? İkincisi, erməni keşişləri, din xadimləri həmişə ermənilərə rəhbərlik edib onları uçuruma aparıblar. Zaman-zaman onlara rəhbərlik edib guya onların “azadlıq mübarizəsini” aparıblar, onlara “doğru yol” göstəriblər. Amma erməni din xadimlərinin göstərdikləri yolun heç birinin yaxşı olduğunu görmədik. Ona görə ki, yalançı dövlət, yalançı tarix, uydurma ideologiya erməniləri uçuruma yuvarladı. Azərbaycanlıların heç bir təsiri olmadan ermənilərin öz avantürası, pis niyyətləri onları elə vəziyyətə salıb ki, onların region dövlətləri arasında heç bir hörməti, etibarı yoxdur. Bütün dövlətlər, liderlər onları hiyləgər və yalançı kimi tanıyır. Dövlətçilik ənənəsi, dövlətçilik ideyası, səmimi diplomatiyası yox olan bir dövlətə, xalqa bütün dünya mənfi yanaşır. Bunların dinlərində də, dövlət idarəçiliyində də normal bir yanaşma yoxdur ki, normal siyasət yürütsünlər. Əvvəlcə dönüb özlərinə baxsınlar, dostlarını-düşmənlərini ayırd etsinlər, ondan sonra Azərbaycana qarşı hansısa iddia qaldırmaqdan danışsınlar. Danışmağa heç haqları da yoxdur.

Digər tərəfdən, I Arama xatırlatmaq lazımdır ki, sənin Azərbaycandan hər hansı bir şikayət etməyə haqqın yoxdur və get, öz işinlə məşğul ol. Erməni kilsəsi təxribatlarını dayandırmalıdır, əks halda növbəti dəfə özlərinə ziyan vurmuş olacaqlar. 

Ermənilərin dinc yaşamasını istəyən din xadimi onlara qonşu xalqlarla, dövlətlərlə münasibətdə diqqətli olmağı, işğalçılıq siyasətindən əl çəkməyi tövsiyə etməlidir. Amma onlar bunu etmirlər, əksinə, erməniləri cinayət törətməyə, işğala təşviq edirlər”.

İradə SARIYEVA 





Chosen
34
baki-xeber.com

1Sources