Bütün iradlara baxmayaraq, prezident Donald Tramp ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinə son qoymaqda israrlıdır. Tramp administrasiyası müstəqil agentlik kimi fəaliyyət göstərən USAID-i bağlayacağını və federal bürokratiyaya qarşı daha geniş mübarizə aparmaq məqsədilə onu Dövlət Departamentinin tabeliyinə keçirəcəyini bildirdikdən sonra təşkilat siyasi müzakirələrin mərkəzinə çevrilib.
Amerikalı milyarder İlon Mask USAID-i cinayətkar təşkilat adlandırıb, xarici yardımlarını “çirkli pulların yuyulması” ilə müqayisə edib və qurumun işçilərini “radikal sol qlobalistlərin aləti” adlandırıb.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts qeyd edi rki, USAID-in fəaliyyəti Vaşinqtonun öz strateji maraqlarını təmin etməsinə kömək etmir: “ABŞ prezidenti Donald Tramp, dövlət katibi Marko Rubio, İlon Mask, mən özüm və USAID ilə işləyən bir çox şəxs hesab edir ki, çox vaxt onun missiyaları və proqramları Çinlə qarşıdurmada daxil olmaqla ABŞ-ın strateji maraqlarına cavab verməyib”. Xatırladaq ki, ABŞ administrasiyası fevralın 3-də USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb. Trampın qərarı ilə dövlət katibi Marko Rubio bu qurumun müvəqqəti başçısı təyin edilib. USAID-ə qarşı tədbirlər Trampın əvvəllər ABŞ hökumətinin səmərəliliyinin artırılması, şişirdilmiş dövlət aparatının azaldılması və bürokratiya ilə mübarizə üzrə yeni qurumun rəhbəri təyin etdiyi amerikalı milyarder İlon Maskın təşəbbüsü ilə qəbul edilib. USAID-lə bağlı baş verənlər Demokratlar Partiyasının təmsilçilərini güclü şəkildə hiddətləndirib. Konqresin bu partiyadan olan təmsilçiləri Donald Trampın agentliyi bağlamağa səlahiyyətlərinin çatmadığını bildirirlər. Xatırladaq ki, USAID uzunmüddətli iqtisadi və sosial inkişafa yardım göstərmək adı ilə formalaşdırılıb. Qurumun ayrı-ayrı ölkələrdə müxtəlif proqramlarla, əsasən, kənd təsərrüfatı, ticarət, qlobal səhiyyə, demokratiyanın inkişafı və humanitar məqsədlər üçün yardımlar ayırdığı iddia olunur. Lakin bu iddiaların əksinə olaraq, USAID yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə fəal şəkildə müdaxilə etməyə, qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışıb. Azərbaycan tərəfi dəfələrlə USAID-i region ölkələrinə münasibətdə qərəzli mövqe sərgiləməkdə ittiham edib, ölkəmizdə bu təşkilata ehtiyac olmadığına dair fikirlər səsləndirilib. Vaşinqtonda fəaliyyət göstərən “Hudson” İnstitutunun aparıcı eksperti Mayk Doranın sözlərinə görə, görünür ki, Donald Tramp və İlon Mask da Azərbaycanla eyni fikirləri müdafiə edir. Onun sözlərinə görə, Donald Tramp və İlon Mask həllinə ehtiyac duyulan real problemlərin olduğunu qəbul edirlər: “USAID Amerikanın xarici siyasətinin bir qolu olmaqdan çıxıb və qlobal proqressiv hərəkatın alətinə çevrilib. Hesab edirəm ki, bu təşkilat həqiqətən də bir çox ölkələrin, o cümlədən öz ölkəmizin daxili siyasətinə çox açıq şəkildə müdaxilə edir”. Bunlar fonunda müxtəlif ölkələrdə, o cümlədən Cənubi Qafqazda xaos, vətəndaş qarşıdurması mexanizminin icraçısı olan USAID-in ifşası davam edir. Məclisin deputatı Könül Nurullayevanın sözlərinə görə araşdırmalar göstərir ki, USAID 707 media, 6200 jurnalist və jurnalistika sahəsində çalışan 279 QHT-ni maliyyələşdirib. Bu maliyyələşmənin müstəqil siyasət yeridən dövlətlərə qarşı qarayaxma kampaniyalarına yönəldiyinə artıq şübhə yeri qalmır. Onun sözlərinə görə, tam həqiqətdir ki, Azərbaycanda 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə keçirilən ilk Avropa Oyunları da daxil olmaqla, həmçinin 44 günlük Vətən müharibəsi vaxtı, Laçın yolunda ekoloqların aksiyaları, COP29 dövründə beynəlxalq mediada ölkəmizə qarşı aparılan çirkin kampaniyanın da arxasında elə USAID dayanırdı: "Rəsmi Bakı USAID-in fəaliyyəti üçün hüquqi əsas olmadığı və işini dayandırması barədə ABŞ-a bildiriş göndərib. Azərbaycan da başda olmaqla, bir çox ölkələr bu təşkilatla əməkdaşlığa son qoyur".
USAID-in "radikal dəlilər tərəfindən idarə olunan" cinayətkar təşkilat olmasının təsdiqini tapdığını bildirən deputat qeyd edib: "ABŞ prezidenti Donald Tramp USAID-i ölkə büdcəsindən əsassız olaraq böyük məbləğdə pul “yeyən” struktur hesab edir. USAID-in düzgün icra olunmayan və ya gözlənilən nəticəni verməyən müqavilələrinin ləğvindən əldə edilən qənaət 110 milyon dollara çatıb. Bağlanan proqramlar arasında mediaya, jurnalistlərə və qeyri-kommersiya təşkilatlarına maliyyə dəstəyi də daxildir. Hazırda USAID-in əsl mahiyyəti çox dəqiqliklə ifşa olunur". Deputatın fikrincə, Demokratlar Partiyası haqqında bir neçə müsbət məqaləyə görə “Politico”ya 8 milyon dolların ödənməsi vergi ödəyiciləri hesabına edilən və ABŞ-ın yeni hakimiyyəti tərəfindən qəzəblə qarşılanan investisiyanın tərkib hissəsidir. Geniş mənada söhbət siyasi proseslərə, o cümlədən müxtəlif səviyyələrdə seçkilərə, vətəndaş cəmiyyəti institutlarına qrantların paylanması yolu ilə təsir etmək cəhdlərindən gedir: "Bir sözlə, USAID fəaliyyəti dövründə heç vaxt ikitərəfli humanitar əməkdaşlığın inkişafının təşviqi ilə bağlı bəyan edilmiş məqsədlərə cavab verməyib. Təşkilat ölkələr daxilində xaos yaradan media orqanları və QHT-lərin əsas sponsoru olub. Bu cinayətkar təşkilat Əfqanıstanda narkotik istehsalına, eyni zamanda, “Əl-Qaidə” təşkilatına dəstək verməkdə də ittiham olunur. Bu qurumun fəaliyyətinin dayandırılması iğtişaşlar yaratmaq, sabitliyi pozmaq cəhdlərinin qarşısının alınması deməkdir. Bir çox ölkələr Trampın təşkilatın fəaliyyətinin 3 aylıq dondurulması mexanizminin həmişəlik qüvvədə qalmasını arzulayır". Yuxarıda qeyd olunduğu kimi USAID-lə bağlı baş verənlər Demokratlar Partiyasının təmsilçilərini narazı salıb. Ekspert Mayk Doranın fikrincə, bu məsələ ətrafında böyük mübarizənin gedəcəyi gözlənilir: “USAID qanunla yaradılmış bir təşkilatdır. Deməli, bunu yalnız prezidentin imzası ilə aradan qaldırmaq mümkün olmayacaq. Beləliklə, böyük mübarizə gedəcək. Bunun necə nəticələnəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Amma hesab edirəm ki, örtük götürülüb və biz hamımız indi USAID-i görürük. Bilirik ki, ən azından onun həqiqətən də islahatlara ehtiyacı var”. Gürcü ekspert Vado Şakarişvili isə bildirir: “Biz Gürcüstanda və Azərbaycanda dəfələrlə bəyan etmişik ki, USAID-dən gələn pullar milli maraqlarımız üçün xərclənməyib. Bu pullar ABŞ-ın əvvəlki administrasiyasının və onun arxasında dayanan qrupların - Dərin Dövlət və Qlobal Müharibə Partiyasının maraqlarını həyata keçirmək üçün xərclənib. USAID dünyada “ailə dəyərlərinə, milli əxlaqa zidd olan “liberal-woke” ideologiyası, transgenderizm, cinsiyyətin dəyişdirilməsi, LGBT və bu kimi digər dəli ideologiyaları maliyyələşdirirdi. USAID Dərin Dövlətin və Qlobal Müharibə Partiyasının bir aləti kimi dünyada öz kukla hökumətlərinə sahib olmağa çalışırdı. Məqsəd isə özlərinin çirkin siyasi, maliyyə və hərbi maraqlarını həyata keçirmək idi”. Ekspert hesab edir ki, əvvəlki ABŞ administrasiyası USAID-in əli ilə vergi ödəyicilərinin pulunu Ukraynada, Gürcüstanda, Avropada, Qafqazda və dünyada inqilablar və “rejim dəyişiklikləri” üçün xərcləyirdi: “USAID qanla bağlıdır, çünki müharibələr, vətəndaş müharibələri, inqilablar və qeyri-demokratik proseslər onların əlindədir. İndi ABŞ-ın yeni administrasiyasından eşidirik ki, təsəvvürümüzə belə gətirə bilmədiyimiz məlumatlar ortaya çıxır və böyük dəyişikliklər çox sürətlə baş verir. Aparılan araşdırmaların hələ hansı biabırçılıqları üzə çıxaracağını indidən demək çətin olsa da, Bayden administrasiyası və Samanta Pauerin rəhbərlik etdiyi dövrün bu təşkilatın fəaliyyət tarixində ən biabırçı dövr olacağına şübhə yeri qalmır. Buna görə də Dərin Dövlətin çökəcəyinə ümid edirik”. Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Con Kennedi USAID-i 1961-ci ildə “soyuq müharibə” dövründə yaratmışdı. 60 ildən çoxdur missiyasında ciddi təhriflər edən bu təşkilatın fəaliyyəti və maliyyələşmə proqramları ABŞ-da iki əsas partiyanın əsas konfrontasiya mövzularından biridir. Hazırda təşkilatın çoxlu sayda vəzifəli şəxsi məzuniyyətə göndərilib, müqavilələr dayandırılıb, əməkdaşlara Vaşinqtondakı mənzil-qərargahda işə çıxmamaları ilə bağlı bildiriş göndərilib. Həmçinin təşkilatın saytı və sosial şəbəkə hesabları bağlanıb.
Tahir TAĞIYEV