EN

Kremldə çevriliş mümkündür? - Ekspert açıqladı

“Rusiya daxilində hakimiyyət mübarizəsi mümkündür və dəyişikliklər qəfil və şiddətli şəkildə baş verə bilər". 

"AzPolitika" xəbər verir ki, bu fikri “The Sun” qəzetinə müsahibəsində ABŞ müdafiə nazirinin Avropa və NATO siyasəti üzrə keçmiş müavini Yan Bjezinski deyib.

İlyarım əvvəl "Vaqner"in muzdlularının üsyan edib Moskvaya yürüş etdiyini hər kəsin gördüyünü xatırladan Bjezinski, Putinin hələ də Rusiya üzərində çox güclü nəzarəti olduğunu vurğulayıb.

Eyni zamanda, Bjezinski avtoritar rejimin güclü görünməsinə baxmayaraq çox kövrək olduğunu deyib: “Bir dönüş nöqtəsi var və o nöqtəyə çatanda, adətən, hadisələr çox tez və çox şiddətli şəkildə baş verir”.

Bjezinski ABŞ Prezidenti Donald Trampın Ukrayna müharibəsi ilə bağlı mövqeyinə də toxunub və deyib ki, yenidən prezident seçildikdən sonra Trampın mövqeyində dəyişikliklər olub. Siyasətçi qeyd edib ki, Tramp daha əvvəl Ukraynada müharibənin dayandırılmasının ABŞ-nin deyil, Avropa liderlərinin işi olduğu fikrini bildirib.

“Onun o zaman işlətdiyi ritorika ABŞ-nin geri çəkilməsinin Ukraynanı təhlükəli vəziyyətə salacağından qorxan avropalı müttəfiqlərini narahat edirdi. Lakin Tramp Ağ Evə qayıtdıqdan sonra Moskvaya qarşı daha sərt mövqe tutduğu görünür. O, Rusiyanı düşmən adlandırır. O, Ukraynanı tərk etməyəcəyini söylədi”, - deyə o, bildirib.

Siyasətçi Trampın Ukrayna ilə bağlı mövqeyini dəyişməsindən narahat olduğunu da deyib:“Mən hələ də bir az narahatam, amma hələ də müəyyən bir ümidlə izləyirəm”.

“AzPolitika.info”

Chosen
10
1
turanpress.com

2Sources