EN

Fərat çayı boyunca Şərqi Anadolu – REPORTAJ


Hər il Türkiyəyə dünyanın müxtəlif yerlərindən milyonlarla turist gəlir. Ölkə qonaqpərvərliyi, turistlərə yüksək səviyyədə xidməti ilə fərqlənir.
Gender.az xəbər verir ki, qardaş ölkə Antalya, Dalaman, Uludağ, Rize, Konya, Mardin, Pamukqala, Nemrut dağı, Kapadokiya, Efes, Berqama, Diyarbəkir, Sinop, Afrodisyas və s. gözəl məkanları ilə diqqət çəkir. Doğrudan da atalar düz deyir: “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”. Görmək üçün isə yol və istiqamət götürüb getmək lazım gəlir. Təbii ki, məqsədindən və mahiyyətindən asılı olaraq, istiqamət götürdüyün yol ya tez, ya gec, mütləq günlərin birində səni mənzil başına çatdırır.
Yol və istiqamət götürdüyümüz Şərqi Anadolu bizi Bingöl, Tunceli və Elazığ bölgələrinin füsunkarlığı və özünəməxsusluğu ilə valeh edir. Adət-ənənələri, yaşam tərzi, təbiəti ilə müəyyən qədər fərqlilik nümayiş etdirən bu bölgə tarixin sınaqlarından çıxaraq bu günə gəlib çatıb.
Bingöl -Üzən adaların sirri
Qardaş Türkiyənin Şərqi Anadolu bölgəsi tarixi və mədəniyyəti ilə diqqət çəkir. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Turizm Tanıtım və İnkişaf Agentliyinin (TGA) təşkilatçılığı ilə bu bölgəyə baş tutan səfərimizdə Bingöl, Tunceli və Elazığ vilayətlərində olduq. Bizimlə səfərdə Gürcüstandan olan bir qrup jurnalist də iştirak edirdi. Qardaş ölkənin bənzərsiz təbiəti hamını valeh etmişdi.
Beynəlxalq dərəcəli bələdçimiz Mustafa Yalçın Yalçınkaya TGA-nın əsas fəaliyyətinin ölkənin turizm imkanlarını dünyaya tanıtmaqla məşğul olduğunu deyir. İdman, mədəniyyət və digər sahələrlə bağlı layihələr reallaşdıran Agentliyin turizm və mədəniyyəti bir arada tutmaqda qərarlı olduğunu qeyd edir. Onun sözlərinə görə, “Go Türkiye” proqramı çərçivəsində budəfəki layihə Firat çayı boyu ərazilərlə bağlı maarifləndirmədir. Bölgənin turizm potensialından danışan bələdçimiz buranın öz dəyərlərinə, mədəniyyətinə sadiq olduğunu vurğulayır.
Səyahətimizə başladığımız ilk məkan əvvəlki adı Çapaqçur olan Bingöldür. Bu vilayət əvvəlcə Qaraqoyunluların, sonra Ağqoyunluların tabeliyində olub. Bu ərazilər Qaraqoyunlular və Teymurilər arasındakı Çapaqçur döyüşünə (1387-ci il), Ağqoyunlularla Qaraqoyunlular arasındakı Sancaq döyüşünə (1467-ci il) şahidlik edib. Çapaqçurun Urartuların sərhədləri içərisində olduğu da məlumdur. Tarixi Urartu yolu da məhz Bingöl şəhərindən keçir. 1946-cı ilə qədər Elazığ və Ərzincana bağlı olan, 1950-ci ildən etibarən Bingöl adlandırılan bu vilayət xüsusilə Üzən adaları və xizək turizmi ilə məşhurdur.
Bingölə gəlib Üzən adaları (Yüzen Adalar) görməmək günah olardı. Elə turistləri də ən çox cəlb edən məhz bu sirli məkandır. Bingöl-Solhan yolundan 4,5 kilometr aralıda yerləşən bu adalarla bağlı müəyyən fərziyyələr söylənilsə də, sirri tam açılmayıb.
Qeyd edək ki, Türkiyədə 22 üzən adacıq var ki, onlardan ən böyük 3-ü məhz Bingölün payına düşür. Bingöl aeroportundan bura gəlmək üçün 3 saata yaxın vaxt qət etdik. Son dərəcə maraqlı yerdir. Haradasa 7-8 nəfərlə adalardan birinin üzərinə çıxdıq. Müəyyən halda batmaq qorxusu da vardı. Maraqlı məqamlardan biri də digər adacıqlara keçmək üçün uzun çubuqlardan istifadə olunmasıdır. Həmin çubuqla adacıqları bir-birinə yaxınlaşdırıb, yan tərəfə keçmək və üzən adanı bütünlüklə seyr etmək mümkündür. Buradan çıxıb Bingölün mərkəzinə doğru irəliləyirik. Vilayətin insanları çox istiqanlı və qonaqpərvərdirlər.
Bingöl həm də Türkiyədə arıçılığın inkişaf etdiyi mühüm vilayətlərdən biridir.
Yeri gəlmişkən onu da qeyd edək ki, bölgənin daha yaxşı inkişafı üçün 2013-cü ildən fəaliyyət göstərən Bingöl hava limanından İstanbula, Ankaraya və əksinə birbaşa uçuşlar həyata keçirilir.
Tunceli, Munzur vadisi və milli parkı
Türkiyənin Tunceli vilayəti də Şərqi Anadolu bölgəsində yerləşir. Tunceli şəhəri isə Munzur axınının sahilindədir. Tunceli 1935-ci ilə kimi Dersim adlanıb və yerli əhalinin əksəriyyəti vilayəti məhz bu adla tanıyır. Bura Munzur vadisi ilə də məşhurdur. 42 hektar ərazisi olan bu vadi 1972-ci ildə milli park elan edilib. Türkiyənin ən böyük milli parklarındandır.
Zəngin təbiəti ilə insanı valeh edən bu ərazidə 1500 bitki növü mövcuddur. Bundan 50-ə yaxını endemik bitkilərdir.
Bələdçimiz Mustafa Yalçın Yalçınkaya AZƏRTAC-a müsahibəsində Tuncelinin iqliminin sərt kontinental olduğunu bildirir. Onun sözlərinə görə, dağların əhatəsində yerləşdiyinə görə bura qışda çox soyuq və qarlı, yayda isə çox isti olur. Temperatur bəzən 35-40 dərəcəyə qalxır. Tunceli meşələrində qonur ayı, canavar, maral, cüyür, dağ keçisi, su samuruna rast gəlmək mümkündür. Burada Munzur dağları, Alıcı Baba dağı, Sülbüs dağı, Bağır dağı və s. dağlar vardır. Yol boyu yaşıllıq, ağaclar göz oxşayır.
Yolda dayanıb fasilə verməli oluruq və dayandığımız məkan Teşnik kəndidir. Kənd gözəl mənzərəsi ilə diqqət çəkir.
Tuncelidə ziyarət etdiyimiz son məkan XVI əsrdə inşa edilən Çələbi Ağa Camisi oldu. Bələdçimiz caminin yerinin dəyişdirildiyini bildirir. Onun sözlərinə görə, buna səbəb caminin yerini su basması olub.
Elazığ, iki məşhur sərkərdənin həbsdə saxlanıldığı Harput qalası
Camini tərk etdikdən sonra Elazığa doğru yol alırıq. Yol boyunca ləcivərd Fərat çayı, sonra Pertek qalasını görürük. Mindiyimiz avtobus da, özümüz də bərə ilə çayın o biri üzünə keçirik. Yol boyunca xeyli sayda ada görmək mümkündür.
Çayı keçdikdən sonra yol bizi Elazığın simvolu olan Harput qalasına götürür. Elə Elazığın əvvəlki adı da məhz Harput olub. Tarixilik, mədəniyyət insanı valeh edir.
1862-ci ildən Elazığ Mamurətül-əziz vilayəti adlandırılan bu torpaqlar 1937-ci ildən Elazığ adlanır. Elazığdan Xəzərbaba dağları görünür. Harput qalası Elazığın zirvəsidir. Elazığa gedib Harputu görməmək mümkün deyil. Buradan Elazığı seyr edəndə minillik tarixdən bugünkü dünyaya baxdığını hiss edirsən.
Tarixi yerlər həmişə diqqətimi çəkib. Çünki antik yerlər bizim keçmişimizdən yadigardır. Tarixə “Süd qalası” kimi də düşmüş Harput qalası dağın başında inşa edilib və dağın dərinliyinə qədər uzanır. Urartu dövründə tikildiyi deyilən qalanın dağın dərinliyində yerləşən zindana enmək üçün istifadə olunan 115 pilləkən indiyədək olduğu kimi qorunub saxlanılıb. Təxminən, 4 min il öncə tikilən tunellərə, enişli-yoxuşlu pilləkənlərə sonradan heç bir müdaxilə olmayıb. Pilləkənlərlə Qüds kralı II Baudouin və Urfa qrafı Joselin həbsdə saxlandığı zindana enirik. Adam özünü bir az qəribə hiss edir, insanların burada niyə və hansı səbəbdən dünya işığından məhrum edilməsi barədə fikrə dalırsan. Çox, güman ki, səbəbsiz deyil…Lap aşağıda 3 adamlıq ayrı-ayrı hücrəni görürük.
İç qala və xarici divarlar olmaqla iki hissədən ibarət olan Harput qalası qədim mədəniyyətlərin bir-birinə qarışdığı tarixi antik məkandır. Qədim Harput mədəniyyətini əks etdirən evə çatanda mədəniyyət və tarix bizi elə birinci qapıdan qarşılayır. Muzey kimi fəaliyyət göstərən evin qeyri-adi qapısı unikallığı ilə seçilir.
Qədim evin həyətindən aydın eşidilən azan səsi bizi tarixi Harput “Ulu Cami”sinə səsləyir. Məscidin minarəsi əyridir və bizdə ilk olaraq belə təəssürat yaranır ki, onun kifayət qədər yaşı olduğu üçün minarədə bu cür vəziyyət yaranıb. Lakin bələdçimiz bildirir ki, məscidi inşa edən memar şəhərə gələn qonaqların diqqətini çəkmək üçün onun minarəsini bilərəkdən əyri tikib. Həqiqətən də bu mənzərəni görəndə həmin memarın öz məqsədinə çatdığına əmin olursan. Məscidə daxil olub, dualarımızı edirik.
Harput qalası, Ulu Cami məscidindən sonra Şefik Gül kitab evi bizi bir başqa aləmə aparır. Elazığ mədəniyyətinə çox bağlı olan inşaatçı Şefik Gül rəhmətə gedəndən sonra ailəsi xatirəsinə ehtiram əlaməti olaraq evini etnoqrafik muzey edib.
Şərqi Anadoluda son dayanacağımız Kürk kəndindəki əfsanəvi Eski bağlar oldu.
Hər yolun bir sonu olur. Üç gün davam edən səfərimiz burada başa çatır. Qrupumuz Türkiyənin Şərqi Anadolu bölgəsindən xoş təəssüratlarla ayrılır. Gəlib, görməyə dəyər.








 

Chosen
24
1
gender.az

2Sources