EN

Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa iddiası: Sabiq nazir bu haqda görün nələr dedi - SENSASİYA

"Məni Rusiyaya işləməkdə ittiham etmək çox gülməlidir. Elmar Məmmədyarov 5 ildir vəzifədə deyil, görünür, ona görə də məni belə yolla yada salırlar".

Bunu Teleqraf-a açıqlamasında Rusiyanın Azərbaycandakı şəbəkəsinin üzvü olduğu iddia edilən sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.


O bildirib ki, bu ittihamın heç bir əsası yoxdur:


"Hansısa məmurların qarnı ağrıyır, çünki Elmar Məmmədyarov yenə gündəmdədir. Gün ərzində 20 jurnalistə müsahibə verirəm, həmin adamlar bundan narahatdırlar. Məni Moskva ilə əlaqələndirmək üçün heç bir tutarlı səbəb və əsas yoxdur. Mən həm Ukrayna, həm Rusiya, həm də ABŞ-da təhsil almışam. Bu o deməkdir ki, məni bu ölkələrin agenti adlandırmalıdırlar?!".


Qeyd edək ki, “Qafqazinfo” fevralın 10-da Rusiyanın Azərbaycandakı şəbəkəsinin ifşa olunması barədə xəbər yayıb. İddiaya görə, şəbəkəyə hamının yaxşı tanıdığı, Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü “boz kardinal” statusunda görən Ramiz Mehdiyev rəhbərlik edib. Qrupa, həmçinin sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov daxil olublar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da ara-sıra bu məclislərdə görünüb.


***

Məlum olduğu kimi, Rusiyanın “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılıb. Prosesin detallarına dərindən varmadan deyə bilərik ki, bu qurumun Azərbaycanda casus şəbəkəsi yaratmaqda ittiham olunması ictimaiyyətdə böyük maraq doğurub.

Əslində, Rusiyanın Azərbaycanda belə bir şəbəkə qurduğu və onun vasitəsilə ictimai-siyasi proseslərə təsir göstərməyə çalışdığı bu günün söhbəti deyil. Zaman-zaman bəzi şəxslər Rusiyaya işləməkdə də ittiham olunublar, ən azından buna eyham vurulub.

Lakin “Qafqazinfo”ya daxil olan məlumat həqiqətən də belə bir şəbəkənin mövcud olduğuna heç bir şübhə yeri qoymur.


Əvvəla, qeyd edək ki, “Rus Evi” Bakının mərkəzində, Üzeyir Hacıbəyli küçəsində yerləşib. Bu yerin “Rus Evi” üçün təşkil olunması ilə bilavasitə Elçin Həsənov adlı iş adamı məşğul olub. Onun keçmiş gənclər və idman naziri Azad Rəhimovun qaynı olduğu deyilir.

Məsələnin maraqlı tərəfi də budur ki, “Rus Evi” həmin ünvandan çıxdıqdan sonra da Elçin Həsənov əl-ayağa düşərək “Rossotrudniçestvo”nun Bakı nümayəndəliyinin rəhbəri ilə birlikdə “Rus Evi”ə yeni ofis axtarışına çıxıb. Bir sözlə, E.Həsənov bu problemin həlli üçün bütün imkanlarını səfərbər edib və ciddi cəhdlə çalışır.


Azərbaycanda Rusiya şəbəkəsinə gəldikdə, artıq faktlarla da belə bir şəbəkənin mövcud olduğu təsdiqini tapıb. Şəbəkə üzvlərinin vaxtilə Bakı ətrafındakı yaşayış məntəqələrindən birində, bağda yığışdığı, yeyib-içmək məclislərinin təşkil olunduğu, sağlıqlar deyildiyi məlumdur. Şəbəkə Moskvadan təyin olunmuş və tez tez ölkəmizə gələn kəşfiyyat nümayəndəsi vasitəsilə idarə olunub.


Şəbəkəyə hamının yaxşı tanıdığı, Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü “boz kardinal” statusunda görən Ramiz Mehdiyev rəhbərlik edib. Qrupa həmçinin sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov daxil olublar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da ara-sıra bu məclislərdə görünüb.


Bu şəxslərin indi vəzifədə olmaması o demək deyil ki, əlaqələr yoxa çıxıb. Hazırda da Rusiyanın kəşfiyyat nümayəndəsinin yanına gedənlər, ondan tapşırıqlar alaraq cəmiyyətimizə yanlış mesajlar ötürənlər, aranı qatmağa çalışanlar var. Amma bunlar yavaş-yavaş ifşa olunurlar və zamanla yeni faktların üzə çıxacağı istisna olunmamalıdır.

Chosen
46
49
kanal.az

10Sources