EN

Ukraynadakı Azərbaycan diasporu fəaliyyətini genişləndirir

Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) İdarə Heyətinin növbəti toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, toplantıda Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, UABD İdarə Heyətinin üzvləri, diaspor fəalları, tanınmış iş adamları, ziyalılar və müharibədə döyüşmüş azərbaycanəsilli hərbçilər iştirak ediblər.

Tədbirdə Ukrayna Ali Radası sədrinin müşaviri, UABD sədri Hikmət Cavadov çıxışında çətin müharibə şəraitində fəaliyyət göstərmələrinə baxmayaraq, Azərbaycan icmasının davamlı olaraq bir araya gəldiyini, soydaşlarımızla bağlı qarşıya çıxan problemləri həll etdiklərini, vilayətlərdə fəaliyyət göstərən nümayəndəliklərlə təmasda olduqlarını bildirib.

H.Cavadov qeyd edib ki, azərbaycanlılar hər zaman olduğu kimi, bu ağır müharibə günlərində də ukraynalıların yanında durublar.

Toplantıda müharibə şəraitində olan Ukraynada yaşayan azərbaycanlıların qarşılaşdıqları problemlərə toxunulub, Azərbaycanın Ukraynadakı səfirliyi və konsulluq xidmətinin soydaşlarımızla iş prinsipi, onlara göstərilən qayğı yüksək qiymətləndirilib.

Tədbirdə "Ukrayna-Azərbaycan Müharibə Döyüşçüləri Qardaşlıq Cəmiyyəti"nin həmsədri Vidadi İsrafilov UABD-nin sədr müavini seçilib. Bundan başqa, diaspor fəaliyyətində xüsusi fəallığı ilə seçilən və aralarında iş adamı, elm xadimi, hərbçi, Ukrayna Silahlı Qüvvələrinə dəstək verən könüllülərdən ibarət daha 10 nəfər İdarə Heyətinə qəbul olunub.

UABD tərəfindən maliyyələşdirilən Azərbaycan Evində baş tutan iclasda, həmçinin həyata keçiriləcək layihələr müzakirə edilib. Bu layihələr sırasında Azərbaycanın təbliği, döyüş bölgələrində yaşayan soydaşlarımıza dəstək, dünyasını dəyişən və yaralanan azərbaycanlıların övladlarının təhsil məsələləri xüsusi yer tutub.

6Sources