EN

Elmar Məmmədyarov Rusiyaya da evdən işləyib? Yaxın günlərdə bu məşhurlar HƏBS EDİLƏCƏK

Azərbaycanın yerli mətbuatı Rusiya ilə əməkdaşlıq etdiyi iddia olunan bir sıra keçmiş məmurların adlarını açıqlayıb.

Musavat.com xəbər verir ki, siyahının başında uzun illər Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyev, keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayev və keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarov yer alır. Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudov da bu siyahıda göstərilir.
Bu adların Rusiya simpatizanı və Azərbaycandakı Rusiya icmasının dəstəkçisi kimi çəkilməsi kimsəni təəccübləndirmədi. Hər kəs bilir ki, bu şəxslər həyat və düşüncə tərzləri, mədəni orientasiyası, bioqrafiyaları və yetişdirilmə ideologiyalarına görə “qara(...)qaşlı ruslar”dır.
Məsələn, kim şübhə edər ki, Ramiz Mehdiyev Rusiyaya işləmir? Vətən Müharibəsi ərəfəsində Azərbaycan Prezidenti onu Rusiyaya bağlı olduğu üçün etibarsız element kimi hakimiyyətdən uzaqlaşdırdı. Eləcə də siyasətdəki və ordudakı Rusiya kolonları ustalıqla önəmli pozisiyalardan uzaqlaşdırıldı və neytrallaşdırıldı.
O zaman və ondan əvvəl Rusiyaya “qafa tutmaq”, onun adamlarını silib-süpürmək mümkün deyildi. Şərtlər fərqli idi. Vətən müharibəsindən və Rusiya-Ukrayna müharibəsindən sonra isə vəziyyət dəyişib. Kremlin təhdidkarlıq əmsalı aşağı düşüb, Azərbaycan güclənib, Türkiyə ilə ittifaq qurub.
İndi artıq Rusiyaya qafa tutmaq da olar, onun buradakı agenturasının qafasını qopartmaq da. Görünən budur ki, həmin prosesə start verilib.
Adları çəkilən və çəkilməyən bir sıra önəmli fiqurlar ard-arda həbs oluna bilərlər. Onların içərisində Silahlı Qüvvələrin keçmiş qərargah rəisi Nəcməddin Sadıkov da var. O, ordumuzdakı "5-ci kolon"un əsas siması, hazırda da funksional olan rəhbəridir.
Qandallanmağa əsas namizədlərdən biri isə keçmiş MTN naziri Eldar Mahmudovdur. O, Rusiyanın Azərbaycan hakimiyyət strukturunda ələ aldığı əsas simalardan biridir və əməllərinə görə indiyə qədər cəzasız qalıb. Artıq onun da zamanı yetişib.

“Evdən işləyən” Məmmədyarov: Azərbaycan üçün, yoxsa Rusiya üçün?

Siyahıdakı ən koloritli fiqur isə keçmiş xarici işlər naziri Elmar Məmmədyarovdur. Azərbaycanın ən önəmli, ən kritik anlarında işə çıxmayan və evdən işləyən Məmmədyarov bu və digər səbəblərdən vəzifəsindən azad edildi. 16 iyul 2020-ci ildə, Tovuz döyüşlərindən sonra yaranan kritik anlarda Azərbaycan Prezidenti onu qovmuşdu.
Sadə insanların iş moduna keçən Məmmədyarov tarixdə “evdən işləyən nazir” kimi qalıb.
Əcaba, Məmmədyarov Rusiyaya da evdənmi işləyirdi?
Yoxsa, Azərbaycanın ən kritik günlərində evdən işləmək elə Rusiyaya işləmək idimi?
Yeri gəlmişkən, Məmmədyarov Rusiya “şpionu” olması iddialarına ən operativ cavab verənlərdən biri oldu. O, “Telegraf” Agentliyinə açıqlamasında deyib:
“Məni Rusiyaya işləməkdə ittiham etmək çox gülməlidir. Elmar Məmmədyarov 5 ildir vəzifədə deyil, görünür, ona görə də məni belə yolla yada salırlar…”
Qeyd edək ki, adları çəkilən şəxslərdən Azərbaycan dilində çətinliklə danışanı da elə Məmmədyarovdur…

Azərbaycan-Rusiya münasibətləri: “soyuq müharibə” dərinləşir

Musavat.com xatırladır ki, Azərbaycan-Rusiya münasibətləri son dövrlərdə heç vaxt olmadığı qədər gərginləşib. Rusiya rəsmiləri, ictimai-siyasi xadimləri və media orqanları Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar.
Bakıdan Qroznıya uçan təyyarənin Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması ilə qarşılıqlı münasibətlər geri dönüşü çətin ola biləcək səviyyədə pisləşib.
Hazırda iki ölkə arasında heç vaxt olmadığı qədər açıq siyasi qarşıdurma, əsl “soyuq müharibə” yaşanır.
Azərbaycan isə bu vəziyyətə adekvat cavab verməyə və Rusiyanın ölkədəki təsir dairəsini məhdudlaşdırmağa çalışır. Bu istiqamətdə Rusiya ilə bağlılığı olan şəxslərin ifşa edilməsi və onların məsuliyyətə cəlb olunması gündəmdədir.
Müşahidələr göstərir ki, proses hələ davam edəcək və Azərbaycanın milli maraqlarını qorumaq üçün gələcəkdə də bu cür addımlar atılacaq.
Chosen
9
6
yenilik.az

7Sources