EN

MƏDƏNİYYƏTİMİZİ DÜŞÜNƏRKƏN... – Eldəniz Quliyev yazır

Hər bir xalqın, millətin, etnosun mədəniyyətinə onun mənəviyyatının tərkib hissəsi kimi baxmaq lazımdır

Qəribədir... İndiyəcən Azərbaycanın milli mədəniyyət konsepsiyası olmayıb və təəssüf ki, bu, bir həqiqətdir. Nədənsə, mədəniyyətə həmişə dar çərçivədən və yalnış baxış bucağından yanaşılıb. Bəlkə buna görədir ki, bu gün qüsurlu nəticə və mahiyyətlər labirintində ilişib qalmışıq...

Azərbaycan zəngin və dəyərli mədəni irsə malikdirmi? Əlbəttə. Bizlər Nizamidən, Füzulidən, Nəsimidən üzü bəri, Şirvani, Axundov, Məmmədquluzadə, Sabir, Zərdabi, Hacıbəyov, eləcə də digər çoxsaylı yaradıcı, maarifpərvər, vətənpərvər, ləyaqətli şəxsiyyətlərin, alimlərin sayəsində böyük və qiymətli mədəni irs ehtiyatlarına sahiblənmişik.

Sual edirəm: Azərbaycan bu gün mədəni ölkədirmi və ya azərbaycanlııar bu gün həqiqətənmi mədənidirlər, doğrudanmı onlar etik davranış qaydalarına əməl edirlər? Təəssüflər olsun ki, yox. Yaxşı, onda bu necə olan işdir ki, zəngin mədəni irsə malik olan bir millətin mədəni səviyyəsi bu gün... qənaətbəxş deyildir?.. İlk baxışda təzadlı səslənir, deyilmi? Əlbəttə, bunu müxtəlif səbəblərlə izah etmək olar, amma məncə, bu “səbəblər”dən ikisini xüsusi vurğulamaq lazımdır.

Əvvəla, yuxarıda qeyd etdiyim kimi, ortada hər hansı mədəniyyət konsepsiysı olmaması səbəbindən biz, zaman-zaman mədəniyyət anlayışını ancaq çalıb-oynamaq, oxumaqla, rəssamlıq, heykəltaraşlıq, tətbiqi sənət, kino, teatr və sair incəsənət növləri ilə məhdudlaşdırmışıq. Bu isə, öz növbəsində, ciddi yanılışlığa yol açmış və mədəniyyət anlayışının budanması, arıtdanması ilə nəticələnmişdir. İndi mədəniyyətin nə olduğunu kimdən soruşsan, şübhəsiz ki, mədəniyyətlə incəsənəti eyniləşdirəcək və öz-özlüyündə haqlı olduğunu düşünəcək. Əslində isə, bu, belə deyil; yəni mədəniyyət bildiyimizdən və qəbul etdiyimizdən daha geniş anlam daşıyıcısıdır. Belə ki, mədəniyyət anlayışı, incəsənət sahələrindən başqa, özündə - təhsil, səhiyyə mədəniyyətini, cəmiyyətin davranış qaydalarını, jurnalist və digər qələm sahiblərinin peşə etikasını, siyasi mədəniyyəti, o cümlədən sənaye, hətta istehsalat və kulinariya və sair mühüm sferaları ehtiva edir. Məncə, bu barədə daha ciddi düşünməyə dəyər...

İkincisi, nədənsə bu gün milli-mənəvi dəyərlər və mental keyfiyyətlər haqqında söhbət düşəndə bir çoxları ağız büzür... Sabahımızın müəyyən dərəcədə dünənimizdən asılı olmasını heç vəclə qəbul etmək istəmirlər. Bu, əlbəttə ki, kökündən səhv yanaşma və psevdo-kreativlik həvəskarlarının xətalı dünyagörüşlərindən irəli gəlir. Anlamaq istəmirlər ki, mənəvi-mental dəyərlər mənəvi və mental xüsusiyyətlərlə eyni məna yükü daşıyan anlamlar deyillər. Xüsusiyyətlər eyni ilə RƏY kimidir - istənilən vaxt onu dəyişmək olar. Dəyərlər isə FAKTdır, – onu, istəsən belə, dəyişmək, inkar etmək olmaz!

Və ən əsası: hər bir xalqın, millətin, etnosun mədəniyyətinə onun mənəviyyatının tərkib hissəsi kimi baxmaq lazımdı. Əks təqdirdə, yanlış labirintlər dəhlizində azıb-itmək təhlükəsi qaçılmaz olur.

Kim bilir, bəlkə elə bu səbəbdəndi ki, bu gün biz, qaynar tavaya düşmüş soyuq su damcısı kimi, cızdağımız çıxa-çıxa bu qədər problemlər, ağrı-acılar yaşamağa məhkum olunmuşuq?! Bəlkə məhz buna görədir ki, milli mədəniyyətin mahiyyətini sırtıq gülüş və həqarətlə dəyərləndirən bir sürü məmurun tapdağı altında haqqımızı, hüququmuzu, ruzimizi tələb etməkdən qorxur, çəkinirik?..

Əsil mədəniyyət “marqansovka” kimidi – bircə çimdiyi bir çən suyun rəngini dəyişir. Əsil mədəniyyətsizlik də eynən!.. Mədəniyyətə layiqincə və obyektiv qiymət verə bilsəydik, yəqin ki, ölkədə bu qədər ədalətsizlik, bu qədər siyasi və vicdan məhbusu da olmazdı. Bu qədər günahsız insan zindan həyatı yaşamazdı, bu qədər çətinliklərlə, əsassız qiymət artımları, məhrumiyyətlərlə, haqsızlıqlarla, yalan və riyakarlıqlarla üzləşməzdik. Çünki cəmiyyət, istər-istəməz, mədəniyyətdən süzülərək durulur, şəffaflaşır!..

Son olaraq, qeyd edim ki, mədəniyyət əbədi - ömür müvəqqətidir! Əbədi olan isə, özünə qarşı həmişə həssaslıq və hörmət tələb edir.

Eldəniz QULİYEV

Chosen
2
hurriyyet.az

1Sources