EN

Cavid Hüseynov eksperiment etdi, məğlubiyyətlə barışdı - REPORTAJ

1/4 final, ilk oyun
Səbail – Qarabağ (Ağdam) 0:1 (0:1)

Səbail: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 3. Dmitri Litvin, 16. Emin Rüstəmov, 20. Mərt Çəlik, 8. Qorka Laruçça (96. İlkin Muradov, 67), 5. Gitay Sofir, 10. David Qomis (7. Madi Queta, 67), 77. Fərid Nəbiyev (14. Suleyman Alluş, 67), 11. Rüfət Abdullazadə (22. Mirabdulla Abbasov, 81), 97. Oruc Məmmədov (19. Samir Abdullayev, 56).
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 18. Süleyman Əhmədov, 88. Hacıəli Şirəliyev, 99. İnnosent Nşuti, 4. Marko Nikoliç.
Məşqçi: Elvin Məmmədov.

Qarabağ: 99. Mateus Koxalski, 44. Elvin Cəfərquliyev (29. Marko Veşoviç, 90+3), 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 30. Abbas Hüseynov (55. Bədavi Hüseynov, 24), 10. Abdulla Zubir (k) (11. Emmanuel Addai, 90+3), 8. Marko Yankoviç, 66. Patrik Andrade (24. Aleksey İsayev, 76), 21. Aleksey Kaşuk, 7. Yassin Benzya, 90. Nəriman Axundzadə (22. Musa Qurbanlı, 76).
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 20. Riçard Almeyda, 81. Kevin Medina, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

Qol: Y.Benzya, 35.
Vərəqələr: M.Çəlik, 8 (qeyri-idman hərəkəti). M.Yankoviç 88 (hakimin qərarına etiraz). B.Hüseynov, 90+1 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RAUF CABBAROV, Zöhrab Abbasov, Teymur Teymurov, Kamranbəy Rəhimov (hamısı Bakı).
VAR hakimi: Rauf Allahverdiyev (Bakı).
VAR hakiminin köməkçisi: Kamran Bayramov (Bakı).
Hakim-inspektor: Rəhim Həsənov (Bakı).
AFFA nümayəndəsi: İlham Əliyev (Bakı).
6 fevral. Bakı. “ASCO Arena”. 800 tamaşaçı.
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.

Çempionatın lideri ilə aşkar autsayderi qarşılaşırsa, hansısa intiqa gözləməyə dəyərmi? Təbii ki, dəyməz! Amma kubok oyunlarının gözəlliyi ondadı ki, futbolçular meydana fərqli motivasiya ilə çıxır, hər cür sürpriz mümkündü.

Düzdü, əsas oyunçularından Queta, Alluş və Nşutini ehiyatda saxlayan Cavid Hüseynov da intriqanın ölməsinə “töhfə verdi”, yalnız 2-ci hissədə bu futbolçuların ikisini meydana buraxdı. Ona qədər isə meydanda maraqlı hadisələr baş verdi.

“Səbail”in qapıçısı Hüseynəli Quliyev 4-cü dəqiqədə Zubirin, 10-cu dəqiqədə Yankoviçin zərbəsinin qarşısını ustalıqla qaldı, Patrikin 24-cü dəqiqədəki zərbəsi isə əvvəlkilər qədər təhlükəli deyildi. “Səbail”in ilk ciddi hücumunu 25-ci dəqiqədə izlədik. Fərid Nəbiyevin ötürməsindən sonra cərimə meydançasına daxil olan Oruc Məmmədov Koxalski ilə mübarizədə yerdə qaldı və penalti istədi. Mənə elə gəldi ki, gənc hücumçunun həmin epizodda penalti “almağa” təcrübəsi çatmadı. “Dənizçilər”in bu hücumu “Qarabağ” üçün həyəcan təbili rolunu oynadı. Ağdamlılar elə gözəl hücumla hesabı açdılar ki, baxmaq üçün iki yox, dörd göz lazım idi.

35-ci dəqiqədə cinahda Mərtin başını gicəlləndirən Zubir cərimə meydançasının qövsü yaxınlığında qərarlaşan Yankoviçə ötürmə verdi, monteneqrolu topu ona zərgər dəqiqliyi ilə qaytardı. Abdulla bu dəfə müdafiəçilərin gözündən yayınan Benzyanı topla təmin etdi. Sonuncuya isə 10 metrdən incə zərbə vurmaq qaldı. Benzya məhz belə zərbə vurdu, Hüseynəli topa toxunsa da, komandasını xilas edə bilmədi.

Çox güman, “Səbail”in hissənin sonunda vurduğu qol qeydə alınsaydı, 2-ci hissə daha maraqlı keçəcəkdi. Deməli, 41-ci dəqiqədə Qomis sol cinahdan cərimə meydançasına ötürmə verdi, boş mövqedə qalan Rüfətin zərbəsini Koxalski qaytardı, Oruc təkrar zərbə ilə topu tora göndərdi, ancaq laysmanının bayrağı dərhal havaya qalxdı. Videotəkrarda Qomisin ötürmə alarkən ofsaydda olduğu görünür.

2-ci hissə başlayan kimi Nərimanın qolu da eyni səbəbdən qeydə alınmadı. 60-cı dəqiqədə isə Cəfərquliyev – Zubir – Andrade kombinasiyasını sonuncu gözəl zərbə ilə bitirsə də, qapıçı yerində idi. Görünür, artıq bu “Qarabağ”la ən azı heç-heçə etməyin mümkünlüyünü anlayan Cavid Hüseynov 67-ci dəqiqədə həm meydana üç yeni oyunçu buraxdı, həm də taktiki dəyişikiyə əl atdı. Maraqlıdı ki, Alluş cinahda yox, yarımhücumçu mövqeyində qərarlaşdı. 74-cü dəqiqədə məhz o, bərabərlik qolu üçün əlindən gələni etdi. Alluşun penalti nöqtəsi üzərinə ötürməsini Samir Abdullayev zərbə ilə tamamladı, qapıçıdan dönən topu Rüfət Abdullazadə tora salmağa borclu idi. Ancaq bacarmadı.

88-ci dəqiqədə daha bir maraqlı hadisə baş verdi. Sofir ara ötürməsi ilə Quetanı hücuma qoşdu. Belə hallarda, adətən, reaktiv sürət yığan Madini Yankoviç kobudluqla dayandırdı. Markonun topa yox, futbolçuya təması aydın görünürdü, elə hadisəyə yaxın olan Rauf Cabbarov da dərhal penalti nöqtəsini göstərdi. Ancaq sonra VAR kamerasına baxdı və qərarından döndü. Şəxsən mənə, güman edirəm ki, bu epizodu izləyən hər kəsə şübhəli qərar kimi göründü. Beləliklə, minimal hesabı qoruyan “Qarabağ” yarımfinala vəsiqə yolunda ilk addımı atdı.

Gözdən qaçmadı
* Cavid Hüseynov cəzalı olduğuna görə oyunu tribanadan izləyirdi. Ancaq buna cəza demək mümkünsə... O, düz komandasının ehtiyat oyunçular skamyasının arxasında qərarlaşmışdı, daim futbolçulara göstəriş verirdi.
* 19-cu dəqiqədə Abbas Hüseynov adi bir hərəkət zamanı zədələndi. Məşqçilər heyətinin Marko Veşoviç, yoxsa Bədavi Hüseynov mövzusunda çox düşünməsinə, ya nəyə görəsə ikincinin meydana çıxması 4 dəqiqədən də artıq çəkdi.
* Qurban Qurbanov azyaşlıların avtoqraf almaq arzusunu gözündə qoymasa da, “Qarabağ”ın əcnəbi ulduzları onların adını səsləyən uşaqlara çox laqeydlik göstərdi.
* Rauf Cabbarov bir epizodda topa toxunsa da, oyunu dayandırmadı, daha iki epizodda isə heç bir ehtiyac olmadan fitini səsləndirdi, futbolçuların mübarizəni davam etdirməsinə imkan vermədi.
* “Səbail”in müdafiəçisi Emin Rüstəmov 85-ci dəqiqədə zədə üzündən əvəzlənməsini istəsə də, komandası artıq dəyişiklik limitini doldurduğuna görə bu mümkün olmadı. Belədə Emin sona qədər meydanda qalmağa məcbur idi.
* “Qarabağ”ın köhnə-yeni transferi Kadi stadiona gəlməmişdi. Sonradan aydın oldu ki, braziliyalı müqaviləyə imza atandan dərhal sonra Macarıstana – ailəsini gətirməyə yollanıb. Amma onun qeydiyyatı yolunda hansısa problem yoxdu.
* “Səbail”in oyundan əvvəl jurnalistlərə təqdim etdiyi protokolda start heyətində 83 nömrəli Nihad Quliyevin yer alacağı göstərilsə də, o, meydana çıxmadı, 5 nömrə altında Gitay Sofir oynadı.

ORXAN

Chosen
13
football-plus.az

1Sources