EN

“Santos”un sabiq oyunçusu “Neftçi”dən nə alacaq?

Dünən səhər saatlarında “Neftçi”dən verdiyimiz transfer xəbəri doğruldu: klub gecə saatlarında daha bir futbolçunun keçidini rəsmiləşdirdi.

Braziliyalı sağ vinger Aleks Fernandes artıq “Neftçi” ailəsinin üzvüdür.

11 nömrəli formanı geyinəcək 22 yaşlı legioner “Baltika”dan bu mövsümün sonuna kimi icarəyə götürülüb.

Razılaşmaya görə, icarə müddəti sonradan daha 6 ay uzadıla bilər.

Aleks Braziliyada “Atletiko Mineyro” və “Santos”un U-20 komandalarında çıxış edib, 2022-ci ildə isə Bolqarıstan “Çerno More”sinə keçib.

2024-cü ilin fevralından şərəfini qoruduğu “Baltika”nın heyətində Rusiya birinci liqasında cari mövsüm meydana çıxdığı 15 oyunda 3 qola imza atıb.

"Transfermarkt" portalında onun dəyəri 800 min avro göstərilib. Klublar arasındakı anlaşmada satınalma bəndi yer almayıb.

Yunanıstana yollanan Kilian Lebonun yerinə alınan cənubi amerikalı “Neftçi“də ən bahalı əcnəbi olmayacaq. "Sambaçı" burada keçirəcəyi hər ayın sonunda 10 min dollardan bir qədər əməkhaqqı alacaq.

Aleksin çıxışı Samir Abasovun ürəyincə olsa, iyulda icarə müqaviləsinin müddəti dekabrın sonunadək uzadılacaq və bu zaman onun məvacibi daha da artırılacaq.

SPORTİNFO.AZ

Chosen
21
sportinfo.az

1Sources