Mənzillərin satışında qeyri-şəffaflıq - bank işçiləri əvvəldən aldıqları “şapka” müqabilində evləri tanıdıqları şəxslərə satırlar
Azərbaycanda adi və güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna başlanılıb.
Referans.az-ın xəbərinə görə, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun yaydığı məlumatda bildirilib. Qeyd edilir ki, 6-7 fevral tarixlərində adi ipoteka kreditləri üzrə 1 337, güzəştli ipoteka kreditləri üzrə isə 586 müraciət qeydə alınıb. Fevralın 7-dən həm də güzəştli ipoteka kreditləri üzrə vətəndaşların müraciətinə start verilib. Müraciətlərin qəbulu “Elektron ipoteka və kredit zəmanət ”sistemi (www.e-gov.az) üzərindən SİMA Token (Elektron İmza) və ya “Asan İmza” vasitəsilə həyata keçiriləcək.
Yada salaq ki, bir neçə ay öncə İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsində dəyişiklik edilmişdi. Prezident İlham Əliyevin fərmanına əsasən, fondun nizamnamə kapitalı artırılıb və 980 milyon 700 min manatdan 1 milyard 68 milyon 400 min manata qaldırılıb.
Qeyd etmək yerinə düşər ki, ildən-ilə vətəndaşların ev əldə etmələrində ciddi problemlər yaşanır. Bir tərəfdən mənzillərin qiyməti getdikcə bahalaşır, digər tərəfdən də bir sıra əngəllər ucbatından vətəndaşlar ipoteka ilə ev almaqda çətinlik çəkirlər. Əhali əsas problemi ipoteka kreditlərinin şərtlərinin ağır olması və hər kəsə şamil edilməməsi, eləcə də bir sıra məhdudiyyətlərin tətbiq edilməsində görür.
Güzəştli ipoteka kreditlərinin əlçatan olmaması isə insanların yaralı yeridir. Misal üçün, bundan əvvəl MİDA-nın mənzil satışı zamanı problemlər yaşandı. Rəsmi açıqlamaya görə, 35 saniyə ərzində 544 mənzil satılıb. İştirakçılar isə deyirlər ki, 8-10-cu saniyədə evlər artıq alınmışdı. Bəziləri də qeyd edir ki, satış elan olunan zaman texniki problemlərlə üzləşmişdilər.
Həm adi, həm də güzəştli ipoteka ilə bağlı başqa iddialar da var. Qeyd edilir ki, mənzillərin satışında qeyri-şəffaflıq hökm sürür. Belə ki, bank işçiləri əvvəldən aldıqları “şapka” müqabilində (məbləğin 10 min manat olduğu deyilir) evləri tanıdıqları şəxslərə satırlar. Ona görə də satış elan olunan kimi sıravi vətəndaşlar ev ala bilmirlər.
İqtisadçı Akif Nəsirli mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, bu sistemin şəffaflığı heç kimə məlum deyil: “İstifadəçi əmin deyil ki, bu sistem şəffafdır. Buna nəzarət etmək, onun şəffaflığını müəyyən etmək, hətta ölçmək mümkün deyil. Hesab edirəm ki, ilkin olaraq MİDA püşkatma keçirə bilər. Nə qədər adam müraciət edibsə, onların növbəsini müəyyən edə bilər, ondan sonrakı mərhələdə də müraciət edənləri dalbadal növbəyə yazıb, satışı həyata keçirə bilər. Bu halda sistemdə kim hansı naqisliyə yol verəcəksə, bu aydın görünəcək. Misal üçün, mən 82-ci adamamsa, məndən əvvəlkini də, sonrakını da tanıyacağam. Mənzillər veriləndə də aydın olacaq ki, mənə qədər olan şəxslər mənzil alıb. Kənardan kimsə müdaxilə etməyib. Bu ən real variantdır. İndi isə qəsdən sistemi güvənsiz formalaşdırırlar. Eyni anda kütləvi şəkildə müraciətlərin gəlməsi sistemi çökdürür. Bu hər dəfə təkrar olunur. Bundan heç bir nəticə də çıxarmırlar”.
İcra hakimiyyətləri ləğv edilməli, idarəetmə yenidən qurulmalı, hamının fəaliyyəti ölçülməlidir" - MÜSAHİBƏ - FED.az
Asif İbrahimov
Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Bu məsələ ilə bağlı bir sıra boşluqlar var. Fondun saytına baxsanız görərsiniz ki, 16 il ərzində yalnız 52 min adam ipoteka ilə ev alıb. Bu da Azərbaycan əhalisinin heç 1 faizini təşkil etmir. Kirayə mənzili isə 4-5 min adam alıb, 3-4 ay əvvəl. Ümumilikdə heç 60 min adam etmir. Bu, həqiqətən də narahatlıq yaradan məsələdir. Niyə orta statistik Azərbaycan vətəndaşı mənzil şəraitini dövlət tərəfindən yaradılmış imkanlarla yaxşılaşdıra bilmir. Burada bir çox problemlər ola bilər. Birincisi, qanunvericilikdə bununla bağlı olan boşluqlardır, eləcə də tələb olunan sənədlərdir. Vətəndaşın qayınanasının metrikasını istəyirlər. Məhkumluq haqqında arayış də sənədlər arasında var. Həbsdən çıxmış Azərbaycan vətəndaşı mənzil almamalıdırmı?! Eləcə də, 15 il bundan qabaq Azərbaycan vətəndaşına ayrılan əməkhaqqına görə ayrılan 60 min manatla vətəndaş Əhmədlidə, Neftçilərdə birotaqlı, ikiotaqlı ev əldə edə bilərdi. Artıq qiymətlər 2-3 dəfə bahalaşdığına və gəlirlər də o mütənasibdə artmadığına görə ciddi problemlər yaşanır. Fikrimcə, qanunvericilikdə olan baryerlər, eləcə də əmlak qiymətlərinin artması İpoteka Zəmanət Fondunun saytında ev alanların sayında özünü əks etdirir. Bir daha təkrar edirəm, Azərbaycan əhalisinin heç 1 faizi etmir o rəqəmlər”.
Qeyd edək ki, 2024-cü ildə İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 439,8 milyon manat həcmində 4685 ipoteka krediti verilib. Bunun 357,7 milyon manat məbləğində 3609-u adi ipoteka krediti, 82,1 milyon manat məbləğində 1076-sı isə güzəştli ipoteka krediti olub. Ümumilikdə, 2006-2024-cü illərdə fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 3,31 milyard manatı keçib ki, bu da 52 530-dan çox ailənin öz mənzil şəraitini yaxşılaşdırmasına imkan verib.
Fonddan bildirilir ki, onun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 faizini gənclər və gənc ailələr təşkil edib. Kreditlərin cəmi 22 faizə yaxını regionların payına düşüb: “Dövr ərzində ipoteka bazarında müvəkkil banklar arasında rəqabət mühitinin gücləndirilməsi təmin edilib, ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsinin illik 8 faiz müəyyən olunmasına baxmayaraq, bir sıra banklar tərəfindən daha aşağı faiz dərəcələri ilə (6-7 faiz) ipoteka kreditlərinin verilməsi davam etdirilib. Nəticədə, 2024-cü ildə adi ipoteka kreditləri üzrə orta illik faiz dərəcəsi 7,4 faiz təşkil edib."