EN

Sülhü bölgədə yox, uzaqda axtarmaq fitnəsi

Yaxud Ermənistan baş nazirinin siyasi jurnalistikaya “qayıdışı”

Görünür, evin içində və çölündə danışmaqdan yorulan Nikol Paşinyan bu dəfə qələmə güc verib. Toxunduğu konkret mövzulara, qələmə aldığı siyasi tezislərin əhatə dairəsinə görə Nikol Paşinyanın məqaləsində maraq doğuran məqamlar az deyil. Keçmiş jurnalist təcrübəsindən yararlanmağa çalışan Paşinyan siyasi ritorika ilə zəngin üç səhifəlik məqaləsində deyir: “Azərbaycan getdikcə diqqəti daha çox bu tezis üzərinə yönəldir ki, Ermənistan silahlanır və hücuma hazırlaşır.

Deməli, Azərbaycanın özünü müdafiə etmək və qabaqlayıcı tədbirlər görmək haqqı var. Rəsmi Bakının ritorikasının bu tezislərini bir qədər yığcam və sadə şəkildə təkrar etsək, hər şey aşağıdakı anlama gəlir: Ermənistan Azərbaycana hücuma hazırlaşır, ona görə də Azərbaycanın Ermənistana hücum etməsi daha yaxşı olar”.

Həmişə olduğu kimi, bu dəfə də Ermənistan baş nazirinin yazılı açıqlamasında populizm elementləri var. Fəqət, onu da qeyd etməliyik ki, Paşinyanın məqaləsində dinamika da hiss olunur. O, buna qədərki mövqeyinə yenidən baxır, bəzi məqamlarda rasional yanaşma nümayiş etdirir; Azərbaycanın gözləntilərini inkar etmir. Bakı üçün bunlar kifayət deyil. Ona görə ki, Paşinyanın mövqeyində hələ də tam aydınlıq yoxdur. Əgər aydınlıq olsaydı, müharibədən dəm vurmaz, sülhə ikiüzlü yanaşma sərgiləməzdi. Azərbaycanın mövqeyini Prezident İlham Əliyev 2025-ci il yanvarın 7-də yerli telekanallara müsahibəsində dəqiq ortaya qoydu. Azərbaycan daha nəyisə dəyişmək fikrində deyil. Çünki top Ermənistanın meydançasındadır.

Paşinyan məqalədə qoyduğu sualı özü cavablandırır: “Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? Neytral müşahidəçi qeyd edə bilər ki, Ermənistan hökuməti bu məsələ ilə bağlı şərhə yer buraxmayıb. Mən dəfələrlə bəyan etmişəm və indi də aydınlaşdırmağı zəruri sayıram ki, Ermənistan 2022-ci il oktyabrın 6-da Praqada Ermənistan və Azərbaycanın Alma-Ata Bəyannaməsinin prinsipləri əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması barədə strateji razılaşmaya sadiqdir. Yəni, Ermənistan Azərbaycan SSR ərazisi daxilində Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini, Azərbaycan isə Ermənistan SSR ərazisi daxilində Ermənistan Respublikasının ərazi bütövlüyünü və suverenliyini tanıyır”.

Ola bilsin ki, Paşinyan bunu deyərkən Bakıya hər şeyi “sıfırdan başlamaq” təklifində səmimidir. Ən azı ona görə ki, təklifin motivləri başadüşüləndir. Paşinyan ölkəsini Qərb strukturlarına – NATO və Avropa Birliyinə inteqrasiyaya yönəltməyə çalışır. Bunun üçün Türkiyədən sərhədi açmaq və buradan Avropaya daha qısa marşrutla mal idxal etmək üçün Ankara ilə münasibətləri yaxşılaşdırmaq onun üçün faydalıdır. Həmçinin gələcəkdə Ermənistanın NATO-ya daxil olması məsələsi ortaya çıxanda Türkiyənin dəstəyinə ehtiyac yaranacaq. İntəhası, ikitərəfli əlaqələrin bərpası üçün Ankara ortaya ciddi şərt qoyub: Bakı ilə münasibətləri normallaşdırsın. Deməli, Paşinyanın Azərbaycanla sülh müqaviləsini imzalamaq üçün motivi var. Amma, o, ümidlərini Ermənistan–Azərbaycan münasibətlərinə deyil, daha çox Ermənistan–Türkiyə əlaqələrinin bərpasına bağlayır. Bu səbəbdən sülhü unutdurmaq, “iz azdırmaq” üçün xaricə səfərlərini intensivləşdirib.

Milli Məclisin deputatı, politoloq Asim Mollazadə mövzu ilə bağlı XQ-yə açıqlamasında Paşinyanın özəl cəhətlərindən biri kimi ora-bura qaçmasına, getdiyi yerlərdə isə fərqli açıqlamalar verməsinə diqqət çəkdi: “Vaşinqtondan yeni qayıdıb, ardınca Parisə getdi, daha sonra Moskvaya səfər etməlidir. Paşinyan hara gedirsə, orada yeni tezislər irəli sürür, “təzə mahnılar” oxuyur. Hətta eyni günün içində bir-birinə zidd açıqlamalarla çıxış edir. Hayların baş naziri bütün buları ona görə edir ki, sülh sazişini imzalamaqdan qorxur. Ona görə ki, o, revanş xəyallarından əl çəkməyən, müharibə istəyən diaspordan çəkinir. Eləcə də daxildəki birləşmiş müxalifətdən, Qarabağ klanından, keçmiş hakimiyyət mənsublarından, o cümlədən Rusiyadan ehtiyat edir. Və o, düşündüyü oyunları oynamaqla, bir-birini təkzib edən bəyanatlar verməklə hamını aldada biləcəyini zənn edir. Bu zaman sülhə doğru real addımlar atmağa siyasi iradəsi çatmır. Çünki bunu ona imkan verməyən qüvvələr kifayət qədər güclüdür. Yəni, Ermənistanın baş naziri sülhdən ağızdolusu danışır, amma ona tərəf getmir. Güman edirik ki, Nikol Paşinyanın bu ikibaşlı oyunlarının müəyyən məqamda opponentləri tərəfindən faciəyə çevrilməsi də istisna deyil. Belə olan halda Paşinyan hakimiyyətini itirə bilər.

Hazırda Ermənistanın daxilində də mübarizə gedir. Bundan başqa, xaricdəki erməni diasporların öz içərilərində problemlər yaşanmaqdadır. Ermənistan–diaspor problemi kifayət qədər ciddi şəkil alıb. Səbəb odur ki, onların məqsəd və hədəfləri heç də üst-üstə düşmür. Bunun nə ilə nəticələnəcəyi məlum deyil. İndi onu deyə bilərik ki, əgər Ermənistan Azərbaycana qarşı hansısa formada hərbi təxribata yol verərsə, bu halda ölkənin mövcudluğu sual altında qalacaq. Bu ölkə dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşə bilər”.

* * *

Belə məlum olur ki, Ermənistan–Azərbaycan münasibətləri, əslində, Paşinyan üçün önəmli deyil, haradasa Avroatlantik strukturlara inteqrasiya prioritet sayılır. Çünki üçüncü qüvvələrin sərhəddə yerləşdirilməsi Bakı üçün qəbuledilməzdir. Məntiqlə, ən azı, Ermənistan sərhədində xarici qüvvələrin olmaması ilə razılaşmaq məqsədəuyğun olardı. Sonda tam aydındır ki, Azərbaycan tərəfindən hətta eskalasiyaya heç bir eyham olmadığı halda, sərhəddə vəziyyətə nəzarət etməyə ehtiyac yoxdur. Və bütün oyunçular yaxşı bilirlər ki, Avropa İttifaqının mülki müşahidə missiyası iki ölkənin şərti sərhədində şübhəli işlərlə məşğuldur.

Nikol Paşinyan məqaləsində iddia edir ki, Praqada əldə edilən razılaşmaların əksinə olaraq, Azərbaycandan ən yüksək səviyyədə Ermənistanın ərazi bütövlüyünü şübhə altına alan bəyanatlar səsləndirilir: “Bu bəyanatlar ən dolğun şəkildə ali rəhbərliyin himayə etdiyi “Qərbi Azərbaycan”ın diskursunda öz əksini tapıb. Bu eyniadlı təşkilatın təsis sənədlərində Ermənistan Respublikasının suveren ərazisinin təxminən 60 faizi hazırda Ermənistanın nəzarətində olan ərazilərdir. Yaxud “Ermənistan Respublikası” adlanan siyasi-hüquqi vahidin nəzarətində olan ərazilər”.

“Real Ermənistan”ın tarixinə yaxşı bələd olan hayların baş naziri soydaşlarımızın məhz Qərbi Azərbaycandan hansı dönəmlərdə və nə səbəbə deportasiya olunduğunu da bilməmiş deyil. Bakının milyardlarla dollar dəyərində silah alması “faktını”, bunun müqabilində aqressiv ritorikasını məqaləsində qeyd edən Paşinyan Azərbaycanda Ermənistanın təhlükəsizliyinə “real təhdidlərin” yarandığından bəhs edir: “Bu vəziyyətin həlli yolları masa üzərindədir və onlar Ermənistan və Azərbaycan nümayəndələrinin birgə işi nəticəsində hazırlanıb”.

Bunun ardınca hay baş nazirin özünütəkzib qeydləri başlayır: “Sülh müqaviləsinin artıq razılaşdırılmış maddələri nəinki bir-birinə qarşı ərazi iddialarının olmaması, həm də gələcəkdə belə iddiaların əmələ gəlməməsi məsələsini tamamilə həll etdi. Sülh müqaviləsinin imzalanması bir-birinə qarşı ərazi iddiaları irəli sürən Ermənistan və Azərbaycanın üzünə Praqada onsuz da bağlanmış qapıları həmişəlik bağlayır”.

Məgər Bakı bundan fərqli təkliflər verib? Baş nazir Paşinyanın Ermənistan daxilində çoxlu siyasi düşməninin olduğu yeni fakt deyil. Köçəryan və Sarkisyanın ətrafında cəmləşmiş Qarabağ klanı ən təhlükəli qüvvədir. Paşinyan bu klandan qurtulmaq istəsə də, nədənsə Qarabağ separatçılarının başçılıq etdiyi bu hərbi cinayətkar dəstənin rəhbərlərinin Bakıya ekstradisiya perspektivindən danışmır. Əgər, o, bu addımı atarsa, onda Azərbaycan ilə Ermənistanın əvvəlki İrəvandan həqiqətən ayırmaq istədikləri müasir İrəvan arasında münasibətləri yaxşılaşdırmaq üçün məntiqli siyasi sövdələşmə olardı.

Maraqlıdır ki, bu kontekstdə keçmişin illüziyalarından imtina etməyə qərarlı görünən, “real Ermənistan” konsepsiyasını hazırladığını bəyan edən Paşinyan bu istiqamətdə hələ də konkret addım atmayıb.

* * *

“Görünən odur ki, Nikol Paşinyan özünün Qərbyönlü bəyanatları ilə Rusiyadan daha da uzaqlaşmaq istəyir, amma bununla həm də Kremli qıcıqlandırır”.

Bu fikrin müəlifi, Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov hesab edir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin bununla bağlı açıqlaması təsadüfi deyil: “Qaluzin bəyan edib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi Qərbin təklif etdiyi platformalarda imzalana bilməz. Əslində, bu, Paşinyana ünvanlanmış bir işarədir. Yaranmış vəziyyətdə məhz dediyimiz səbəbdən İrəvanla Moskva arasında yeni gərginlik dalğasını müşahidə etməkdəyik. Ermənistan baş nazirinin son bəyanatları, xüsusilə soyqırımı barədə yeni açıqlaması Kremlin əsəblərini tarıma çəkib.

Paşinyanın bəyan etdiyinə görə, 1939-cu ilə qədər “soyqırımı” məsələsi gündəmdə olmayıb. Yalnız İkinci dünya müharibəsindən sonra ictimai rəyə sırınan bu mövzu Türkiyənin NATO-ya daxil olması ilə birbaşa bağlı idi. Şübhəsiz ki, bu, Moskvanı çox narahat edən tezislərdən biridir. Eyni zamanda, hiss olunur ki, kənarda özünə dəstək axtarışına çıxan Paşinyan Vaşinqtonda ictimai xadimlərlə görüşdü və indi də Fransaya gedib. Yəqin onlardan da yardım umacaq. Amma üz tutduqları ünvanların ona nə dərəcədə kömək edəcəkləri hələ məlum deyil. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Paşinyan bizim sülh şərtlərimizə əməl etsin. Bakının şərtləri beynəlxalq hüquqa, ədalət prinsipinə əsaslanan şərtlərdir. Ermənistan konstitusiyasına dəyişikilik, sərhədlərin delimitasiya və demarkasiyanın aparılması, hələ də işğal altında qalan kəndlərin qaytarılması, Zəngəzur dəhlizinin açılması. Bu, Azərbaycanın açıq şəkildə nümayiş etdirdiyi mövqedir. Hayların baş naziri gec-tez bunlara əməl edəcəyini yaxşı başa düşür. Əks-təqdirdə sülh müqaviləsi bağlana bilməz”.

Nikol Paşinyanın sözlərinə görə, “sülh müqaviləsi imzalanmağa yaxındır, sadəcə, siyasi iradə nümayiş etdirmək qalır”. Hayların baş naziri canlı şahiddir ki, Bakının siyasi iradə məsələsində heç vaxt problemi olmayıb. İntəhası, əvvəlcə aydınlaşdırmaq lazımdır ki, Nikol Paşinyanın sözlərinə etibar etmək olar, yoxsa yox?

Sonda ümumiləşdirərək, bir daha qeyd etmək istərdik ki, Nikol Paşinyanın nə dediklərinə, nə də yazdıqlarına etibar etmək olar. Amma sülhə tərəf yalandan əl-qol atmaması üçün onu evinəcən qovmaq daha məqsədəuyğundur: kənarda sülh axtarışlarına son qoyması üçün. Müdriklərdən birinin dediyi kimi, siyasi avantüristlər sıxılmış vəziyyətdə məntiqli və adekvat davranır, hər şeyə imza atırlar. Paradoksal səslənsə də, ikitərəfli münasibətləri normallaşdırmaq üçün, bu, ən optimal variantlardan biridir...

İmran BƏDİRXANLI,
XQ

Chosen
4
xalqqazeti.az

1Sources